şənbə, 5 dekabr 2020

ŞOU STİLİNDƏ BİZNES, yoxsa təəssüratlar marketinqi?..


Teymur Məmmədov


857

Marketinq onunla seçilir ki, gənc və sürətlə boy atan fəaliyyət sahəsidir. Onun əsas hədəfi malın satışına və xidmətin göstərilməsinə əlavə boya qatmaqdır. Yağını çox edəndə sıyığın dadı qaçmaz.

Ənənəvi reklam çarxları...

Sığallanmış kadrlar, bəxtəvər sifətlər, butofor məhsullar...

Bütün bunlar TV reklam blokları axını ilə insanlara cansıxıcı görünür. Kanalları tez-tez dəyişirlər. Malı, məhsulu və xidməti zorla təşviq edirlər kimi düşünürlər və mənfi reaksiya nümayiş etdirirlər.

Amma ölkə ərazisində internetin sürət səviyyəsinin qənaətbəxş olmaması və qiymətlərin yüksək olması da TV-nin bir video format daşıyıcısı olaraq mobil daşıyıcılara keçidin tempini əngəlləyir. İstər-istəməz TV-nin dominantlığını saxlayır. Gün ərzində ölkəmizdə insanlar 3 saat 30 dəqiqədən çox TV qarşısında keçirilər.

Əgər TV formatında ənənəvi reklama baxılmırsa, deməli, alternativlər araşdırılmalıdır. Sosial media və internetdə reklamların izlənilməsi də satışdan çox tanıtımaya xidmət edir, üstəlik də insanlarda internetə, bir informasiya mənbəyi kimi, güvənin yüksək olmaması reklama da mənfi təsir göstərə bilir.

Əslində insanlar indiki halda ənənəvi marketinq gedişlərindən çox usanıblar, internet üzərindən gələn reklamlara isə tam güvənmirlər. SMM-lər bir-birini yamsılayır, ayrı-ayrı uğurları nəzərə almasaq, ölkə miqyasında kreativin tətbiqi hələ istənilən səviyyədə deyildir, təkrarçılıq üstünlük təşkil edir.

Təbii ki, bu hal özü-özlüyündə də təbiidir. Lokalda internet üzərindən reklam tamamilə yeni bir inkişaf səmtində addımlayır, ölkəmizdə uğurların yaxın gələcəkdə çox olacağı şübhə doğurmur, gənc kadrlar yetişir, onların peşə səviyyəsi yüksəlir, sahələr üzrə ixtisaslaşma dərinləşir.

Marketinq gəncdir, odur ki, dinamikdir, mütəhərrikdir, çevikdir, daim axtarışdadır, ənənələri yaşadır, yeni yollar arayır, effektivliyin yüksəldilməsini daim diqqət mərkəzində saxlayır ki, həm mal və xidmətin satışını istənilən səviyyəyə çatdıra bilsin, həm də mal və məhsulun imicini qorusun, müştəri məmnuniyyətini yüksəltməyə nail olsun, təklif etdiyi məhsulun istehlak dəyərini yüksəldə bilsin.

Bu baxımdan diqqəti cəlb edən bir fərqli yanaşma var. O, ilk dəfə məhz Bernd Şmitt tərəfindən təklif olunmuşdu. Öz qaynağını «şou-biznes» ifadəsindən alan tam yeni bir termindir. Biznes sahəsinə təsir baxımından ciddi əhəmiyyət daşıyır. «Şou stilində biznes» kimi qəbul olunan bu ifadə əslində təəssüratlar marketinqi kimi daha çox tanınır və satışa ciddi təkan verən alət kimi sevilir.

Mayasında və ruhunda kreativ, yumor və oyunlar dayanan bu kommunikasiya resursu əslində təəssürat yaradaraq, insanı konkret mal və xidmətə qırılmaz tellərlə bağlayır, sonra isə möhkəm loyallıq yaradır, satışa nəzərəçarpacaq səviyyədə dəstək vermiş olur.

Eşitməmiş olmazsınız. Belə bir gözəl ifadə var. İlk təəssüratı təkrar yaratmaq mümkün deyil. Bax, şou stilində təəssürat yaradılması əslində mal və xidmətə bağlantını konkret xoş təəssürat slaydları ilə hafizələrə həkk edir. İnsanın təsəvvüründə və yaddaşında müsbət emosiyalarla bağlı bir mənzərə kök salır. Bu da insanın yaddaşında mal və məhsul barədə isti duyğuları oyatmaqla alış-veriş zamanı qərar qəbulunda müsbət təkanverici rol oynaya bilir.

Nə satırsınız satın, hansı xidməti göstərirsiniz göstərin, fərq etmir, müştəriyə xoş gəlməlisiniz, obrazınız müsbət emosiyalar doğurmalıdır, reklam çarxı ilə birtərəfli darıxdırıcı bağlantı əvəzinə interaktiv, güclü təəssüratlar doğuran iki və çoxtərəfli bağlantı yaradılmalıdır, hədəf kütlənin və məhsulun arasında qravitasiya güclənməlidir, malın cazibəsi qat-qat artmalıdır.

Bir yönümlü kommunikasiya mal və xidmət təklif edən marka və şirkətlərinin personalının da ruhunu yüksəldir, işçilərin təşəbbüskarlığa meylini gücləndirir, əməkdaşları daha yaxşı xidmətə səfərbər edir. Üstəlik, korporativ təəssüratlar marketinqi də mövcuddur ki, bu həm «daxili» və həm də «xarici» formatda həyata keçirilə bilir.

Əslində təəssürat mədəniyyətində marketinq kimi şərtləndirilən şou stilində biznesin dörd əsas xüsusiyyəti ekspertlər tərəfindən önə çəkilir. Bunun da tam məntiqli olduğuna biz də həvəslə qoşuluruq.

Şirkətlərin biznes fəaliyyətinin şou stili kimi xarakterizə edilən addımlarında bu özəlliklər vardır və bunu Şmitt və onun həmkarları dönə-dönə təşviq və təlqin edirlər. Çünki təcrübədə sınanılmış konkret effektiv nəticələrə əsaslanırlar.

Birinci özəllik əyləncədir. Bu gün texnoloji inkişaf əyləcələri inanılmaz fərqliliyə və böyük təəssüratlar oyatmağa kökləyə bilir. Biz nəyə görə təəssürat sözünə daha geniş yer veririk? Əvvəlan, ona görə ki, biz əslində mal və ya xidmətin özünü satmırıq və almırıq. Bizim aldığımız şey bu və ya digər məhsulun bəxş etdiyi təəssüratdır. Bundan sonra alışqanlıqlar və loyalıq gəlir. İkincisi, yaxşı əhval-ruhiyyə yaradan hər-hansı bir addım və ya jest hələ təcrübədə mənfi nəticə verməyib. Duyğularla ehtiyatla davranmalıyıq. Çünki insan mənfi hisslərə də məruz qala bilir. Qorxu, həyəcan, şübhə kimi hisslər insana da xasdır.

Məhz indiki dövrdə, pandemiya və post-pandemiya zamanı, insanlara xoş təəssüratlara dəstək verən addımlara ehtiyac duyulur. Kütləvi şəkildə istehlakçı kütləsinə deyil, məhdud sayda müştərilərə fərdi müraciət imkanı yaranır. Bu gün bu fikir çox aktualdır. Bu yöndə konkret addımlar atanlar dediklərimizi təsdiq edərlər.

Mütəxəssislər ikinci amil olaraq həvəsləndirməni önə çəkirlər. Şou stilində biznesdə zor, təhdid, təzyiq yoxdur. Burada istehlakçının xoş təəssüratlar əsasında özünün həvəslə etmiş olduğu seçim həlledici olur. Əslində onun alış barədə qərarında bir faktor kimi məhsuldan çox həvəslilik dayanır. İnsanın seçimində təəssüratın rolunun artırılması və onun ovqatının yaxşıya dəyişməsi şou stilində biznesin əsas qayəsidir və məqsədidir.

Stereotiplərin dağıdılması, ehkamçılığa son qoyulması, cansıxıcı ənənəvi kommunikasiya alətlərindən inteqrə etməklə istifadə olunması bu mənada diqqətimizi çəkən amillərdəndir. İnsanın məhsuldan gözləntilərini üstələyən təəssüratlara ehtiyac var. Mal və xidmətin tam yeni müstəvidə qavrayışına imkan verən, təklif edilən məhsulun və ya brand-in başqa tərəfdən cəlbediciliyini qabardan alətlərə ehtiyac var və onlar məhsulun xeyrinə işləməyə bilməz.

Nəyahət, şou stilində biznesdə - təəssüratlar mədəniyyətində marketinq dəyərlər yaradılması çox vacib hesab edir. Çünki doğurmuş olduğunuz təəssürat mal və xidmətə yeni boyalar qatır, onun istehlak dəyərini yüksəldir, müştəri ilə münasibətlərin daha səmimi və uzunömürlü olmasına təkan verir, markaya ölçüyəgəlməz nüfuz və rəğbət qazandırır. Bütün bu söylədiklərimiz kreativ sənaye mərhələsində mühüm əhəmiyyət daşıyır və marketinq cəbbəxanasının zənginləşməsində mühüm rol oynayır.

Biznes-bizim həyatımızın ən yüksək gücə sahib olan mühərriklərindədir. Bu gün hamımız bunun şahidi oluruq. Biznesin bu gün bəlli səbəblərdən tempinin aşağı düşməsi sonda həyatın bütün sahələrinə mənfi təsirini göstərir. Odur ki, müasir tarixi kəsimdə, indiki mürəkkəb situasiyada satış və brandinq, stimul və motivasiya, xidmət və imic üçün şou stilində biznes çox faydalı ola bilər.

Hər halda, biz belə düşünürük…Çünki təəssürat ən dəyərli emosional kapitaldır, mal və məhsul barəsində onun formalaşdırdığı kriteriyalar əvəzolunmazdır.

Bu yöndə yeni yazılarla görüşünüzə gəlmək niyyətindəyik.

Teymur Məmmədov,

Marketinq üzrə konsultant

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün