Bir neçə gün əvvəl paylaşdığımız "Rəqəmsal marketinqin qəlbi artıq burada atır - Telegram kanalları" adlı məqaləmizdə Telegram kanallarının son dövrlərdə insanların işinə yaradığından və birdən-birə bunun bir dəbə çevrildiyindən yazmışdıq. Burada kanal yaratmaq, qrup çatı açmaq və sairə kimi funksiyalar sizi müştərilərinizlə yaxınlaşdıra bilər.


Bu barədə çox ssenarilər yazmaq olar, amma ən yaxşısını bunu mütəxəssislərlə dəqiqləşdirməkdir. Facemark.az bu dəfə rəqəmsal marketoloq Aynur Həşimlə müsahibəsini sizə təqdim edir:


- Telegram birdən-birə necə oldu ki, azərbaycanlı istifadəçilər arasında bu qədər məşhurlaşdı?


Müşahidələrimə, əsasən ilk başlarda əksəriyyətin Telegram-ı daha çox şəkil və sənəd göndərmək üçün istifadə etdiyini deyə bilirəm. Keyfiyyətin qoruması və yüksək həcmə sahib sənədləri rahatlıqla göndərməyin mümkün olması istifadəni genişləndirdi. Bir müddət sonra isə Telegramla tanış olan bu qrup şəxslər onu daha çox istifadə etməyə, mesajlaşmaları da haradasa burada aparmağa başladı. Digər ikinci qrup şəxslər isə karantin müddətində "Telegram" tətbiqini yüklədi və buradakı kanallardan, qruplardan istifadə etməyə başladı. Onları bura çəkən hansısa xarici və yerli faydalı kontentlər idi.


- Telegram-ı kanallar olmadan təsəvvür edə bilmərik. Bəlkə də, onu digər çat proqramlarından fərqləndirən əsas xüsusiyyəti budur. Bəs bu platformada yaranan kanalların uğur səbəbi nədir?


Hər gün istifadə etdiyimiz "Facebook", "Instagram" və "YouTube" əvvəlki kimi deyil. Bundan 5-6 il əvvəl bu qədər səhifə və təbii ki, bu qədər reklam yox idi. İndi isə səhiflər və reklamlar çoxalıb. Hər şeyin daha çoxu var. İnsanlar isə bəzən daha çoxundan bezir və yenilik axtarır. Sadaladığım hər üç platformadan fərqli olaraq, Telegram kanallarında reklamlar o qədər də aktual deyil. Buna istifadəçilər tərəfdən baxsaq, hər dəqiqə reklama məruz qalmadıqları üçün sevinirlər. Təbii ki, burada reklamlar olur sadəcə bu reklamlar eynilə Facebook səhifələrinin yeni istifadə edilməyə başladığı vaxtlardakı kimidir. Daha çox faydalı kontent yaratmağa və dolayı yolla məhsullarını reklam etməyə çalışırlar. Bununla yanaşı, burada hazırda sadaladığım platformalardakı kimi pullu reklam anlayışı yoxdur. Bu isə bir tərəfdən də kanal sahibinin xeyrinədir, çünki keyfiyyətli və maraqlı kontent yaradaraq orqanik nəticə əldə etmək mümkündür.


Əlavə olaraq, Telegram texniki tərəfləri ilə də insanları razı salır. Kanal yaratmaq, qrup açmaq, bot hazırlamaq, hazır botlardan istifadə etmək, gizlilik, digər platformalara nisbətən daha sadə istifadə qaydası, kanallarda paylaşılan köhnə məlumatları sadəcə paylaşıldığı tarixi və ya sözü yazmaqla rahat tapmaq və s.


Telegram hazırda çox adamın bilmədiyi, küncdə o qaranlıq küçədəki ləzzətli kofelər hazırlayan kofeşop kimidir. Ləzzətli kofe, yeni yer, hər kəsin buranı bilməməsi və bizim burada özümüzü rahat hiss etməyimiz ümumi olaraq, Telegram-ın və Telegram kanallarının istifadəsini insanlara daha yaxın etdi.


- Telegram üzərindən reklam nə qədər effektivdir? Marketoloqlar, brendlər, media orqanları və kiçik sahibkarlar Telegram kanallarından necə istifadə edə bilərlər?


Yuxarıdakı sualı cavablandırarkən qeyd etdim ki, burada reklamlar hər gün istifadə etdiyimiz platformalardakı kimi çox deyil. Ancaq təbii ki, reklamlar var və kanalların əksəriyyəti elə reklam üçün açılır. İndi burada kanalların az olması və ödənişli reklamların olmaması orqanik nəticəni daha asan almağımıza gətirib çıxardır. Elə bunu fürsət bilib öz sahəmizdə kanal açaraq şüuraltı marketinqi işə sala və faydalı kontentlə insanlara toxuna bilərik. Bununla yanaşı, öz auditoriyamıza uyğun kanallar tapıb orada reklamlarımızı yerləşdirə bilərik. Uyğun zamanda, düzgün kanalda, açar sözləri istifadə edərək, yaxşı nəticələr almağımız mümkündür.


İkinci suala cavab olaraq, özümün istifadə etdiyi, bir çox insana isə tövsiyə etdiyim iki vacib amili bölüşmək istəyirəm – etdiyimiz hər işin içinə özümüzü qataq və insanlara faydalı olaq.


- Siz özünüz də “Aynr Hashim” adlı kanalın sahibisiniz. Artıq yüzlərlə insan sizin vaxtaşırı xəbər icmalı formasında paylaşdığınız postlarını oxuyur, reaksiya bildirir. Şəxsi brendinq mövzusunda Telegram kanalı sizə necə kömək etdi?


Əvvəlcə, onu demək istəyirəm ki, sosial şəbəkələr bir az sevgili kimidir. Diqqət görməyən kimi, ya bir müddət küsəcək, ya da səni unutmağı seçəcək. Ona görə də, pulunuz sosial mediadakı kanallarınızdan çıxırsa, mütləq ona itirmək istəmədiyiniz sevgilinizə yanaşdığınız kimi yanaşmalısınız. Əks halda, alqoritma sizi alt-üst edəcək. Mənim işim rəqəmsal marketinqdir, ancaq qazancım öz kanallarımdan deyil, başqa idarə etdiyimiz səhifələrdən çıxır. Elə buna görə də, sosial mediadakı profillərimi məni yormayacaq qədər istifadə edirəm.


İndi "Aynr Hashim" kanaldakı paylaşımları daha az etməyimə baxmayaraq, hələ də çox yaxşı geridönüşlər alıram. Məni həvəsləndirən və paylaşım etməyimə motivasiya verən isə insanların həyatına toxunmaq, hansısa məlumatdan, yazıdan sonra onların həyatında nələrinsə yaxşıya doğru dəyişməyini görmək, bundan məni də xəbərdar etmələridir.


Biz çox yaxşı işlər görə, arzusunda olduğumuz yerdə, istədiyimiz qədər pullar qazana bilərik, ancaq günün tələbinə uyğun olaraq görünməyi seçməsək, bir çox halda bizi tanımayacaqlar. Şəxsi brendinq çox vacibdir. Hətta, görünməyi istəməyənlər üçün də vacib və mümkündür.


Mən Telegram kanalı vasitəsi ilə möhtəşəm insanlarla tanış olma fürsəti qazandım. Onlara necəsə faydalı oldum və indiyədək gözləmədiyim anda insanların içindən gələn o gözəl mesajları alıram. Onlar da mənə faydalı oldular. (Karantin müddətində bu hissləri qarşılıqlı ötürmək dəhşət bir şey idi )


Bununla yanaşı, şəxsi brendinq tərəfdən gözlə görünən digər şeylər isə daha çox insana çatmağım, oxunmağım, tövsiyə edilməyimdir. Əlavə olaraq, televiziya dəvəti, yeni əməkdaşlıq və müsahibə təklifləri gəlir.


- Son olaraq, sizcə, Telegram kanallarının və ümumilikdə Telegram-ın rəqəmsal marketinq sferasında gələcəyi necə olacaq?


Telegram etdiyi yeniliklərlə hər dəfə daha çox istifadəçini bura çəkməyi bacarır. İstifadəçi haradadırsa, brendlər də oradadır. Düşünürəm ki, yaxın illərdə Telegram və buradakı kanallar daha çox yayğınlaşacaq.


Əlavə olaraq, Telegram, ya o qaranlıq küçədə küncdəki kofeşoplarını bütün qaranlıq küçələrdə edəcək və eyni keyfiyyəti qoruyacaq, ya da həmin kofeşop bir gün çox böyük, gözəl, çox adamın getdiyi amma indiki kimi rahat hiss etmədiyi yer olacaq.


Son olaraq, facemark.az-ı Telegramda izləməyi unutmayın.


Müəllif: Pəri Abbaslı