Yerli marketinq bazarında getdikcə sürətlənən proqres bu sahəyə təzəlikcə qədəm qoyan yeni kadrların da artmağına kömək edir. İstər bu ixtisası bitirmiş insanların bu sahədə davam etməsi, istər tamamilə fərqli ixtisaslardan gəlib özünü marketinqdə tapan insanların cəhd etməsi - bu sahə özünün ən yaxşı versiyasına çevrilmək üçün yeni üsullar axtarır. Rəqəmsal marketinq də burada ona böyük qardaşlıq etdiyi müddətdə marketinqin gələcəyi Azərbaycanda daha ümidli görünür.


Fəqət əlbəttə, ixtisası bilmədən, öyrənmədən, bununla bağlı təhsil almadan sahə haqqında məlumat əldə etmək bir az çətin olur. Bu baxımdan, gələcəyini marketinqdə görən insanlar üçün cavablar tapmağa çalışdıq. Yerli universitetlərdə təhsil alan, yaxud artıq təhsilini yekunlaşdırmış insanlara qısa suallar ünvanlayaraq onlardan təhsil aldıqları dövrləri təhlil etməklərini xahiş etdik. Müsahiblərimiz içində xarici universitetlərdə təhsil olan insanların da olması sizə gələcək təhsiliniz haqqında daha dərindən götür-qoy etməyinizə kömək edəcək.



Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Marketinq ixtisası üzrə 4-cü kurs tələbəsi Nicat Hacıyev deyir ki, marketinq sahəsi universitetdə təqdim edildiyindən daha maraqlı və geniş sahədir: “Belə deməyimin səbəbi 4P və Kotler haqqında çox danışılması, lakin sadəcə nəzəri olaraq qısa izahların verilməsidir. Bunlar qarşı tərəfi (müəllimi) yorur, ya yox deyə bilmərəm, lakin tələbələrə bu dərslər heç maraqlı deyil və sadəcə qiymət xatirinə oxunur”.


Bilirik ki, marketinq üçün də təcrübənin nəzəriyyə ilə balansda olması önəmlidir. Bu barədə 4-cü kurs tələbəsi bildirir ki, indiyəcən yalnız 1 dərsdən praktiki iş görüblər, digər dərslərdən isə yalnız nəzəri keçiblər: “Nəzəriyyə əvvəl maraqlı olur və həqiqətən də, yeni məlumat əldə etdiyini hiss edirsən. Lakin daha sonra bunları tətbiq etməyəndə həm unudulur, həm də qismən əvvəl keçirilən dərslər təkrarlanır”.


Nicat bu sahə üzrə təcrübələrini və gələcək arzularını belə ifadə edir: “Bu sahədə qısa müddətli ödənişli təcrübə proqramında iştirak etmişəm. Daha sonra isə 1 ildən artıq bloq fəaliyyətim olub. İndi marketinq agentliyində işləyirəm və bu sahəni tam öyrənməyi özümə məqsəd qoymuşam. İşə başladıqdan sonra əslində çox kreativ, əyləncəli və maraqlı olduğunu gördüm”.


Bu sahədə təhsilinizi xaricdə davam etmək istəyirsinizmi? “Məhz elə beynəlxalq təhsil və təcrübə qazanmaq istəyirəm. Xaricdə - məhz elə qardaş ölkə Türkiyədən başlayaraq, şirkətlərin marketinqə çox diqqət etmələri və bu sahənin xaricdə çox inkişaf etməsi mənə həmişə maraqlı olub”.



Azərbaycan Dövlət İqtisad Universitetini bitirmiş və hal-hazırda iqtisadçı kimi fəaliyyət göstərən Həbib Hüseynov qeyd edir ki, onun təhsil aldığı dövrdə - 2013-2017-i illər aralığında imtahanlar test üsulu ilə, əzbərçi metodlarla keçirilirdi: “Bu üsul tələbəyə bir şey öyrətmir. Bundan əlavə, müəllimlər də tədrisə çox önəm vermirdilər. Təcrübə sahəsi isə yox dərəcəsində idi, 4 ildə sadəcə 2 ay oldu, amma onu da təcrübə kimi saymaq olmaz. Nəzəriyyədə isə hər şey köhnə metodlarla öyrədilirdi”.


Müsahibimiz, həmçinin marketinqin hazırki vəziyyəti barədə də öz fikrini bildirib: “Marketinqi bitirənlərin böyük əksəriyyəti bu sahədə işləyə bilmir, çünki hələki inkişaf etməkdə olan bir sektordur bizim ölkədə. Əgər mümkün olsa, mütləq davam etdirmək istəyərəm, çünki sevdiyim bir sahədir”.



Azərbaycan Turizm və Menecment Universitetindən məzun olmuş və ixtisasını icra edən Sosial Media Meneceri (SMM) Nərmin Mustafayeva təhsil aldığı müddətdə praktiki tədrisin zəif olduğunu bildirir: “Marketinqi praktiki cəhətdən öyrənmədik. Terminlərlə dolu balansımız var idi, nəzəriyyəni əla vəziyyətdə mənimsəmişdik, lakin işə düzəlsək, marketoloq kimi nə etməliyik, bilmirdik. Yenə də universitetdə dərs deyən müəllimlərimiz gənc və hazırda marketinq sahəsində işləyən insanlar idi. Dərsi maraqla keçirdilər. Bundan sonrası üçün planım təhsilimi Almaniyada davam etdirməkdir”.


Təcrübə ilə bağlı problemləri Nərmin belə açıqlayır: “Təcrübəyə getmək üçün universitet bizi yönləndirə bilmirdi, şirkətlər isə təcrübəçilər qəbul etmək istəmirdilər. Mən özüm Marketinq Cəmiyyətində təcrübəçi oldum, fəqət öz gözümüzlə gördük ki, bu cəmiyyət heç bir iş görmür”.



Bakalavr və magistr təhsilini Qafqaz Universitetində, marketinq ixtisası üzrə doktorantura təhsilini isə hazırda Anadolu Universitetində alan Emil Hüseynzadə bakalavr dövründə universitet haqqında şübhələri olsa da, müəllim kollektivinin keyfiyyətindən əmin olduqdan sonra bu şübhələr sonlanıb: “Nəzəriyyənin dərindən tədris olunduğunu düşünürəm. Təcrübədə əskikliyin olduğunu isə qəbul edirəm. Bu sahə üzrə xaricdə təhsil almağı üstün tuturam, çünki müəllim kollektivinin, həm müəllim, həm də professional marketoloq kimi təcrübələrinin olmağı dərs prosesi ərzində tələbələr olaraq bizə daha keyfiyyətli dərs keçməyimizə kömək edir”.



Bakı Avrasiya Universitetində marketinq ixtisası üzrə təhsil alan 3-cü kurs tələbəsi Naz Ağayeva bildirir ki, ixtisasını çox sevir və hələlik fəaliyyətini ölkədə davam etdirməyi düşünür, lakin xaricdə təhsil almaq gələcək planlarına daxildir: “Hələki ixtisasımı nəzəri olaraq keçmişəm. Praktiki olaraq heç bir təcrübəm yoxdur”.



Marmara Universitetində Marketinq, Hasselt Universitetində Tətbiqi İqtisadiyyat üzrə təhsil almış Biznes İnkişaf Meneceri Nicat Əhmədov qeyd edir ki, tədris nəzəriyyə və təcrübə əsasında tərtib olunmuşdu: “Marketinqin bütün sahələri üzrə, həm təcrübəyə fokuslanan və sektorda olan liderlərlə “networking” və təcrübə mübadiləsinə şərait yaradan seminarlarla dolu zəngin bir tədris proqramı idi. Marmara təcrübəsi Avropadakı təhsilimdən daha məhsuldar oldu. Gələcəkdə Böyük Britaniya, yaxud Amerika Birləşmiş Ştatlarında Biznes İdarəetməsi üzrə magistr təhsili almaq istəyirəm”.


Müəllif: Pəri Abbaslı