Hazırda ölkədə tələbələrimizin seçimləri arasında çox böyük yer tutmasa da Şərq ölkələri də təhsil və yaşayışa görə Avropa ölkələrindən heç də geri qalmır. Bu dəfə sizə Koreya və Çindəki təhsil imkanlarından söz açacayıq.


Haqqında ilk danışacağımız ölkə Çindir.


Çin artıq ümumilikdə səyahət üçün ən məşhur dördüncü yerdir və ABŞ və Böyük Britaniyadan sonra ən çox beynəlxalq tələbəyə malik olan 3-cü ölkədir. Hazırda tələbələr Dövlət xətti ilə Çində təhsil ala bilərlər. Bu halda tələbənin aldığı təqaüdün miqdarı bakalavr, magistr və PHD üçün dəyişir. Bu məbləğ sizə Çin hökuməti tərəfindən ödənilir. Çində yaşamaq sərfəlidir. Əgər universitetin öz yataqxanasında qalmağı seçsəniz aylıq 300 dollar bütün xərcləriniz üçün kifayət edə bilər.


Çində təqaüdlü təhsil imkanlarından yararlanmaq istəyən tələbələrin İELTS balı minimum 5.5, ortalama qiyməti 75 baldan yüksək olmalıdır. Ad olaraq fərqli ixtisas üzrə magistr təhsili almaq mümkündür, amma yeni ixtisasınız öncəki təhsil istiqamətinizlə bağlı olmalıdır.


Çin Dövlət təqaüdünə müraciət edərkən:


- Xarici passport


- 2 ədəd tövsiyə məktubu (ingilis dilində)


- Tibbi arayış


- Diplomun notarial tərcümə təsdiqi


- İngilis dilində CV


- Study plan


- İngilis və ya Çin dili biliyinizi təsdiq edən arayış kimi bir çox sənədi hazırlamalısınız.


“Chinese Government Scholarships” haqda https://www.chinesescholarshipcouncil.com linkdən əlavə məlumatları əldə edə bilərsiniz.


Koreya Dövlət təqaüd proqramı


Son illər Koreya dövləti beynəlxalq tələbələri cəlb etmək üçün müxtəlif proqramlar təşkil edir. Ölkədə Seul Milli Universiteti, Yonsei Universiteti, Koreya Universiteti kimi reytinqli müəssisələr fəaliyyət göstərir. Bu gün danışacağımız Koreya Dövlət Təqaüd proqramı 2007-ci ildən Azərbaycanlı tələbələr üçün də keçərlidir.


Bu proqram, həm bakalavr, magistr, həm də Phd üçün nəzərdə tutulub. Bakalavr 4 ildir. Bu pillədə təhsil aldığınız müddət ərzində hər il sizə təqaüd verilir. Əlavə olaraq dil kursu üçün də ekstra təqaüdlə təmin olunursunuz (toplam 5il). Eyni proses magistr üçün də keçərlidir, lakin təhsil müddəti 2 ildir. Magistr/Doktorantura müddətində dil kursunda iştirak edərkən siz təxmini 850 dollar təqaüd alacaqsınız. Dil imtahanı veridikdən sonra əgər tələb olunan səviyyəni keçməsəniz təqaüd olduğu kimi qalır. Yox əgər bu səviyyəni əldə etsəniz sizə hər ay ümumilikdə təxminən 950-970 dollar arası təqaüd veriləcəkdir. Əgər təqaüd proqramının təhsil xərcləri və yaşayış yerini təmin etdiyiniz nəzərə alsaq bu məbləğ Koreyada yaşamaq üçün kifayət edir. Ortalama yaşam xərcləri digər ölkələrə müqayisədə daha aşağı olduğu üçün aylıq 450-500 dollar sizə, həm yemək, həm də yaşayış üçün yetərlidir.


Sənədləşmə prosesi bakalavr üçün sentyabr/oktyabr, magistr və doktorantura üçün yanvar/fevral ayından etibarən başlayır. Qeyd edək ki, bu tarixlər müxtəlif illər üzrə dəyişə bilir. Bu proqrama müraciət etmək üçün ortalama qiymətiniz 81-dən yuxarı olmalıdır. Koreya Dövlət Təqaüd proqramına, həm səfirlik vasitəsilə, həm də birbaşa universitetlərə sənədləri göndərməklə müraciət edə bilərsiniz (iki variantdan birini seçməlisiniz). Müraciət edərkən Study Plan-a xüsusi diqqət yetirməyiniz məsləhətdir. Təqaüd proqramının başlama vaxtı ilə bağlı səfirliyin rəsmi səhifəsinə yazaraq məlumat əldə edə bilərsiniz.


Bu proqramdan əlavə, Azərbaycanlı tələbələr üçün o qədər də çox olmasa da bəzi Koreya universitelərinin daxili təqaüd proqramları da olur.


Qeyd etdiyimiz linkə daxil olaraq daha ətraflı məlumat əldə edə bilərsiniz:


https://www.studyinkorea.go.kr/en/main.do


Bundan əlavə, 2021-ci il üçün Cənubi Koreyada mövcud olan digər təqaüd imkanlarını sizinlə bölüşürük, ümid edirik işinizə yarayar:


Sonda sizə faydalı ola biləcək saytların linklərini qeyd edirik:


Hər kəsə uğurlar !


Müəllif: Leyla Kərimova