çərşənbə, 2 dekabr 2020

Reklam haradadırsa, insanlar da oradadı!

389

Yeni yaranan platformalara qarşı qoyulmuş sədlər, əslində, onları hər kəsdən əvvəl kəşf etmiş insanlar üçün üstünlüyə çevrilir. Təsadüfi deyil ki, 2010-cu ildə yaranmış Instagram Azərbaycanlı istifadəçilərlə 2013-cü ildə yaxından tanış olsa da, yalnız 2016-dan bəri professional məqsədlər üçün istifadə olunaraq özünü sübut edə bilmişdi. 2018-dən bəri IGTV kimi innovativ həllərlə istifadəçilərini sevindirən Instagram 2020-ci ildə influenser və bloqer dünyasına bir çox insan qazandırmış və biznes dünyasına öz töhfəsini vermişdi.

Bu, rəqəmsal dünyada bizim də xəbərimiz olmadan yenilənmiş innovativ tarixçədir. Bu gün isə Facebook, Instagram, Google kimi böyük şirkətlərin ilk dövrlərini Azərbaycanda TikTok, Letterboxd, Goodreads, Pinterest kimi tətbiqlər yaşamağa başlayır.

Baxdığınız filmlərlə bağlı düşüncələrinizi, verdiyiniz balı və ümumi fikirlərinizi yazmağa, özünüzə film siyahısı yaratmağınıza kömək edən Letterboxd IMDb tətbiqindən fərqli vizual dizayna sahibdir. Son zamanlar gənclər arasında çox danışılan proqram olsa da, təəssüf ki, bu tətbiqdən yeniliklər və dünyaya səs salacaq dəyişikliklər görə bilmirik.

Goodreads isə sizə kitab siyahınızı yaratmaqda köməkçi olur. Özünüzə “rəf”lər yaradır, burada oxuduğunuz, oxuyacağınız və hazırda oxuduğunuz kitabları işarələyib dostlarınızla kommunikasiyanın fərqli hala bürünməsinə səbəb ola bilərsiniz. Ölkəmizdə Goodreads platforması məşhurluq qazanmasa da, azərbaycanlı klassik, yaxud müasir yazıçıların kitablarını bölüşərək bir çox xarici oxucuya çatdırmağa kömək ola bilər.

Pinterest isə şəkillərdən ibarət tətbiq olaraq, əslində, öz istifadəçilərinə gözlədiyimizdən daha çox funksiya təqdim edir. Pinterest haqqında daha çox oxumaq üçün “Qlamur şəkil kolleksiyalarından reklama qədər PINTEREST” adlı məqaləmizə nəzər yetirə bilərsiniz.

TikTok isə sevilməyən və çox sevilən tətbiq olmaq arasında qeyri-stabillik yaşayır. Play Store və App Store mağazalarında Azərbaycan üzrə ən çox yüklənilən tətbiq olmağına baxmayaraq, söhbətləşdiyiniz hər insandan TikTok-la bağlı neqativ fikirlər eşidə bilərsiniz. Əyləncə platforması olsa da, professional məqsədlərlə fotoqraflar, aşbazlar, yazıçılar, böyük şirkətlər tərəfindən istifadə edilərək gündən-günə öz hissələrini və dəyərini çoxaldan TikTok sadaladığımız 4 fərqli yeni platforma içində ən uğurlusu hesab olunur. Niyə? Çünki reklam haradadırsa, insanlar da oradadır.

İstehlakçılar olaraq reklam dünyası haqqında bilmədiyimiz bir neçə hal varsa, onlardan biri də böyük şirkətlərin yeni tətbiqlərdə gördükləri potensialdır. Facebook 2012-ci ildə Instagramı, 2014-cü ildə isə WhatsApp-ı alanda nə etdiyini çox gözəl bilirdi.

Və təsadüfi deyil ki, bu günlərdə də Microsoft şirkətinin TikToku almaq istədiyi ilə bağlı xəbərlər gündəmə gəlib.

Demək, böyük şirkətlər potensial gördükləri layihələri alaraq onu daha da böyüdür və brend/markaları da bu potensiala inandırıb, nəhayətində, onların auditoriyasını özünə çəkməyi bacarır.

Hazırda sevdiyimiz bir kafeni, məqalələrini oxumağı sevdiyimiz jurnalisti, mahnılarından zövq aldığımız ifaçını izləmək üçün mütləq Facebook, Twitter, yaxud ən azından Instagram hesabımız olmalıdır.

Reklam haradadırsa, insanlar oradadır və insanların olduğu yerdə reklam olması labüddür.

Müəllif: Pəri Abbaslı

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün