cümə axşamı, 1 oktyabr 2020

Animasiya və onun növləri - Video

213

facemark.azolaraq animasiya və onun növləri haqqında məqalə hazırladıq.

- Ənənəvi animasiya

Gəlin, əvvəlcə, ənənəvi animasiyadan başlayaq. Siz bunu “2D animasiya” adlandıra bilərsiniz, amma əslində, “2D” daha fərqli kateqoriyaya aid olan animasiyadır. Bunun səbəbini isə videonun davamında görə biləcəksiniz. Ənənəvi animasiya bəzən animasiyanın köhnə formalarından biri kimi - “cell animation” - “hücrə animasiyası” adı ilə istifadə edilir. Bu növdə “Disney”in ilk vaxtlarda etdiyi kimi, animator işin hər bir kadrını özü çəkir. Əgər sizin də uşaqlığınızda qalın “flip” dəftərləriniz olubsa, nəyi nəzərdə tutduğumuzu yaxşı başa düşəcəksiniz. Görüntülər ardıcıl şəkildə göstərilərək bir hərəkətin illüziyasını yaradır.

Ənənəvi animasiya əllə çəkilmiş kadrlardan ibarətdir. Əvvəllər şəkillər animatorların üzərində şəkil çəkdiyi qaralama funksiyasını daşıyan böyük işıqlı panellər üzərində çəkilirdi. İşıq animatorun əvvəlki çəkdiyi kadrı görməyinə kömək edir, dolayı yolla onun ümumi animasiyanın görüntüsünün necə olduğunu başa düşməyinə şərait yaradırdı. Bu, “onion skinning” - “soğan dərisi” adlanır.

Müasir dövrdə, hətta ənənəvi animasiyalar belə kompüter, yaxud “Wacom Cintiq” kimi tabletlərin köməyi ilə işlənir.

2D, yaxud ənənəvi animasiyalar, əsasən, bir saniyə içində 12 kadrın ardıcıllığı sayəsində yaranır. Daha sürətli hərəkətlərdə isə 1 saniyəyə 24 kadr yerləşdirilir. Yapon animasiyaları isə, əsasən, daha yavaş kadr sürəti ilə tanınır.

- 2D animasiya

Biz 2D animasiya haqqında danışarkən, əsasən, “Flash”da olduğu kimi, vektorlardan ibarət animasiyanı nəzərdə tuturuq. Texnologiyanın əlçatanlığının artması ilə bərabər bu tərz son onillikdə xeyli məşhurlaşıb. Digər vektor bazalı proqramlarda olduğu kimi, “Flash” ucuz və işlədilməsi asandır.

2D animasiyanı fərqli kateqoriyaya aid etməyimin əsas səbəbi bu animasiyada animatorun obraza nöqtələr yerləşdirərək bədəninin hissələrini hərəkət etdirə bilməsidir. Bunun köməyi ilə artıq animatorun eyni obrazı dəfələrlə çəkməyinə ehtiyac qalmır. “After Effects” obrazımıza kompleks hərəkət nöqtələri yerləşdirməyə və “Puppet Tool” funksiyası ilə bədən hissələrini hərəkətə gətirməyə kömək edir. Ənənəvi animasiyada yaxşı əl qabiliyyəti önəmli olsa da, proqramlarda inkişaf etmiş funksiyalar sayəsində sahəyə yeni başlayan və şəkil çəkmək barədə o qədər də güclü olmayan şəxslər üçün işlər daha asan başa gəlir.

- 3D animasiya

3D animasiya, həmçinin, “kompüter animasiyası” adı ilə də tanınır. 30 il əvvəl ənənəvi animasiyanın sadəcə “animasiya” adlandırıldığı kimi, bu gün ən çox istifadə olunan animasiya forması 3D olduğu üçün siz onu yalnız “animasiya” da adlandıra bilərsiniz. Bu animasiya növü ənənəvi növdən tamamilə fərqli iş formasına sahibdir. Onların hər ikisi kompozisiya, hərəkətlər mövzusunda oxşar prinsiplər tələb etsə də, texniki bacarıqlar hər fərqli iş üçün dəyişir. Daha əvvəl qeyd etdiyim kimi, əvvəllər animasiyanın uğurlu olması üçün çox bacarıqlı animator olmaq mütləq idisə belə, kompüter animasiyası dövründə bu mütləqiyyət də aradan qalxdı.

3D animasiyada obrazlarla oynamaq, onları dəyişdirmək əllə çəkməkdən çox asandır. Animator obrazını 3D proqramında hər bədən hissəsinə (əl, dirsək, dodaqlar) uyğun xüsusi idarə funksiyaları ilə hərəkət etdirir, daha sonra bütün hissələrin hazır olduğunu bildikdən sonra “keyframe”i qoşaraq qeyd edilmiş vaxt ərzində obrazı canlandırır.

3D animatorları vaxtlarının əsas hissəsini vaxt ərzində obrazlarının hərəkətlərini hesablayan “curve”lər üzərində keçirirlər.

3D animasiyanın ənənəvi animasiyadan digər fərqi isə bu yeni model animasiyada obrazın daim bütünlüklə görünməsidir. Bunu yadda saxlamaq mütləqdir, çünki 2D animasiya üçün çəkilən obraz hər kadrda yenidən çəkilməli idi. Buna görə də əgər bizim obrazımızın yalnız sağ tərəfi görünürdüsə, sol tərəf görünmədiyi üçün onu çəkməyə ehtiyac qalmırdı. Texniki olaraq, görünməyən tərəf mövcud olmurdu. Bunun əksinə, 3D-də obrazın bütün hissələri həmişə kadrda olur. Bir əl göründükdə digəri kadrda deyilsə belə, o, mövcuddur. Bu isə animatora, şübhəsiz, daha çox iş yükləyir. Biz hər zaman obrazın bütün görüntüsündən xəbərdar olmalı və diqqətlə yanaşmalıyıq. Əsas və son fərqlilik isə kadr sürətidir (frame rate). Əvvəlki punktlarda qeyd etdiyim kimi, 2D animatorları, əsasən, 2-lərlə işləyir. Yəni, onlar 2 kadrdan bir yeni şəkil çəkirlər, bununla da 1 şəkil 2 kadr ərzində davam edir. 3D animasiyada isə üslub fərqliliyini istisna etsək, animatorlar 1 saniyəyə 24 kadr yerləşdirirlər, bu isə hərəkətlərin axıcı və səlis olmasına kömək edir. Obrazın tamamilə dayanması 3D üçün bir səhvdir. Obraz sakit dayanırsa belə, yaşadığı ilə bağlı hansısa nişanə mütləq olmalıdır. Bu isə 2D-ni 3D-dən daha asan edən bir xüsusiyyətdir.

- Motion Graphics

Siyahımızdakı 4-cü yerdə motion qrafikası (hərəkətli qrafika) var. Siyahıdakı digər animasiya növlərinə nəzər salsaq, motion qrafikası forma baxımından onlardan ən fərqli olanıdır. İlk olaraq, o, obrazlı, yaxud hansısa hekayəsi olan bir iş deyil. Motion qrafikası reklam, yaxud kommersional məqsədlərlə yaradılan, yazılar və qrafik elementlərin kreativ şəkildə hərəkətə gətirilməsindən ibarət sənətdir. Bu sənəti biz animasiyalı loqolarda, tətbiq reklamlarında, açıqlama videolarında, televiziyalar üçün yığılmış promo videolarda və hətta filmlərin açılış səhnələri üçün düzəldilmiş yazılarda görürük. Motion qrafik üçün lazım olan bacarıqlar digər animasiya bacarıqlarında tələb olunanlarla çox vaxt üst-üstə düşmür. Belə ki, biz bu animasiya tipində bədən mexanizmindən, yaxud səhnələşdirməkdən anlamasaq da, olar. Lakin ortaq cəhətlərdən danışsaq, biz bu növdə də yaxşı kompozisiyanın necə olmalı olduğunu, kamera hərəkətlərini anlamalıyıq.

- Sonuncu və ən önəmlisi, stop motion

Stop motion animasiyanın kinematoqrafiya bacarıqları ilə animasiya xüsusiyyətlərini birləşdirən ən xüsusi növüdür. Stop-motion obyektlərin şəkillərini çəkərək hazırlanır - burada obyekti 1 santimetr kənara çəkmək belə yeni bir foto şəkil tələb edir. Proses beləcə davam edir və şəkilər ardıcıl olaraq davam etdikcə hərəkət əmələ gəlir. Bu, ənənəvi animasiyaya bənzəsə də, stop motion çəkilmiş şəkillərdən yox, real obyektlərdən istifadə edir. Gəlin, stop motionun müxtəlif növlərinə baxaq. Ən məşhur növlərdən biri kleymotion-dur. Burada siz plastlindən düzəldilmiş obyektlərdən istifadə edərək animasiya yaranır. “The Neverhood”, “Armikrog” kimi video oyunlarda göründüyü kimi, daha üst səviyyəli kleymotion-larda metal skeletlərdən istifadə edərək daha güclü qəlib forması əldə edilirdi. Bəzi animatorlar sadəcə kuklalardan istifadə edir. Lakin bu üsulda da hərəkət nöqtələrindən istifadə mümkün olur. Kuklanın üzü dəyişməsə də, ifadə etməli olduğu hissiyyata görə mimikalar dəyişdirilir. Stop motion-un digər məşhur formalarından biri isə “cut-out”dur. Burada karton kağızlarlardan və yenə kartondan düzəldilmiş obrazlardan istifadə olunur. Bu, hamımıza tanış olan “South Park” animasiya serialının kompüter animasiyasına keçmədən əvvəlki düzəldilmə üsuludur. “Cut-out” üslubuna yaxın olan digər bir üslub isə “siluet” animasiyasıdır. Çəkiliş kartlarından, yaxud hansısa hamar materialdan istifadə edilərək hazırlanır. Burada istifadə olunan bütün obyektlər qaranlıqdır və kadrlar yalnız siluetlərin təsvirindən ibarət olur. Bu, stop-motion-un ən qoca üslublarındandır və günümüzə nadirən istifadə olunur. Bəziləri isə animasiyaları üçün leqo oyuncaqları, yaxud müxtəlif fiqurlardan istifadə edir. Bəhs etdiyimiz janr YouTube-da olduqca məşhurdur. Bir çox kanal leqo obrazlarının parodiyalarından ibarət stop-motion videolarına həsr olunub. “Robot Chicken” buna ən yaxşı misallardan biri ola bilər. Onlar populyar mədəniyyəti məzxərəyə qoymaq üçün məşhur obrazların oyuncaqlarından isrtifadə edirlər. Stop-motion-un pikselləşmə adlı növü real insanlar və real ətraf-mühit köməyi ilə yaranır. Bu üsulda da digərlərində olduğu kimi obyektlərin hər hərəkətində şəkillər çəkilir və nəticədə, biz dayanmış şəkillərin hərəkətləndiyini görürük. Pikselləşmə üsulundakı əsas nüans insan obyekt, yaxud fiqurlardan yox, insanlardan kömək almasıdır.

Animasiyanın ənənəvi növü haqqında Fil Agency ilə birgə hazırladığımız video çarxa isə aşağıdakı kanaldan baxa bilərsiniz.

Müəllif: Pəri Abbaslı

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün