Rəqəmsal marketinq meneceri uzunmüddətli rəqəmsal marketinq kampaniyalarının və qısamüddətli reklam üsullarının inkişaf etdirilməsindən, həyata keçirilməsindən və nəzarətindən məsul şəxsdir. Bu rol marka məlumatlılığını artırmaqda, şirkətin veb saytına izləyici gətirməkdə və satış potensialını artırmaqda ustalıq tələb edir. Rəqəmsal marketinq meneceri marketinq qrupuna nəzarət edir və aşağıdakı sahələrə dəstək verir:


  • Yeni rəqəmsal platformaların və vasitələrin müəyyənləşdirilməsi və sınaqdan keçirilməsi;
  • Sayt trafikini izləmək üçün veb analitik vasitələrdən istifadə;
  • E-poçt marketinqi, sosial media və rəqəmsal reklam daxil olmaqla marketinq kampaniyalarının optimallaşdırılması;
  • İstehlakçıların alış davranışlarını izləmək.

Orta əmək haqqı


Rəqəmsal marketinq menecerləri, ümumiyyətlə, tam gün işləyənlərdir, bəziləri isə part-time və ya evdən işləyə bilir. Rəqəmsal marketinq menecerləri üçün maaşlar təhsil səviyyəsinə və iş təcrübəsinə, habelə işəgötürənin, şirkətin ölçüsünə və coğrafi mövqeyinə görə dəyişir.


ABŞ-da maaş: illik 59.492 dollar


Bəzi maaşlar ildə $14,000 - $139,000 arasında dəyişir.


Rəqəmsal marketinq menecerinə qoyulan tələblər


Rəqəmsal marketinq meneceri vəzifəsi üçün təhsil, təlim, uyğun sahələr üzrə serifikatlar, xüsusi bacarıqlar tələb olunur.


1. Təhsil


Başlanğıc səviyyəli rəqəmsal marketinq menecerlərinin marketinq, reklam və ya əlaqəli bir sahə üzrə bakalavr dərəcəsinə sahib olması tələb olunur. Bəzi işəgötürənlər magistr dərəcəsi və ya ixtisas sertifikatları olan namizədlərə üstünlük verirlər.


Ticarətin idarə olunması, informasiya texnologiyaları və veb dizayn da daxil olmaqla bir sıra müvafiq fənlər üzrə dərəcə lazımdır. Rəqəmsal marketinq menecerlərindən, ümumiyyətlə, kodlaşdırma dilləri, axtarış motoru optimallaşdırması, elektron ticarət və veb analitik alətləri üzrə biliklər tələb olunur.


2. Təlim


Rəqəmsal marketinq meneceri olmaq üçün təlim adətən marketinq köməkçisi kimi kiçik səviyyəli marketinqlə əlaqəli rollarda xidmət etməyi əhatə edir. Bu rolların vəzifələrini yerinə yetirmək xüsusi prosesləri və ünsiyyət bacarıqlarını öyrədir.


Təcrübəsi olan rəqəmsal marketinq menecerləri ünsiyyət bacarıqlarını, zaman idarəçiliyini və strateji düşüncəni inkişaf etdirməyə yönəlməlidirlər.


3. Sertifikatlar


Sertifikatlar mütəxəssislərə bacarıqlarını artırmağa və ixtisaslarını gələcək işəgötürənlərə nümayiş etdirməyə imkan verir. Bu peşə üçün ən ümumi sertifikatlardan bunlardır:


Rəqəmsal Marketinqdə Professional Sertifikatlı Marketoloq


Marketinq İdarəetməsində Professional Sertifikatlı Marketoloq


Hər iki sertifikatı Amerika Marketinq Assosiasiyasında imtahandan keçməklə ala bilərsiniz.


4. Bacarıqlar


Rəqəmsal marketinq menecerləri bu bacarıqlara sahib olmalıdır:


  • Strateji düşünmə;
  • Vaxtı idarə etmək;
  • Kommunikasiya və ünsiyyət;
  • Texniki bacarıqlar.

Rəqəmsal marketinq menecerinin iş mühiti


Bu mütəxəssislər aşağıdakı xüsusiyyətlərə malik ofis şəraitində işləyirlər:


  • Uzun müddət bir masada oturmaq;
  • Kompüterlərdən, printerlərdən və digər ümumi ofis avadanlıqlarından istifadə etmək;
  • Logolar və ya tətbiqetmələr kimi mülkiyyət və ya müəllif hüquqları ilə qorunan rəqəmsal vasitələrdən istifadə;
  • E-poçt, video görüşlər və ya elektron mesajlaşma vasitəsi ilə mütəmadi olaraq idarələrarası əlaqə;
  • Bəzən və ya tez-tez daxili səyahət.

Necə rəqəmsal marketinq meneceri olmaq olar?


Öncə müvafiq sahədə təhsil alın. Daha sonra təcrübəçi və ya yarım ştat kimi işləyərək təcrübə əldə edin. Bundan sonra hansı sahədə davam etmək istədiyinizi müəyyənləşdirin. SMM? Kontent yazmaq? Marketinq? Və ya başqa sahə? Bunu aydınlaşdırdıqdan sonra həmin sahə üzrə texniki bacarıqlara yiyələnərək sertifikat almanız məsləhətdir. Növbəti mərhələ CV hazırlamaq və uyğun vakansiyalara müraciət etməkdir.


Teodor Ruzveltin sözünə güvənib yola çıxın: “Bacaracağına inanırsansa demək ki, işin yarısı artıq görülüb”.


Arzularınızı reallaşdırmaq diləyi ilə...


Müəllif: Humay Hüseynli