şənbə, 24 oktyabr 2020

Teymur Məmmədov: “Marketinq direktorunun qazancı gördüyü işə və qazandığı uğura mütənasib olmalıdır”

593

Bəzən çox sadə sualların çətin cavabları olur. Elə buna görə də suallarımızı sadə tutmaqla, sektordakı mütəxəssislərə üz tutduq.

facemark.az-ın yerli şirkətlərin marketinq direktorlarına ünvanladığı müsahibə sualları:

- Teymur bəy, firmalarda Marketinq direktorları nə iş görür?

Sözün düzü, marketinq direktorlarının firmalarda nə iş gördüklərini söyləmək çətindir. Bunu firma rəhbərləri daha yaxşı bilər. Digər tərəfdən, bir çox firmalarda bu vəzifənin formal xarakter daşıdığı da bəllidir. Belə ki, bəzi qurumlarda marketinq direktoru, ya heç nə ilə, ya da hər şeylə məşğul olur. Amma bizə bəlli olan odur ki, marketoloqların konkret və ciddi məsuliyyət tələb edən vəzifə öhdəlikləri var. Bu öhdəliklər onların vəzifə təlimatlarında da aydın göstərilir. Gerçəklikdə isə marketoloqların müasir dövrdə mal və xidmətin irəlilədilməsində və satışında oynadıqları rol əvəzsizdir. Eləcə də, bu qəbildən olan mütəxəssislərə bu gün dəyişən dünyada tələb durmadan artmaqdadır. Şirkətlərdə çalışan marketinq mütəxəssisləri nəticə olaraq mal və xidmət satışının effektivliyinə vermiş olduqları dəstəklə qürur duya bilərlər. Düşünürəm ki, marketinq və satış arasında güvənli əməkdaşlıq mövcud olan firmalarda marketoloqların əməyinin real nəticələrini görmək o qədər də çətin deyil.

- Bəs, marketinq menecer ilə marketinq direktoru arasında hansı fərqlər var?

Bu, terminologiya oyunundan başqa bir şey deyil. O şirkətin ki, satışı mükəmməl axında gedir və effektiv həcmə yüksəlir, deyirlər ki, onun mükəmməl marketoloqu və satış mütəxəssisi var. Direktor və ya menecer olması da şirkətin ştat cədvəlindəki struktura bağlıdır...

- Sizinən uğurlu və uğursuz hesab etdiyiniz marketinq kampaniyanız hansı olub?

Əslində uğursuz marketinq kampaniyası olmur. Markeoloq kimi çalışdığım illərdə və yaradıcı marketinqi seçdiyim dövrlərdə onu öyrəndim ki, marketoloq eksperimentdən çəkinməməlidir. Oxuduqların, təlimlərdə eşitdiklərin, başqalarının məsləhətləri səndən ötrü bir istinad nöqtəsi ola bilər. Səhvləri isə sən özün yaşamalı olacaqsan. Həyatın TƏCRÜBƏ adlı möhtəşəm müəlliminin mənə təlqin etdikləri budur. Amma unutmayaq ki, sadəcə, daha effektiv və ya səmərəsiz kampaniyalar ola da bilər və həmişə olacaqdır. Amma səhvlər də bir məktəbdir. Növbəti kampaniyada daha dəqiq planlı olacaqsan. Burda itirdiklərini orada qazandıqlarınla əvəzləyəcəksən. Yalnız işləməyənlər səhv etmirlər. Kamilliyə yol səhvlərdən keçir. Bütün həyatımız boyu hamımız öyrədir və öyrənirik.

- Teymur bəy, pandemiyadan sonra şikətlərin marketinqə ayırdığı büdcədə dəyişiklik olub mu?

Düşünürəm, post-pandemiya dövrü hələ gəlməyib, amma büdcəyə gəldikdə isə, deməliyəm ki, təbii, dəyişiklik olub. Təəssüf hissi ilə deyirəm ki, bizdə bütün böhran mərhələlərində ilk növbədə ixtisar olunan məhz marketinq büdcəsi olur. İndiki böhran da istisna olmadı. Əslində isə məhz bu dövrlərdə marketinq məsrəfləri artırılmalıdır.

- Hansı dijital kanallara daha çox büdcə ayrılıb?

Düşünürəm ki, bu da konkret firmanın rəhbərliyinin böhran dərslərinə necə yanaşmasından asılıdır və əsas amil kimi daha az ödəniş tələb edən media məcraları gündəlikdə daha aktual olur.

- Necə düşünürsünüz, marketoloqlar hansı təhsil, bacarıq, sertifikatlara sahib olmalıdırlar?

Marketoloqların işinin real göstəricisi konkret rəqəmlərdir, mal və xidmətin satış həcmidir, firma və ya markanın tanıtım səviyyəsidir, marka gücünün artım göstəricisidi. Bu statusa-yaxşı marketoloq adına hər kəs öz yolu ilə yüksəlir, mən insanın fəaliyyətinin effektivliyini heç vaxt sertifikatla dəyərləndirməmişəm, peşəkarlıq, məsləkə sədaqət, şəxsi inkişaf çox önəmlidir, amma burada konkret resept vermək istəməzdim... Hər kəs işində və həyatında özünün zəif tərəfini hamıdan yaxşı bilir. Bunu etiraf edib, məntiqi yolla müvafiq vasitələr və alətlərlə geriliyini ardan qaldırmaq daha məqsədəuyğun olmazdımı?

- Yaxşı marketinq direktoru necə olmaq olar?

Yaxşı sürücü və diplomat, yaxşı futbolçu və fermer, yaxşı müəllim və rəssam necə olmaq olarsa, yaxşı marketinq direktoru da elə olmaq olar. Öz üzərində işləmək, daha çox praktiki vərdişlər qazanmaq, idarə etdiyin mal və xidmət markalarının unikallığının ən xırda təfərrüatlarını belə bilmək, düzgün marketinq və kommunikasiya strategiyası tərtib və tətbiq etmək, taktiki vasitə və alətlərdən məharətlə faydalanmaq, komanda ovqatını ustalıqla formalaşdıra bilmək... Necə marketinq direktoru olmağın tam olmayan bu siyahısını xeyli uzatmaq da olardı...

- Azərbaycanda marketinq direktorları yaxşı qazanır? Məsələn, reklam sənayesinin güclü inkişaf etdiyi ABŞ-da marketinq direktorlarının maaşı ən azı ilə ən azı 40 000 (aya təxminən 3500 dollar) dollardan başlayır.

Peşəyə və ona müvafiq əmək haqqı bazarı da tələb-təklif zəminində formalaşır. Marketinq direktorunun qazancı onun gördüyü işə və qazandığı uğura mütənasib olmalıdır. Bu nisbət pozulduqda mütəxəssisdən tam səmərəli fəaliyyət gözləmək xam xəyaldır. Onun gözü həmişə iş elanlarında olacaqdır. ABŞ-a gəldikdə deməliyəm ki, bu ölkədə işsizlik üzrə ödənişlər, məncə, ayda 800 dollardan az olmamalıdır.

ABŞ bazarında reklam sənayesi siz vurğuladığınız kimi güclü olduğundan orada adi neyminq üçün ödəniş belə 40 000 (!) dollardan başlayır... Bizim isə öz ayağımız və öz yorğanımız var. Gəlin, bunu da unutmayaq.

Təşəkkür edirik!

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün