şənbə, 5 dekabr 2020

Azərbaycanda ƏDV-nin qaytarılması və yaranan – PROBLEMLƏR

420

Vergi Məcəlləsinə 1 yanvar 2019-cu ildən əlavə edilən 165.5-ci maddə ilə fiziki şəxs olan istehlakçıların pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə ödənilmiş ƏDV-nin (Əlavə Dəyər Vergisi) geri qaytarılması müəyyən edilib. Təkcə, bu mallara neft və qaz məhsulları aid deyil.

Həmin proseduru tənzimləyən müvafiq qaydalar isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 21 mart 2020-ci ildə təsdiq edilib.

Qaydalara görə, qaytarılan ƏDV nağdsız ödənişlərin tərkibindəki ƏDV-nin 15%-ni, nağd ödənişlərdə isə 10%-ni təşkil edir. Ölkədə fəaliyyət göstərən malsatan mütləq ƏDV ödəyicisi olmalıdır, nəzərə alın ki, iri supermarket şəbəkələrinin, demək olar ki, hamısı ƏDV ödəyiciləridir. Və alıcıya təqdim edilən nəzarət-kassa aparatı çekində malın sürətli məlumat kodu, başqa sözlə Fiskal ID və ya QR kod olmalıdır.

Həmin vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirməklə yanaşı, ölkədaxili bank kartlarına köçürmələr də etmək mümkündür.

Son günlər isə istifadəçilərin şikayətlərindən biri o olub ki, mağazadan alınan məhsuların qarşılığında verilən çeklərin ƏDV dəyərini oxutmaq mümkün olmur. Əlbəttə, bunun bir çox səbəbləri ola bilər, məsələn, çekin qatlanması zamanı zədələnməsi bura aiddir. Əgər QR kod ilə ƏDV dəyərini oxutmaq mümkün deyilsə, bu zaman Fiskal ID yerində olan rəqəmlərdən istifadə etmək olar.

İstifadəçilərin başqa bir problemi isə portala daxil edilən kassa çekinin “GÖZLƏYƏN” STATUSUNDA qalması olur. Bildirək ki, istehlakçının aldığı malı 14 gün ərzində dəyişdirmək və ya geri qaytarmaq hüququ olduğundan daxil edilən kassa çeki “gözləyən” statusunda qalır və həmin müddət başa çatdıqdan sonra aktivləşir. Sonradan isə məlumat müvafiq banka göndərilir və sonuncu tərəfindən 30 gün müddətində vəsait istehlakçıya qaytarılır.

Bəzi məqamlarda isə irisupermarket şəbəkələrində çalışan satıcılar bilərəkdən çeki müştəriyə təqdim etmir. Digər bir nüans isə nağdsız ödəniş zamanı irisupermarket şəbəkələri və apteklərin müştəriyə yalnız POS-Terminaldan çıxan çeki təqdim etməsi olur. Maraqlısıdır ki, ötən gün ölkənin aparıcı apteklər şəbəkəsinin birində qarşılaşdığımız situasiya idi. Müştəri nağdsız ödəniş edir (nağdsız ödənişlər stimullaşdırmaqdan dolayı, belə ödəniş növü zamanı daha çox ƏDV geri qaytarılır) və sonra ona POS-Terminal çeki təqdim edilir. Müştəri çekə baxdıqdan sonra üzərində QR Kod və Fiskal ID-nin olmadığını görüb, çeki tələb edir. Bu dəfə isə satıcı əlində büzüşdürdüyü və digər həmkarına ötürdüyü çeki müştəriyə təqdim edir. Müştərinin aldadılması ilə yanaşı, bizə görə, müştəriyə belə bir formada – “ƏLDƏ BÜZÜŞDÜRÜLMÜŞ” kassa çekini təqdim etmək də, ona qarşı hörmətsizlikdən başqa bir şey deyil.

Alıcılara belə məqamlara da diqqətli olmağı nağdsız ödəniş zamanı yalnız POS-Terminal çekini deyil, digər çeki, üzərində QR KOD və Fiskal ID-nin olduğu çeki də tələb etməyi tövsiyə edirik.

Sonda onu da nəzərinizə çatdıraq ki, istifadəçilərin çoxu ödənişsiz VPN xidmətlərindən istifadə etdiyindən, xidmət istifadəçilərin şəxsi məlumatlarının təhlükəsizliyindən dolayı VPN proqramları ilə edvgerial.az saytına girişi bloklayır. Ona görə də tövsiyə edirik ki, VPN xidmətini söndürməklə, xidmətdən istifadəni davam etdirəsiniz.

Xidmət https://edvgerial.az/az/faq bölməsi üzərindən sizin ƏN ÇOX VERİLƏN suallarınızı cavablayıb. Daxil olub, araşdıra bilərsiniz. Düşünürük ki, buradakı sualların cavabı sizin qarşılaşdığınız problemlərə cavab olacaq.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün