Böhran dövründə bəsit reallıqlar daha da mənalı hala gəldi. Bunlar aşağıdakılardır:


1. Hər kəsin təhlükəsizlik yastığına ehtiyacı var


Koronavirus epidemiyası maliyyə təhlükəsizlik yastığına hər kəsin ehtiyacı olduğunu açıq-aşkar göstərdi. Əlbəttə, hər kəs başa düşür ki, gələcək pis günlər üçün pul yığmaq lazımdır, amma bir çoxları buna hələ də hazır deyil. Məsələn, ölkəmizdə bir sıra insanlar hökumətin tədbirləri nəticəsində atılan özünütəcridə tam hazır deyildi. Ona görə də, ehtiyacı olanların dövlət büdcəsindən maliyyələşməsinə başlandı. Yəqin ki, 190 manatı xatırladınız. Fərq etmir ayda 300 manat qazanırsınız, yaxud 1000 manat, mütləq yığım olmalıdır. Məsələn, təsəvvür edin ki, növbəti 3 ayda gəlirsiz yaşayacaqsınız, buna görə də az-az da olsa yığımlar etməyə başlamalısınız.


2. Ən yaxşı iş yeri rəsmi iş yerləridir


Azərbaycanda koronavirus pandemiyasının ilk dalğasında işəgötürənin Elektron Hökumət Portalı üzərindən rəsmi icazəsi olduqdan sonra işçilərin fiziki iş yerinə gəlməyi mümkün idi. Eləcə yoluxmanın pik vaxtlarında isə onlayna keçən şirkətlərin bir çoxu rəsmi maaşı olduğu kimi saxladılar. Bir çoxları isə iş yeri və minimum maaş qalmaq şərti ilə işçiyə ödənişi həyata keçirirdi. Bizim təcrübəmizdə isə işçilər onlayn rejimdə yüksək performans göstərdiklərinə görə BONUS belə almışdılar. Ona görə də, ən yaxşı iş yeri rəsmi iş yerləridir. Koronavirus bu reallığı bir daha insanlara xatırlatdı.


3. Gəlir mənbəyi nə qədər çox olarsa, bu bir o qədər yaxşı haldı


Sabit bir pul axınına sahib olmaq çox etibarsızdır. Bu maliyyə axını adi bir koronavirus ilə belə dayana bilər. Məsələn, işçilərə yüksək maaş ödəyən şirkətiniz krizisə dözməyə və bağlana bilər. Amma şirkət ən yaxşı vaxtlar olduğu təqdirdə sizə ödənişinizi geri qaytaracağı sözü verə bilər. Əgər siz də şirkətə loyalsınızsa və davam etmək istəyirsinizsə, bu halda əlavə gəlir mənbələriniz mütləq olmalıdır. Əlbəttə ki, ideal olan dünyada, aktiv və passiv gəlir mənbələrinizi birləşdirə bilərsiniz. Məsələn, ola bilər ki, işinizi itirmisiniz, amma kirayə pulu və ya səhm pulları ilə yaşayırsınız. Amma təəssüf ki, biz adi bir dünyada yaşayırıq. Məsələn, part-time bir işə sahib ola, yaxud da loyal müştərilər yarada bilərsiniz. Bu müştərilər, sizin ehtiyacınız olduqda sizə kömək edəcəklər. Göründüyü kimi, əlavə gəlir yerlərinin daha çox faydası var. Məsələn, əsas işinizi itirdiyiniz təqdirdə və ya çətin günlərdə sizə kömək olacaq. İkinci detal isə odur ki, böhran anlarında nüfuz və əlaqələr köməyi ilə iş tapmaq daha asandır. Məsələn, bir çox şirkətlər krizisdə şirkətə real fayda verməyən işçilər ilə yollarını ayırdılar. Amma həmin işçilərin performansı aşağı olsa da, nüfuz və əlaqələri çox idi. Buna görə də pandemiyada işsiz qalmadılar.


4. Dövlətin dəstəyindən faydalanın


Yuxarıda da qeyd etdiyimiz kimi pandemiya zamanı hökumət vətəndaşlarına bir sıra ödəmə, müavinət və digər tədbirlər həyata keçirdilər. Bu yazımızda bu cür müavinətlərin az və ya çoxluğundan, yetərli olub-olmamasından bəhs etməyəcəyik. Əsas olan o idi ki, dövlət vətəndaşlarını unutmamışdı və dəstəyini göstərirdi. Onu da xatırladaq ki, heç kim sizin ehtiyacınızı hiss edib və o dəstəyi sizə verməyəcək. Əgər ehtiyacınız varsa, dövlətdən yardım almaq sizin də haqqınızdır, sadəcə nə etməli olduğunuzu (hara və ya necə müraciət etməli olduğunuzu) bilməlisiniz. Təkcə, koronavirus zamanı deyil, ondan kənarda da dövlət hər zaman ehtiyacı olan vətəndaşların yanında olub. Sizin etməli olduğunuz isə qanunvericiliyi izləmək və nəyə haqqınızın çatdığını müəyyən etməkdir.


5. Çatdırılma ilə demək olar ki, hər şey ala bilərsiniz


Onlayn ticarət uzun zamandır ki, ölkəmizdə inkişaf edir, ancaq koronavirus bu prosesi daha da sürətləndirdi. Çatdırılma evin yaxınlığındakı mağazalarda belə yarandı və bu tendensiyanın bir çox faydası var. Hər şeydən öncə onlayn alış-veriş vaxt və gücünüzə qənaət etmək üçün əla yoldur. Məhsul siyahısını tərtib edib onu kuryerə vermək daha rahatdır, nəinki məhsulları bir-bir seçib, onları səbətə yığmaq, üstəgəl uzun bir növbədə gözləmək və ağır məhsul paketləri ilə yuxarı bir mərtəbəyə qalxmaq. İkincisi, pula qənaət etmək üçün də yaxşı yoldur. Məsələn, hansı mağazada məhsul endirimi olduğunu yoxlamaq üçün həmin mağazaların tətbiqlərini yoxlamağınız kifayətdir. Əlbəttə ki, onlayn təkcə qida sənayesinin inkişafına təsir etməyib. Ancaq görünür ki, koronavirus bu sektorun inkişafı üçün xüsusi bir təkan oldu. Ümumiyyətlə, pandemiya sayəsində internet üzərindən hər-hansı bir məhsul almaq üçün bir çox faydalı kanallar əldə etdik.


Nəzərə alsaq ki, ölkəmizdə koronavirus pandemiyasının ikinci dalğası müşahidə edilir, seçimlərimizdə ehtiyatlı olmaqda fayda var.


facemark.az baş redaktor,


Ülviyyə Əlizadə