Azərbaycanda koronavirusun birinci dalğası zamanı belə bir uğurlu hal müşahidə edilmişdi. Belə ki, şirkətlər onlayn çatdırılmaların sayını artırmışdı. Rəsmilər isə virusa yoluxma riskini minimuma endirmək üçün insanları nağdsız ödənişlərdən istifadəyə etməyə çağırırdı. Artıq son statistikalar da göstərir ki, ölkəmizdə koronavirusa yoluxma sayında ciddi artım müşahidə edilir. Ancaq təəssüflər olsun ki, müştəri kimi bir çox mağaza satıcından nağdsız ödənişlərin olub-olmamasını soruşduqda “YOX!” cavabı aldıq. Bəs, qanunvericilik nə deyir və maliyyə sanksiyaları nə qədər nəzərdə tutulub?


Nəzərinizə çatdıraq ki, vergi ödəyicilərinin əsas vəzifələrindən biri də Vergilər Məcəlləsinin 16-cı maddədə göstərilib ki, POS-terminal-ların quraşdırılmasıdır. Həmin maddəni olduğu kimi təqdim edirik:


16.1.11-1. nağdsız ödənişlərin aparılması üçün “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılmasını və (və ya) “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə uyğun olaraq satıcı kimi fəaliyyət göstərdikdə, həmin Qanuna əsasən istehlakçıların elektron ödəniş etmək imkanını təmin etmək;


Elə həmin Məcəllənin 58,7-ci maddəsinə 2020-ci ilin yanvarın 1-dən dəyişiklik edilib. Orada göstərilib ki, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminalIar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiqi qüvvəyə minib.


Vergi Məlləsinə edilən, dəyişikliyə, əsasən, bu hala təqvim ili ərzində ilk dəfə yol verdikdə 1000 AZN, ikinci dəfə yol verdikdə 3000 AZN, üçüncü dəfə yol verildikdə isə 6000 manat maliyyə sanksiyası tətbiq edilir.


Bəs, POS-terminalı hansı obyektlər quraşdırmalıdır?, aşağıda isə bu haqda informasiya əldə edə bilərsiniz.


POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları isə Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “AR ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi qaydaları”, “POS-terminal quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları” ilə tənzimlənir.


Adıçəkilən qərarda ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı əhaliyə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı hesablaşmaların aparılması həyata keçirilən zaman POS-terminalların məcburi quraşdırılması tələb olunur.


1. POS-terminallar quraşdırılacaq obyektlər aşağıdakılardır:


1.1. dövriyyəsindən və ərazisindən asılı olmayaraq Əlavə Dəyər Vergisi (ƏDV) ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) (vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alındığı tarixdən);


1.2. dövriyyəsindən və ərazisindən asılı olmayaraq avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələr, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, hava, su, dəmiryol və avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələri və turizm şirkətləri (təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alındığı tarixdən);


1.3. rüb üzrə orta aylıq dövriyyəsi 2000 (iki min) manatdan artıq olan vergi ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) (ərazilər üzrə POS-terminalların mərhələlərlə tətbiq edilməsi cədvəlinə uyğun olaraq);


1.4. hüquqi şəxslərə və fərdi sahibkarlara məxsus minik avtomobili ilə (taksi) sərnişin daşınmasını həyata keçirən nəqliyyat vasitələri (ərazilər üzrə POS-terminalların mərhələlərlə tətbiq edilməsi cədvəlinə uyğun olaraq);


1.5. vergilərin və göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənişini qəbul edən dövlət orqanları (ərazilər üzrə POS-terminalların mərhələlərlə tətbiq edilməsi cədvəlinə uyğun olaraq).


POS-terminalın quraşdırılmasına məhdudiyyət yoxdur. Digər obyektlər də öz istəyinə uyğun olaraq POS-terminal quraşırılmasını təmin edə bilər.


Xatırladaq ki, 2020-ci ilin may ayında ölkəmizdə fəaliyyət göstərən POS-terminalların sayı 55027 olub, bu isə Vergilər Nazirliyinin 2019-cu ilin sonunda açıqladığı rəqəmlərdən bir qədər aşağı olub.


Nəzərinizə çatdıraq ki, Mərkəzi Bank Maliyyə Savadlılığı proqramı çərçivəsində POS-terminallar haqqında da video çarx hazırlayıb. Bu maarifləndirici çarxa isə hər kəsin baxmağını tövsiyə edirik.


Beləliklə, qanunvericiliyə, əsasən, müştərinin POS-terminal quraşdırılması məcburi olan vergi ödəyicilərindən nağdsız ödəniş tələb etməyə haqqı var. Yox, əgər bu yoxdursa, həmin vergi ödəyicilərinin, əlbəttə ki, yuxarıda da qeyd etdiyimiz kimi maliyyə sanksiyalarından qaçması çətin olacaq.


https://www.facebook.com/watch/?v=1721186164567503