şənbə, 5 dekabr 2020

MARŞ İRƏLİ VƏ YA HAYDİ İGİDLƏR!!!


Teymur Məmmədov


445

Reklamçılıq fəaliyyətimizdə başlıca missiya olmaqla satışa müsbət təsir göstərən marketinq aləti - jingl əvəzsiz rolunu həmişə yüksək qiymətləndirmişəm və elə bu günün özündə də bu fikrimdə israrlıyam. Ərsəyə gətirdiyimiz çağırış təyinatlı və vəsfedici musiqi ritmləri əksər hallarda müştərinin yadında məhsula barədə silinməz iz salırdı, onun hafizəsində uzun zaman qalırdı, markanın tanıtım əmsalını yüksəldirdi, məhsulun imicinə dəstək təsiri göstərirdi. Ritmlə melodiyanın üzvi vəhdəti, vokal ilə kollektiv istəyin yüksək tonusu insanlara bir başqa duyğular aşılayırdı.

https://www.youtube.com/watch?v=133MQKvLE9w

Müasir marketinqlə lokal müharibələr arasında ciddi oxşarlıqlar var və bu faktor zaman keçdikcə daha sərt və barışmaz tendesiya olmaqla inkişaf edəcək, sosial təsir perspektivləri baxımından aktuallığını saxlamaqla bərabər, yeni texnoloji müstəvidə daha ciddi mahiyyət kəsb edəcəkdir.

Bu mənada dəyərləndirilirsə, səfərbərlik, mövqeləndirmə, personalın (eləcə də şəxsi heyətin) döyüş ruhunun yüksəldilməsi, logistik resursların düzgün komplektləşdirilməsi, həm marketinq savaşlarında, həm də lokal müharibələrdə çox ciddi əhəmiyyət daşıyacaqdır.

Son 30 ildə biz müharibənin acısını və və bu günlər şirinini dadan bir xalq olduğumuz üçün bu savaşdan gələcək fəaliyyətimiz naminə çox mətləbləri öyrənməli və onlardan əməli işimizdə istifadə etməliyik. Biz bir yeni inkişaf müstəvisinə qədəm qoymalı, daha sistemli düşünməli, daha qərarlı fəaliyyətlərə keçməli, son nəticədə hər sahədə effektiv nəticələrə imza atmalıyıq.

https://www.youtube.com/watch?v=eagUdBDCqPE

https://www.youtube.com/watch?v=xodr5o2Shck&list=RDBZ7yiizpnC8&index=25

Sovet Ordusu sıralarında hərbi xidmətdə olanda komandirlərin sıra marş və mahnılarına xüsusi diqqət yetirdiyinin fərqinə varırdım. Anlayırdım ki, müxtəlif millətlərdən olan, fərqli mentalitet daşıyıcıları kimi biz fərdlərin bir ruhda, bir istəkdə, bir yumruqda cəmlənməsi üçün ritm, təkrar ritmlər və xüsusi vurğular insanların eyni ruha köklənməsi, bir qəlb kimi döyünməsi, bir ideoloji dəyərlərə köklənməsi, bir komanda platformasında cəbhələşməsi üçün çox zəruri məziyyətlərə sahibdir.

https://www.youtube.com/watch?v=7GB06noZLbY

Bəzən saatlarla, günlərlə, həftələrlə məşq və repetisiyalar, sıra təlimləri insanı zombiləşdirəcək dərəcədə təkrarlanırdı ki, bu da əsgərdə yeni bir həyat tərzi formalaşdırırdı. Döyüşçünü başqa bir komanda üzvünə çeviridi, yaxşıya oxşamaq, hətta onu ötüb keçmək, qalib gəlmək, qabaqda olmaq və bu kimi digər keyfiyyətlər əsgərə bax belə aşılanırdı.

Sovet ordu quruculuğu sistemi hərbi geyimli adi insana düşünmək deyil, verilən komandaya şərtsiz əməl etmək ruhu təlqin edirdi. Bu mənada sıra marşları və sıra təlimi mahnıları əsgərin psixologiyasında xüsusi yer tuturdu. Yaxşı yadımdadır, hər axşam yatmazdan qabaq sıra yoxlamalarında bəzi mərasim elemenləri aylarla, illərlə dəyişilməz qalırdı. Daha təsirli an isə bizim 93-cü qvardiya diviziyasının döyüşçüsü Sovet iİttifaqı Qəhrəmanı Gəray Əsədovun adının təntənəli surətdə elan olunması və onun əvəzinə səslənən əsgərin «Beynəlmiləl borcunu yerinə yetirən zaman qəhrəmanlıqla həlak olmuşdur» deməsi və yenə sıra ilə keçərək, daha sonra mahnı oxuyaraq kazarmaya yollanmalarımız zamanı fərqli hisslər yaşayardıq.

https://www.youtube.com/watch?v=sglHlMCpJ8E&t=3s

Əvvəlan, həmyerlimizlə qürurlanardıq, həm də sıra ilə mahnı oxuya-oxuya addımlayaraq gedərkən bütün batalyon sanki bütövləşirdi, sanki bir adam olurduq. İnsanlar arasında ayrı-seçkiliklər aradan qalxırdı, hər kəs yanındakı döyüşçüyə güvənirdi, döyüşdə ondan dəstək alacağını düşünürdü.

Əslində Sovet Ordusunun gücü silahlarda deyildi, heç hərbi hazırlıqda da deyildi, əslində bu göstəricilərə görə SSRİ Almaniyadan çox geri qalırdı. Üstəlik, müharibənin əvvəlində ciddi məğlubiyyətin acısı insanları üzürdü. Lakin sovet əsgəri sınmadı. Çünki arxa və ön cəbhənin birliyinə arxayın idi. Birlik ruhun mayasıdır. Birlik gücdür. Birlik milyonların bir güclü yumruğudur. Birlik vuran qollar, ümumi nifrət və yüksək səviyyəli səfərbərlikdir. Hər kəsin bir amal uğrunda, Ana Vətən dəyərləri və idealları ilə əlbir cəbhələşməsidir.

https://www.youtube.com/watch?v=cKrzioUSuFU&list=RDBZ7yiizpnC8&index=43

Buna da marşlar sayəsində nail olunurdu. Fərəhli haldır ki, yuxarıda sadaladığım keyfiyyətlər daha mükəmməl və müasir traktovkada, təcrübədə ölkəmizin Vətən Müharibəsində özünü bir daha təsdiq etdi. Bizim birliyimizin sarsılmazlığı, Vətənə məhəbbətimizin ümman nəhayətsizliyi, peşəkarlıq və güvənin möhtəşəmliyi öz rolunu oynadı. Burada Türkiyənin hərbi sənət ənənələrinin möhtəşəmliyini, Türkiyənin bu günün özündə həyata keçirdiyi ordu quruculuğu, texnologiyanın hərb sahəsinə üzvi tətbiqi, Türkiyə hərbi marşları və sıra təlimləri mahnıları, indi yaradılan əzəmətli marşlar və əsgər mahnıları bizə də təsirsiz qalmadı. Biz də öyrəndik, öyrənirik və öyrənəcəyik. Biz gözəl bilirik ki, bundan sonrakı bütün həyatımız «sülh istəyirsənsə, müharibəyə hazırlaş» sloqanı ilə davam edəcəkdir. Əsgəri xidmət hər bir gənc üçün gözəl həyat və cəsarət məktəbi olacaqdır.

Bizim Vətən Müharibəmizdə əhalinin bütün təbəqələri, bütün millətlərin və xalqların nümayəndələri yumruq kimi birləşdilər, əgər mümkün olsaydı, bütün millət, uşaqlar və böyüklər, yeniyetmələr və ahıllar, qızlar və qadınlar bu möhtəşəm sıraya qoşulardı və bir nəfər olaraq bütövləşərək AZƏRBAYCAN ƏSGƏRİ marşının sədaları altında cəbhəyə yollanardı, çünki ölkə bir ruha köklənmişdi, hər kəs üçün bu savaş olum ya ölüm qədər önəmli idi.

Heyrətlənməyin, təəcüblənməyin, bu günlərdə xalqımızın bu misilsiz keyfiyyətini, döyüşkənliyini dəyərincə qiymətləndirin. Bu zamanda yaşadığınız üçün fəxr edin. Mənim kimi, milyonlar kimi qəlbiniz fərəhlə döyünsün, qürurlanın, məğrur olun.

Bunun marketinqə nə dəxli var? Marketinq öz alətləri sayəsində emosional rüh yüksəkliyini bağlantıya çevirir, onu markaya loyallıqla möhkəmləndirir, markanı hafizələrə xüsusi notlarla həkk edir. Bu mənada jinql marketinq aləti olaraq mühüm rol oynamaq iqtidarındadır. Özünüz sınayın, səmərəsini görəcəksiniz.

https://www.youtube.com/watch?v=sLeT4r3Yw1M

Ritmik melodiyalar, rəqslər və marşlar insanı hər zaman nəyəsə mobilizə edir. Onu hansısa bir ciddi addım atmağa daha güvənli emosional zəmində hazırlayır.

Əsgər marşlarının önəmli üstünlüyü insanın beynində hazırda olan yayındırıcı fikirləri bir kənara qoyub, daha aktual olanı, indiki anın özəl tələblərini önə çəkmək imkanıdır. Bu an insan bir istəyə, bir missiyaya, bir vəzifəyə - qalib gəlmək, üstün olmaq istəyinə köklənmiş olur.

Bizim savaş dönəmimizdə də efirdə bizə təqdim olunan ritmlər də bir istəyə xidmət edirdi. Çünki bunlar hər birimizi bir araya gətirən azadlıq marşı, əsgər marşı, ləyaqət marşı, cəsarət marşı, çağırış marşı idi...

Ötəri tanışlıq belə onu deməyə əsas verir ki, müxtəlif ölkələrin, xalqların hərb tarixində marşlar və əsgər sıra təlimi mahnıları həmişə mühüm yer tutmuşdur. Bütün hallarda mahnılar insanları döyüşə səsləmiş, savaşa ruhlandırmış, qələbəyə qanadlandırmışdır. Hətta əsgər dincəldiyi zaman belə səslənən duyğusal mahnıların da sözlərində qələbə və torpaq, əsgəri mükəlləfiyyətin müqəddəsliyi və Vətən sevgisi ön plana çəkilirdi.

Mən bu yazıda müxtəlif xalqların müxtəlif tarixi dönəmlərdə ölüm-dirim savaşında səsləyən bir neçə hərbi marşının linklərini əlavə edəcəm. Bu hərbi mövzulu yaradıcılıq əsərlərində poetika, ritmlər, şeriyyətin mövzusu, ifa tərzinin özünəməxsusluğu müxtəlif olduğu qədər də oxşardır. Amma bu əsərləri birləşdirən bir amil var – Nikbinlik, İnam, Haqq işi, Qələbə ruhu...

https://www.youtube.com/watch?v=yPsUxLLeV1E&t=108s

Sual edə bilərsiniz, bunu bizim fəaliyyət sahəmizə nə dəxli var? Marş hara, mahnı hara, marketinq hara? Cavabımı çox da ləngitməyəcəm.

Dərindən yanılırsınız! Çox yanılırsınız! Ən mükəmməl müharibənin özü marketinqdir. Ən mükəmməl marketinqin özü müharibədir.

Burada iki fərq var. Savaş alətləri və hərbi fəaliyyət teatrının cərəyan etdiyi məkanlar... Amma resurslar, loqistika, kəşfiyyat, partizanlıq, mövqeləndirmə, rəqib tərəfi dəyərləndirmə, strategiya, taktika hər iki sahə üçün önəmlidir. Müharibə ölümlə əlamətdardır. Marketinq keyfiyyətli həyat tərzi sürməyə və fərqli yaşam həvəsinin təbliğinə xidmət edir. Jingl janrından geniş istifadə etməyə çalışın. Səmərəsini mütləq görəcəksiniz.

Bu barədə növbəti yazımızda bəhs edəcəyik...

Möhkəm birlik diləyi ilə

Teymur Məmmədov,

Kreativ direktor

Adver.az

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün