şənbə, 5 dekabr 2020

SOSial REKLAMÇILIQ əslində ictimai haraya səs verməkdir


Teymur Məmmədov


389

Sosial reklamçılıq olduqca faydalı marketinq alətidir. Ondan düzgün istifadə olunarsa, mesajların ictimailəşməsi asanlaşar, daha geniş əhatə dairəsinə yetişən xitabın gözəl geri dönüşünü, başqa sözlə, hədəfə yetişməni təmin edər. Bu gün texnologiyanın zəngin kommunikasiya məcraları kütləyə ünvanlı mesajların əhatə dairəsini durmadan genişləndirməyə qadirdir. Təbii, bunu mənsiz də bilirsiniz. Amma bilmək bir şeydir, tətbiq və istifadə sayəsində konkret nəticə əldə etmək tam başqa nailiyyətdir.

https://www.youtube.com/watch?v=joJJJQF70HM

Sosial yönümlü audiovizual materialların ictimai şüura təsiri danılmazdır. Bu tipli daşıyıcılarda emosional zəmin nə qədər ağırlıqlı olursa, onun kommunikasiya prosesində effektiv geri dönüşü də o qədər təsirli olur. Müasir texnoligiya insanların şüuruna və məişətinə o qədər dərindən nüfuz edib ki, istəsək də, istəməsək də, bu təsirə qarşılıq veməliyik. Üstəlik də, texnologiyanın inasanlara informativ press təzyiqi gedikcə daha da güclənəcəkdir. Bu proses təlqin olunan informasiya axınının nə qədər güclü olmasından çox asılıdır. Digər tərəfdən də ideoloji zəminin destruktiv və ya konstruktiv perspektivindən əldə olunan nəticələrdən asılıdır, tətbiq olunan dəstək aləti isə müsbət nəticələrə doğru yön verəcəkdir.

https://www.youtube.com/watch?v=fzs_dYE6MjA

Diqqətinizi Vətən müharibəsindən öncə rejissor Nazim Şərbətovla birlikdə ərsəyə gətirmiş olduğumuz bir sosial çarxa cəlb etmək istərdim. Məqsədim özünü reklam deyil. Burada əsas niyyət Azərbaycan vətəndaşlarının hansı ölkədə yaşamalarından asılı olmayaraq, özlərinin Vətənə bağlı qalmalarını, balalarını da tarixi Vətənə sevgi ruhunda tərbiyə etmələrini, Azərbaycanın tarixi və gələcəyi ilə qürur duymalarını ön plana olana çəkmək idi. Bu qəbildən daha bir neçə video çarx yaratmaq istəyirdik.

https://www.youtube.com/watch?v=bB23gWx0hpo

Mən bu çarxa bu gün yenidən baxdım. Tamam başqa nəzərlərlə. Bu günün həqiqətləri fonunda. Bu günün birliyi müstəvisində. Bu günlərin dəyərləri axınında. Bilirsiz, çox sevindim. Bəzi məqamlarda hadisələri yaxşı mənada qabaqladığımız üçün. İnsanların Azərbaycana, Ana Vətənimizə və onun dəyərlərinə baxışlarının dəyişilməz, hətta müqəddəslik zirvəsində olması baxımından da bu çarx bir çox həqiqətləri bir daha iri planda göstərmiş oldu.

https://www.youtube.com/watch?v=rQXRYSaMAZw

Bu gün çoxları heyrətlənir ki, xalqımızın bu möhtəşəm birliyini və sarsılmaz ruhunun mənbəyi, qaynağı hardan vüsət alır... Bunu görməkdən, həm qürurlanır, həm də heyrətlənirəm deyirlər. Onları başa düşmək çətin deyil. Çətin olan odur ki, xalqın gizli qalan enerji potensialını üzə çıxarmağı bacarasan. Vətəndaşın yaşadığı torpağa sevgisini alovlandıra biləsən. Vətən sevgisi gözlə görünmür, duyulur, amma heç zaman ölmür. Vətən sevgisi genetik yaddaşda qalır. Əbədi qalır. O da ocaq kimi közərən dövrlər də keçirir, tüstüləyən zamanı da olur, lakin enerjisi səfərbər edildikdə, anında alovlanır, ətrafı yandırıb-yaxır. Vətən sevgisindən dərin və geniş sevgi ümmanı yoxdur Kainatda...

Bu baxımdan sosial aksiyaların keçirilməsi, könüllülük hərəkatına dəstək verilməsi və həvəsləndirilməsi, sosial reklamçılığa yeni ruh qatılması bu gün son dərəcə aktualdır. Bü yöndə atılan addımlar nə qədər çox olursa, geridönüş və effektivlik də ona düz mütənasib olaraq artacaq, genişlənəcək, yüksək vüsət alacaqdır.

https://www.youtube.com/watch?v=tRzA7kyi96A

Hər hansı məhsul və markanın sosial reklamı və yaxud məhsulun özünün belə önə çıxarılmadan, ictimai sevinci paylaşması, eləcə də sosial hal və hadisəni dəyərləndirməsi çox mühüm əhəmiyyət kəsb edir. Bilirsiniz, yalan tez-tez təkrarlananda həqiqətə oxşamağa başlayır, əgər həqiqət təkrarlanarsa, daha inanırıcı olur, daha təsirli olur, daha çox sevilir.

Düşünürəm ki, öndəki illər ərzində sosial reklam materiallarına çox ciddi ehtiyac olacaqdır. Bizim qarşımızda milli özünüdərkin yeni erası açılır. Milli dəyərlər, birliyin gücü, gələcək günlər, quruculuq strategiyası ictimai dəstəyə ehtiyac duyur. Biz atəşlə silahla savaşda qalib gəldik, lakin sülh dövründə daha ciddi sınaqlar önümüzdədir. Bunu unutmayaq. Ayıq-sayıq olaq.

https://www.youtube.com/watch?v=Xm72H51kdtg

Həyatın bütün sahələrində, elmdə, təhsildə, quruculuq işlərində, öklənin odun-alovun işindən çıxan böyük bir bölgəsinin sosial-iqtisadi həyatının dirçəldilməsi, iqtisadi yüksəlişi, insanların öz yurd-yuvalarına qaytarılması, çoxşaxəli infrastrukturun yaradılması güclü intellektual, mənəvi və maddi resurslara ehtiyac duyur.

Belə bir tarixi dönəmdə ölkədaxili, ölkəxarici ictimai əlaqələrin kompleks həlli, sosial aktivliyin, haqq və ədalətin bərpasının, şəhidlərin qəhrəmanlığının ön plana çəkilməsi, qazilərin sosial dəstəklə əhatə olunmasının işıqlandırılması sosial reklamçılıq qarçısında geniş üfüqlər açır.

İnanmaq istərdim ki, biz qalib əsgərin nümunəsində sosial həyatda qalib vətəndaşın zəhməti sayəsində çiçəklənəcək bir ölkənin sosial portretinin yaradılmasında birlikdə uğurlar qazanacağıq, inkişafla bərabər addımlayacağıq, zamanla özümüz dəyişiləcək, zamanla özümüzü dəyişəcəyik, mütərəqqi, çalışqan, hədəfə can atan bir sosial topluma çevriləcəyik.

Həmişəki kimi gələcəyə nikbin baxışlarla,

Teymur Məmmədov,

Kreativ direktor

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün