şənbə, 16 yanvar 2021

Sənan Həsənov: İcra tarixləri ilə bağlı münasibətim 5 il əvvəlki kimi deyil

359

facemark.az -ın DEADLİNE-LAR İLƏ NECƏ İŞLƏMƏLİ? mövzusunda Beynəlxalq Akkreditasiyalı Peşəkar kouç, ICF PCC (Beynəlxalq Kouçlar Federasiyası (ICF) tərəfindən akkreditasiya olunmuş Peşəkar Akkreditasiyalı Kouç (PCC) Sənan Həsənov ilə MÜSAHİBƏSİ

  • Bu gün gənc işçilərin ən çox qarşılaşdığı problemlərdən biri deadline-lar ilə işləməkdir. Bəs siz deadline-lar ilə işləmək üçün hansı faydalı üsuldan istifadə edirsiniz? Söyləyəcəkləriniz bəlkə də gənclərə faydalı və istiqamət ola bilər.

Bu mövzuda Eyzenhauer modeli çox faydalıdır. Bunun üçün bütün işləri bir vərəqə yazmaq lazımdır. Daha sonra həmin işləri vacib- təcili, vacib-təcili olmayan, vacib olmayan-təcili, vacib olmayan- təcili olmayan işlər qruplarına ayırmaq lazımdır. Daha sonra o işləri aşağıdakı strategiyalara uyğun idarə etmək olar.

  • Xarici mütəxəssislər deyir ki, deadline ehkam deyil, onu alıcıya dəyişdirmək də olar?

Deadline həqiqətən də ehkam deyil. Onların icrası gecikə də bilər. Sadəcə bu zaman icranı gözləyən tərəfləri öncədən məlumatlandırmaq lazımdır.

  • Deadline ilə işləyən zaman hansı uğursuz hal sizi (alıcıya-müştəriyə) qeyri-peşəkar kimi göstərə bilər?

Əsasən bir neçə şəxsin bir-birindən aslı şəkildə deadline müəyyən etdiyi zaman belə hallar baş verir. Məsələn, Departament rəhbəri, şöbə rəhbərindən iş tələb edir, o bu işi hər hansı bir əməkdaşa tapşırır. Nəticədə əməkdaşın işi icra etməməsi şöbə rəhbərinin icrasızlığını göstərmiş olur. Bu zaman bütün mərhələrdə olan şəxslərin qeyd etdiyim kimi deadline tarixlərinə diqqətli olması lazımdır.

  • Müştəri obrazında deadline ilə işləyən zaman hansı uğursuz hallar ilə qarşılaşmısınız? Əsasən, onların belə demək mümkünsə bəhanələri nə olub?

Bilirsiniz mənim 5 il əvvəl və indi icra tarixləri ilə bağlı münasibətim fərqlidir. Əvvəllər hər hansı müştərinin və ya şəxsin istənilən bir işi zamanında icra etməməsi mənə daha acı təsir edərdi. İndi kouçluq sayəsində mənim münasibətim tamamilə dəyişmişdir. Hazırda belə yanaşıram ki, hər hansı məsələ icra olunmursa demək ki, hazırda onun icrası məqsədə uyğun deyil. Yox əgər mən o işin icra olunmasına kəsin əminəmsə o zaman həmin şəxsdən bu işi hansı halda zamanında icra edə bilər deyə soruşuram. İcraçı şəxsin istəyindən aslı olaraq yanaşmanı dəyişməyə çalışıram. Nəticədə iş vaxtında icra olunur.

  • Bizim kreativ komandada çalışan əməkdaşlarımızdan biri həmişə deyirdi ki, o yaradıcı insandır və deadline-lar ilə işləyə bilmir bu onun yaradıcılığını sıxır. Siz nə fikirdəsiniz? Yaradıcı insanlara deadline qoymaq olmaz?

Doğrudur yaradıcı insanlar müəyyən zaman çərçivəsində işləməyi xoşlamazlar. Ancaq mənim müşahidə etdiyim budur ki, yaradıcı insanlar görəcəkləri işin dəyərini dərindən anladıqda, bunu nə üçün etdiklərini bildikdə onu deadline kimi müəyyən etdiyi vaxtdan da tez icra edirlər. Hətta onlar vaxta fərqli yanaşdıqları üçün bəzən gecə gündüz də çalışıb inandıqları işi qısa zamanda reallaşdırırlar.

  • Əlbəttə, müasir texnologiya və alətlərin inkişafı bizə kömək edir ki, deadline-lar ilə işləmək üçün onlardan istifadə edək. Bəs, siz deadline ilə işləyən zaman hansı əlavə və platformalardan istifadə edirsiniz? Yoxsa, ajendada not almağın tərəfdarısınız?

Müasir texnologiyalar işlər və onları zamanında icra etməyə nəzarətdə çox effektivdir. Bu sahədə mən Google məhsullarından geniş istifadə edirəm. Görüşlərlə bağlı “Google calendar”, işlərlə bağlı “Google” task mənim üçün rahatdır.

  • Niyə bizdə hələ də belə fikir var ki, deadline son tarixdir, ona qədər işlərə baxmamaq da olar. Hətta Critical Path Method-una görə, bütün deadline-lar son tarixdə tamamlanır və ona daha az vaxt sərf edilir. Bu nə ilə bağlıdır?

Hər hansı bir işi görərkən aşağıdakı bir neçə sualı, hər bir insan özünə verməlidir:

  • Mən bu işi nəyə görə etməliyəm?
  • Bu iş mənim hansı ali məqsədimə xidmət edir?
  • Bu işi niyə məhz mən etməliyəm?

Bütün bu suallara cavab verdikdən sonra yenə də o işi görməyin sizin üçün vacib olduğu qənaətinə gəlirsinizsə, o zaman ona hansı deadline müəyyən edəcəyiniz vacib deyil, çünki o işi siz ən qısa zamanda icra edəcəksiniz.

Bütün deadline-ların son tarixdə tamamlanması isə görülməsi gərəkən işin onun nə üçün vacib olduğunu izah etmədən tələb edilməsi ilə əlaqədardır. Belə olan halda insanlar onlara həzz verən işlərə daha öncəlik verib icra edir bir çox digər işlər son ana qalır.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün