bazar ertəsi, 18 oktyabr 2021

“Holland sindromu” və fəlakət


Səməd Şıxı


1143

Müstəqillik qazanan Azərbaycanın iqtisadiyyatını dirçəltmək üçün əlində neft kimi üstünlüyü var idi. Müstəqilliyini yeni qazanmış, savaş şəraitində olan bir dövlət tək başına nefti çıxarma şansında deyildi və dünyanın ən məşhur neft şirkətlərini dəvət edərək neft ixracatına başladı. Bura qədər normaldır hər şey. Ya sonra? Neftdən əldə olunan gəlirlə nə etdik? Neftin gəliri səmərəli şəkildə ölkə iqtisadiyyatını dirçəltmək və hər sahəsində fəallığı artırmaq üçün sərf olundumu?

1977-ci ildə “The Economist” jurnalında adı ilk çəkilib. Ondan sonra da “Dutch Disease” yəni, “Holland sindromu” - ölkə iqtisadiyyatının bir sahənin, əsasən də, təbii sərvətlərin ixracatının inkişafı, digər sahələrin isə kənarda qalıb, zəifləməsi; istehsalatın yox səviyyədə azalmasına deyilir. İlk dəfə 1959-cu ildə Niderlandda tapılan təbii qazdan sonra bütün iqtisadiyyatın onun üzərində qurulmağa çalışması və ardıyca gələn ölkəyə daxil olan kapital ölkə valyutasının dəyərini sürətlə artırdı. Bundan qaynaqlanaraq qiymət artımları və işsizliyin sürətlə artmasına, sənayenin zəifləməsinə səbəb oldu.

“Holland sindrom”lu ölkələrdə ölkənin iqtisadiyyatı, büdcəsi və digər yatırımları, kapital dəyərləri ölkənin gəlir mənbəyi olan ixracatdan asılı hala salınır. Bu ixracatın yüksək qiymətə satışı zamanı ölkəyə daxil olan kapitalın düzgün istifadə edilmədiyi təqdirdə, ani qiymət düşüşü zamanı önləyici tədbir ala bilməyərək ölkəni mikro və makro səviyyədə devalvasiyaya sürükləyə bilər. Bunun bariz nümunəsi olaraq Azərbaycanın XXI-əsrin əvvəlində Azərbaycan iqtisadiyyatında baş verən müsbət dəyişikliklər ölkənin inkişafını xeyli sürətləndirmiş, onu regionun ən güclü dövləti halına gətirmişdi. Ya sonra? Gözlənmədik bir qiymət düşüşünə qarşı hansı tədbirlər görülmüşdü? Qeyri-neft sahəsinə yatırılan kiçik kapitallar və qayğı ölkəni bu devalvasiyadan qurtardımı? Kənd təsərrüfatı, Təhsil, Turizm kimi daha önəmli sahələrdə yaranan boşluqlar özünü bərpa etmək üçün xeyli zaman istəyəcək.

Norveç “Holland Sindromu”ndan keçmiş, amma əlindəki kapitalı dəyərli şəkildə istifadə etməyi bacarmış nümunəvi ölkədir. XX əsrin 60-cı illərində Niderland kimi o da neft və təbii qaz çıxarmış, amma bu gəlirləri Neft Fondunda toplayaraq gələcəyə yatırım edilmişdir. Bununla yanaşı paralel olaraq digər sahələrin də inkişafı, ölkə iqtisadiyyatına güclü təkan oldu. Neft və qazla yanaşı ölkədə gəmiçilik, balıqçılıq artmağa başlamışdı. Srerilizasiya istiqamətində Neft Fondu dəyişərək Dövlət Pensiya Fondu oldu. Fondun vəsaitləri beynəlxalq səhm və istiqrazlarına yatırıldı. 600 mlrd dollardan daha artıq dəyərə sahib olan fond sayəsində gələcək nəsilin hər hansısa bir devalvasiyanı önləməsi üçün, inkişafda problem yaşamaması üçün gücü mövcuddur. Buna da Suveren Sərvət Fondlarından istifadə üsulu deyilir. Suveren sərvət fondları əhəmiyyətli bir valyuta bahalaşmasına səbəb olmaması üçün iqtisadiyyata kapital axınlarını sabitləşdirməyi hədəfləyir. Artıq gəlirlər iqtisadiyyata şaxələndirməyə kömək edəcək təhsil və ya infrastruktura sərf edilə bilər. “Holland Sindromu”ndan qurtulmağın tək və əsas strateji xətti isə iqtisadiyyatı şaxələndirməkdir. İqtisadi şaxələndirmə, iqtisadiyyatın geridə qalmış sektorlarına subsidiya vermək və ya yerli istehsalçıları dəstəkləmək üçün tariflər müəyyənləşdirməklə əldə edilə bilər. Təbii ki zamanında görülən tədbirlər əsasında bu fəlakətdən qurtulmaq mümkündür.

Ölkədə sənayenin inkişafı etməzsə ölkə tələbatı xaricdən ödənər. İlk başda bu daha ucuz və səmərəli görünər. Çünki sənin xarici kapitalın daha çoxdur və ucuz qiymətə istehsal edəcəyini əldə edə bilərsən. Ölkədə minimum gəlir səviyyəsi yetəri səviyyədə deyilsə hələ ki, ilk devalvasiyada qiymətlər oynayar və ölkənin alım gücü düşər. İşsizlik və yoxsulluq səviyyəsi gözlənmədik bir səviyyədə artar. Bunun ilk təsir edəcəyi sahə də sənaye, mədəniyyət və turizmdir. Onların zamanında inkişaf etdirilməsi digər boşluğu doldurmağa əlverişli olduğu təqdirdə önləyər və zərəri hiss elətdirməz.

Təcrübələrimizdən gördüyümüz qədər “Holland Sindromu”ndan doğan bir digər səbəb də satışda qiymətin düşməsi və büdcənin plana uyğun toplanmamasını önləmək üçün toplanmış kapitalla üstünü tamamlamaq və inflyasiyanı gecikdirməkdir. Bununla da sıxılmış kəmər daha çox sıxılar və ən sonunda sıxacaq gücü qalmadığında partlayar. Azərbaycan təmsilində məzənnənin hələ də “Üzən Məzənnə”yə keçməməsi səbəbindən xalqın baş verən devalvasiyanı bilməməsi və ehtiyat görmədən normal həyatına davam etməsi makro səviyyəli devalvasiyada həyatını alt-üst edər.

“Holland Sindromu”nu yaşamış ölkələr sırasına Çili, Avstraliya, Rusiya, Venesuella, İndoneziya, Somali kimi ölkələri və kiçik ölçüdə də olsa, Kanada, Portuqaliyanı misal çəkmək olar. Bəziləri zamanla iqtisadiyyatını bərpa etsə də, sadalanan ölkələr sırasında hələ də çətinlik çəkən ölkələr mövcuddur. Onların qısa zaman ərzində də iqtisadiyyatını bərpa etməsi təəssüf ki mümkün deyil.

Avstraliya, Kanada, Norveç və Rusiya da daxil olmaqla bir çox ölkələr böyük suveren sərvət fondlarını yaradaraq bu sindromdan az zərərlə çıxmağı bacarıb.

Müəllif: Səməd Şıxı - yazar, blogger

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik