Əslində reklam festivalları, həm fikir bazarı, həm də kreativ yarmarkasıdır. Onda sual olunur: axı bunlar sektora nə qazandırır? Bu müsabiqələr, yarışmalar reklama nə verir, satışa köməyi nədən ibarətdir? Yoxsa bu da böyüklərin uşaq oyunudur, şəxsi biznes münasibətləri qurmaq üçün bir formatdır?


Hərdən düşünürəm ki, (yalnız mən yox) bu qədər pulu və enerjini reklam festivallarına niyə xərcləyirlər, niyə hər kəs daha istedadlı olduğunu kiməsə bu pavosla sübut etməlidir? Niyə insanlar işləmək və satışa real dəstək vermək əvəzinə qələbə heykəlçikləri ilə qürurlanmalı və ofisə gələn hər kəsi festivalların uğur marşrutu ilə toplantı otağına yönləndirməlidirlər?


Təbiidir ki, hər bir reklamın missiyası mal və xidmətin satışına effektiv dəstək verməkdən ibarətdir. Bunu heç kim istisna etmir. Təbiidir ki, reklam yaradıcılıq baxımından da fərqli və uğurlu omalıdır. Bunun əksinə çıxan da çətin tapılsın.




Müasir tarixi kəsimdə və texnoloji yüksəliş dövründə reklam irimiqyaslı sənaye sahəsidir. Audio-video daşıyıcılar, vizual təsvirlər, böyük konstruksiyalar və rəqəmsal marketinq, yeni və daha optimal media məcraları reklama tələbatı artırmaqla bərabər onun imkanlarını da genişləndirir, habelə reklamın, bir kreativ sənaye komponenti kimi, qarşısında yeni və daha yüksək tələblər irəli sürür.


Bax, elə bu mənada reklam festivalları ilk növbədə ona görə aktualdır ki, həm reklamvericilər və həm də reklamçılar üçün bir təcrübə mübadiləsi meydanı kimi şanslı platformadır, özünəməxus müqayisə müstəvisidir. Məhz başqalarının uğurlu işlərini görəndən sonra anlayırsan ki, Kainatda tək deyilmişsən, səndən başqa da təkəbbürlülər varmış və onların da sinələrini qabartmağa real haqları da varmış.




Festivallarda reklamverənlər də düşünür, götür-qoy edirlər və geniş müqayisə imkan qazanırlar. Onlarda da gerçəkliyə tam yeni baxış formalaşır, daha yenilikçi ruhlu, eksperimentator tərəfdarı olurlar, təşəbbüskar olmağa can atırlar, nələrisə sınamaq, təcrübədə yoxlamaq istəyirlər, əvvəl cəsarətsiz olduqları məqamlarda daha inamlı görünürlər. Bundan sonra reklam agentlikləri üçün tekniki tapşırıqları (brifləri) daha dərin, əhatəli tərtib edirlər, fərqli yazırlar, qarşı tərəfin onları tam anlamasına can atırlar, nəticədə meydana daha mükəmməl və effektiv işlər çıxarmış olurlar.


Reklam festivallarında, eləcə də bütün digər yaradıcılıq yarışmalarında subyektivlik aşıb-daşır. Bəzən ən gözəl işlər və keyslər belə diqqətdən yayınır. Bundan ötrü qəm yeməyə dəyməz. Sənin əsas göstəricin müştərinin qazandığı satış və imic yüksəlişidir. Ən etibarlı və obyektiv münsiflər mal və xidmət bazarının satış dövriyyəsidir.



Bütün bunlar onu deməyə imkan verir ki:


- reklam festivalları konseptlərin və trendlərin hər kəsin malına çevrilməsinə imkan yaradır,


- yaradıcılıq işlərinin müqayisəli qavrayışı üçün əlverişli məkandır,


- daha mütərəqqi kadrlarla şəxsən danışmaq və iş təklifləri irəli sürmək fürsətidir,


- festivalın qalibi olmağın yaxşı, amma həlledicisi olmadığını anlayırsan,


- sektorda baş verən və strateji əhəmiyyətli proseslərdən xəbərdar olursan,


- ustad dərsləri də keçirilirsə, yenilikləri kəşf edirsən,


- ruh yüksəkliyi hiss edir və geriyə tamam başqa istəklərlə dönürsən,


- yeni motivasiya qazanmış olursan,


- özünün zəif tərəflərini dəyərləndirir və daha real düşünməyə başlayırsan,


- Olimpiya devizinin - qələbə çalmaq deyil, iştirak etmək önəmlidir – doğru olduğu qənaətinə bir daha gəlmiş olursan,


- niyə bizim regionda da belə festivallar keçirilmir sualını daha tez-tez həmkarlarına ünvanlayırsan,


- yenilənmənin bir reklamçı şıltaqlığı olmadığını bir daha zərurət kimi qavrayırsan.


Dünyada yüzlərlə, bəlkə də minlərlə reklam müsabiqəsi və festivalları keçirilir. Onların arasında adlı-sanlıları, yüksək nüfuzluları da var, regional, hətta lokal miqyasda sevilənləri də...Önəmli olan miqyas deyil, reklam işinə veriləcək faydadır. Daha nüfuzlu beynəlxalq miqyaslı festivalların qısa xülasəsinin maraqlı olcağını düşünürəm.



  • Clio Awards ən böyük beynəlxalq reklam festivalıdır. 1959-cu ildə yaradıcılıq uğurlarını və reklamdakı yeniliyi qeyd etmək üçün təsis olunub. 40 ölkədən 130-dan çox mütəxəssisdən ibarət dünya səviyyəli münsiflər heyəti ilə məşhurdur. Clio Awards, televiziya, mətbuat, xarici reklam, radio, internet, tələbə işi və s. sahələrdə reklam və dizayn üzrə dünya səviyyəli yaradıcı işlərə dəstək verir.
  • London International Advertising & Design Awards - Ən məşhur və populyar festivallardan biridir (LIAA). İlk dəfə 1986-cı ildə keçirilib. Festival, reklam və dizayn sektoruna reklam və dizayn sahəsində ən yaxşı yaradıcı layihələrin təqdimi ilə nüfuz qazanıb.


  • Qızıl Drum ilk dəfə 1994-cü ildə Sloveniyada təşkil edildi. Başlanğıcda festivalın səviyyəsinin reklam dünyasının "Cannes Lions" və ya "Epica" kimi "canavarlar" ilə müqayisə ediləcəyi düşünülməsə də, son bir neçə festivalın təcrübə tarixi bunun tam əksini göstərir.
  • Cannes Lions Beynəlxalq Reklam Festivalı ən nüfuzlu beynəlxalq reklam istehsalçılarının yarışması hesab olunur. 5-7 gün davam edən festival hər il Fransanın Kann şəhərində iyun ayının üçüncü həftəsində keçirilir.
  • Epica Awards festival 1986-cı ildən start götürüb. Festivalın münsiflər heyətinin özünəməxsusluğu dünyanın reklam sənayesindəki peşəkar medianın baş redaktorlarından və rəhbərlərindən ibarət olmasıdır. Ənənəvi olaraq hər il mükafatlandırma mərasimi iri Avropa şəhərlərində - Brüssel, Amsterdam, London, Sürix, İstanbul, Varşava, Lyublyana, Stokholm, Lissabon, Helsinki, Praqa, Moskva və s. təşkil olunur.

Qısa icmal onu deməyə əsas verir ki, festivalların tam olmayan siyahısına belə nəzər saldıqda müşahidə etmək olur ki, festival imici iştirakçıların və qaliblərin rəsmi reytinqinə və statusuna ciddi təsir göstərir. Nə qədər nisbi olsa da, hər halda, reytinqin də öz rolu vardır.


Mənim bu məsələ ilə bağlı iki istəyim var. Birincisi, reklam festivallarında iştirak edənin, qalib olmasa belə, itirəcəyi bir şey də olmayıb. Çox oxuyan çox bilməz, çox gəzən çox bilər deyiblər…


İkincisi, belə bir regional festivalın Qafqaz regionunda da keçirilməsi, özü də yüksək səviyyədə təşkil olunmaqla, məncə, Azərbaycanın imkanı daxilindədir. Bu da bir şans ola bilər. Ümidvaram ki, bu yöndə əhəmiyyətli addım atılacağı gün uzaq deyil…


Nikbinlik diləyi ilə,


Teymur Məmmədov,


Kreativ direktor,


Adver.az