Salam dostum! Əminəm ki, zaman zaman hər birimiz iş axtarırıq. Bu müxtəlif səbəblərdən ola bilər. Ola bilsin sektorumuzu dəyişirik, ola bilsin iş bizi qane etmir, ola bilsin də əmək haqqıdan narazıyıq bəzən də sadəcə monotonluqdan bezib yeni mühit, yeni insanlar, yeni komanda və ideyalar istəyirik. Hər bir halda iş tapmağı effektiv edən və sürətləndirməyə kömək edən bəzi nüanslar vardır. Bunlara nəzər yetirəcəyik.


Bəzən insanlar yazır və bildirir ki, 100 yerə hətta 300 yerə CV- (ingiliscə Curriculum Vitae qısaldımış forması) göndərmişəm amma cavab gəlmir. Bu halda çox vaxt şirkəti və yaxud İR (İnsan Resursları) nümayəndələrini günahlandırırlar.


Bəli bəzi şirkətlərdə CV-yə baxmamaq və ya İR nümayəndəsinin texniki xətaları nəticəsində geri dönüş olmaya bilər, amma bu o demək deyil ki, sən 100 yerə CV atacaqsan və 1 dənə də olsun geri dönüş almayacaqsan. Elə bil getmisən balıq tutmağa 100 dəfə qarmaq salırsan, amma balıq gəlmir. Bu halda 2 səbəb ola bilər, ya sən səhv yerdəsən orda balıq yoxdur, ya da ümumiyyətlə balıqları cəlb edəcək yemin yoxdur. Yəni, əziz dostum şirkətlərdə nə qədər səhvlər varsa inan ki, namizədlərdə də bir o qədər səhvlər var. Gəl bunlara baxaq.


1) CV mükəmməl deyil və yaxud yazılmış vakansiya üzrə göndərilməyib. Bu problem ümumimilli problemdir ay qardaş! Yazıb elan verirsən ki, X vakansiya üzrə 1 il təcrübəsi olan namizədlər CV-nizi göndərin sənə gələn CV-lər Y adlı vakansiyaya uyğundur. İR nümayəndəsi ilkin baxış zamanı 1 CV-yə 3-5 saniyəsin sərf edir. Uyğun deyilsənsə bağlayır. Yəni, dostum hər gördüyün vakansiyaya CV atma. Düşün, daşın sonra yolla. Əgər təcrübən yoxdursa kiçik mütəxəssis və ya təcrübəçi kimi başlamaq istəyirsənsə o sahədə kitablar oxu, kursa get. (online ödənişsiz kurslar kifayət qədərdir) Yəni, sən ilk 3-5 saniyən var ki, o anda İR nümayəndəsini cəlb edəsən özünə.


2) Başlıq qoyulmur, qısa mətn yazılmır. Bu böyük problemdir. Vakansiya başlığı yazmaq lazımdır yoxsa tənqid etdiyiniz İR nümayəndəsi hardan bilsin hansı vakansiyaya göndərmisən özüdə bir şirkətdə bir neçə vakansiya varsa... Mail göndərərkən qısa mətn yazmaq lazımdır. Misal üçün: “Salam X Şirkətinin İnsan Resursları Departamenti. Elan etdiyiniz X vakansiyası üzrə təfsilatlı CV-mi təqdim edirəm. Sizə xoş günlər arzu edirəm” Bu mətn var ha bunu yazsan 1-0 öndəsiz!


3) Mail göndərərkən 50 dənə şirkəti TO hissəsində qoymayın (heç olmasa BCC edin ) Yoxsa yola verdi ilə iş tapmayacaqsız.


4) Mail ünvanınız diqqət edin. Ad və soyadınızdan ibarət olsun. Alınmasa uzağı 1 rəqəm olsun. İngilis dilində olması lap əla. Gmail, outlook daha biznes yönümlüdür. Digər platformalar uyğun deyil, həm də sizə mail göndərəndə həmin platformalarda spam hissəsinə düşür (xüsusilə mail.ru)


5) CV-nizi düzgün qrammatik səviyyədə yığın. Lazımdırsa yaxşı dil bilənə göndərin baxsın düzəltsin. Hərf səhvlərinə yol verməyin. Xüsusilə ingilis diliniz zəifdirsə ingiliscə CV hazırlamayın. Rus dilli şirkətə CV göndərmək istisna rus dilində CV göndərməyin. Qarşı tərəf bilməyə bilər rusca.


6) 10 mb-lik CV düzəltməyin, 2 səhifədən artıq cv düzəltməyin, CV-niz pdf variantda olsun, CV faylı öz adınızda olsun (mis: İlkin Mirzəzadə CV) əgər misal üçün İT sahəsi üzrə CV hazırlayırsızsa tələbə vaxtı könüllü olduğunuzu, iş dünyasına yaramayan universitet layihələrində iştirak etməyinizi, yayda əgər kuryer və s. işləmisinizsə qeyd etməyin. İşəgötürənə sizin göndərdiyiniz sahə üzrə biliyiniz, təcrübəniz maraqlıdır. Yəni, sahədən sahəyə dəyişə bilər bu.


7) Fotonuzu yeniləyin. Çox gülməli olur inanın. Hətta toyda çəkilmiş şəkil.. 2 AZN verib fotoqrafda şəkil çəkdirin və ömrü boyu ondan istifadə edin!


8) CV-ni forward etməyin. Dəhşətdi bu mənzərə! Birdə görürsən 30 dəfə forward ediblər. CV-ni tapmırsan.


9) Bir şirkətə 1 dən artıq CV göndərməyin. Qardaş göndərdin 1 dəfə kifayətdi. Uyğun deyilsənsə çağırmazlar. Hələ şirkət bir neçə vakansiya üzrə elan veribsə hamısına göndərməyin. Çox qeyri-peşəkarlıqdır inanın. Bir şəxs necə maliyyə mütəxəssisi və İR mütəxəssisinə eyni anda göndərə bilər axı?


10) İşə qəbula bir proses kimi yanaşın. Yenə də deyirəm, bir proses! Mükəmməl CV hazırladım, qaydalara əməl etdim, yolladım. Nəticəni gözləmək lazımdır, dostum. Bəzən nəticə gec ola bilər. Səbrli ol. Özünü inkişaf etdir. Kitab oxu, onlayn kurslara qatıl, LinkedIn-ini inkişaf etdir (mən daxil çox İR nümayəndəsi artıq LinkedIn-də uyğun şəxsləri tapır şəxsən bir neçə uyğun namizədi bu platformadan tapmışam)


Qeyd: CV hazırlamaq üçün novoresume.com saytından istifadə edə bilərsiniz. (1 səhifəlik ödənişsizdir)


Bu yazılıq bu qədər. Bu silsiləvi yazının 1-ci hissəsidir. Növbəti bloqlarımda müsahibəyə hazırlıq, sosial şəbəkələrlə iş tapmaq və brendi yüksəltmək və digər işə qəbul prosesləri barədə danışacağam.


Hələlik. Özünə yaxşı bax!


İlkin Mirzəzadə, İR mütəxəssis.