“Hyundai Motor Co” şirkəti bütün dünyada 82 minədək elektromobilində yanğın təhlükəsinə qarşı akkumulyator batareyalarını dəyişdirməyə 900 milyon ABŞ dolları sərf edəcək.


“Report” “Reuters”ə istinadən xəbər verir ki, o cümlədən şirkətin ən çox satılan “Kona” seriyasına aid 2018-2020-ci illərdə istehsal olunmuş 76 minədək elektromobil geri götürüləcək.


Həmin seriya elektromobilləri bir sıra yanğın hadisəsindən sonra ötən ilin sonunda proqram təminatının yenilənməsi üçün ilk dəfə geri götürülmüşdü. Belə ki, 15 yanğın hadisəsi Cənubi Koreyada, ikisi Kanadada, daha ikisi də Finlandiya və Avstriyada qeydə alınıb.


Elektromobil akkumulyatorı istehsal edən “LG Energy Solution” şirkəti səsləndirilən tənqidlərə qarşı verdiyi açıqlamada sürətli doldurma sisteminə dair təkliflərinin “Hyundai” tərəfindən səhv tətbiq olunduğunu, beləliklə də, yanğının birbaşa səbəbi heç də batareyalar olmadığını bildirib.


Cənubi Koreya Nəqliyyat Nazirliyinin açıqlamasında da “LG Energy”nin Çindəki müəssisəsində istehsal olunmuş akkumulyatordan bəzilərində qüsurların ortaya çıxdığı bildirilir.


Xatırladaq ki, “Hyundai Motor” 2025-ci ilədək 44 ekoloji təmiz nəqliyyat vasitəsi, o cümlədən 23 elektromobil seriyasının istehsalına başlamaq üçün 52 milyard ABŞ dolları sərf etməyi nəzərdə tutur.