cümə axşamı, 15 aprel 2021

KƏSƏ YOLDAN GETMƏK CƏHDİ: TAMAMİLƏ ORİJİNAL KONTENTLƏR HAZIRLAMAQ MÜMKÜNDÜRMÜ?


Sərxan Sabirli


247

“Madam Bovari”ni oxuyan hər bir kəs sanki son onilliklərdə bütün dünyada evdar qadınların həyatlarına sirayət edən Latın Amerika seriallarını xatırlayır: xəyanət mövzusuna antik Yunan faciələrindən tutmuş bu günün postmodern ədəbiyyatına qədər əksər əsərlərdə tez-tez müraciət olunur. Son çıxan avtomobil modellərindən birinə diqqətlə baxır, onun hansısa cizgilərinin ondan əvvəl istehsal olunmuş başqa bir avtomobillə eynilik təşkil etdiyini görürük. Və ya moda həftəsində podiumda qürrələnə-qürrələnə yeriyən modellərdən birinin üzərindəki lacivərd rəngli sətən gecə libası tamaşaçılar arasında səssizcə əyləşən bir dizayneri hiddətləndirir, çünki bu, onun dizaynlarından birinin tamamilə kopiyasıdır.

Orijinal nəsə varmı? Çətin sualdır. İnsan varlığı etibarilə unikal və bənzərsiz ola bilər, lakin orijinaldırmı? Xeyr. Təkamül bütün bitkiləri, heyvanları və insanları bir-birilə qırılmaz bağlarla bağlayır. N.deQrass Taysonun da K.Saqanın möhtəşəm fikirlərinə istinad edərək ifadə etdiyi kimi, hər birimiz milyardlarla il əvvəl kosmosun dərinliklərində parçalanan ulduz tozundan yaranmışıq və onu daim içimizdə gəzdiririk. Karbon və hidrogen bütün yaşamın təməlində dayanan ortaq maddələrdir. Bəs orijinal olmaq ideyası hardan meydana gəldi?

İnsan cəmiyyətinin qurulması və bəşər övladının sonrakı təkamülü onun təfəkkürünü inkişaf etdirdi və abstraktlaşdırdı. Bundan sonra orijinallıqdan söhbət etmək mümkündür. Qədim mağaralarda homo-sapienslər bir-biri ilə divara cızdıqları şəkillərin plagiat olması və bir-birindən oğurlanması haqqında mübahisə etməzdilər. Bu gün isə hər hansı yeni çıxan pop-musiqinin nəqaratında bir-iki tanış not eşidən kimi dərhal aləmi bir-birinə qatır, müəllif hüquqlarının pozulması barədə şikayətlənirik.

Orijinallıq yaradıcı təxəyyülün gözlənilən nəticəsidir. Lakin bu, tamamilə analoqsuz və qeyri-adi bir şey yaradılması mənasına gəlmir. Modern reklam sektorunun ömrü bir əsr yarıma yaxındır, bu müddət ərzində sayısız reklam mətnləri yazılmış, televiziyanın ixtirasından sonra çoxlu sayda reklam çarxları çəkilmiş və bu tendensiya arta-arta davam etmişdir. Son onillikdə isə sosial medianın inkişafı nəticəsində reklamyaratma prosesi bütün əvvəlki bir əsrlik təcrübəsindən daha çox kontent istehsal etmiş, açıq-aşkar “kontent bolluğu” yaranmışdır. Yer kürəsi milyardlarla insana ev sahibliyi edir. Gəlin, optimist düşünək: onların ən azı 1/3-i yaradıcı təxəyyülə malik olsa, bu artıq milyardlarla “kreativ” ideya deməkdir. Bu isə “orijinallığ”ın süqut etdiyi andır.

Həqiqətən də, ağlımıza gələn hansısa ideyanın tamamilə bənzərsiz və unikal olduğunu düşünə bilərikmi? Təəssüf ki, xeyr. Bu, eyni zamanda, müqayisənin miqyasından asılı olan bir məsələdir. Məsələn, reklam sektorunda çalışan əməkdaşların sayı məhduddur və ona görə də burda tamamilə yeni, əvvəl düşünülməmiş konseptlər hazırlamaq mümkündür.

Ədəbiyyat üçün eynisini deyə bilərikmi? Hər il milyonlarla kitab çap olunur. Burada orijinallıqdan söhbət gedə bilərmi? Xeyr. Yanaşmalar fərqli və cəlbedici ola bilər, lakin əvvəl heç kəsin ağlına gəlməyən bir şeydən yazmaq bir az qeyri-inandırıcıdır. Burada istisnalardan biri də elm sahəsidir. XX əsrdə dünya elmində “artıq hər şey kəşf olunub” ab-havası hökm sürürdü və intellektual kreativliyə inam azalmışdı, lakin mütəmadi şəkildə edilən kəşflər bu inamın yanlış olduğunu göstərdi. Fizika qanunlarını kəşf etmiş ola bilərik, lakin bu, təbiətin bütün sirlərinə bələd olmağımız demək deyil. Kosmosun ucsuz-bucaqsız ənginliyində Nyuton və Kvant fizikasının qanunlarının işləmədiyi yerlər də ola bilər. Yəni, öyrənmək – sonu olmayan bir prosesdir.

Reklam sektorunda orijinallıq, əsasən, orijinal kontent və vizulların düşünülməsi deməkdir. Bəzən kopirayterlərdən biri özünün də xəbəri olmadan başqa bir kopirayter tərəfindən bir neçə il əvvəl yaradılmış konsepti təkrarlayır və hansısa internet qurdu əvvəlki reklamı araşdırıb ortaya çıxaranda məyus olur. Onu plagiatçılıqda ittiham edirlər. Halbuki, bu cür halların yaşanması tamamilə təbiidir. Unutmamalıyıq ki, insanların danışdıqları bütün dillərdə aşağı-yuxarı eyni sözlərdən istifadə olunur. Eyni dünyada yaşayırıq. Yaşadığımız ölkələr fərqli ola bilər, lakin internet artıq bütün dünyanı vahid bir virtual məkana çevirmişdir və saniyələr ərzində bir-birimizdən xəbər tuta bilirik. Dolayısı ilə, bənzərlik başadüşüləndir.

Bəzi hallarda sui-istifadə hallarına rast gəlinir. Yeni başlayan kopirayterlər “kəsə yoldan getmək” cəhdləri göstərirlər. “Araşdırma aparmaq” adı altında interneti ələk-vələk edir və uğurlu reklam mətnlərini götürüb bir iki yerində dəyişiklik edərək “orijinal” bir mətn kimi təqdim etməyə cəhd göstərirlər. Bu, əksər hallarda effektiv olmur və biabırçı ifşalarla nəticələnir. “İlham almaq” və “plagiatlıq etmək” başqa şeylərdir. Bizdən əvvəlki yazarların əsərlərini oxuyuruq və ilhamlanaraq yeni əsərlər yazırıq. Bu, tamamilə təbii və normal bir prosesdir. Lakin məqsədli şəkildə o əsərləri təkrarlamaq və ideyaları oğurlamaq – qəbuledilməz bir hərəkətdir.

Növbəti dəfə dünyanın məşhur şirkətlərinin reklamlarına baxanda daha diqqətli olun və çox da təsirində qalmamağa çalışın. Ağzımız açıq qala-qala və heyranlıqla baxdığımız o reklamları fərqində olmadan təkrarlaya və kolleqalarımız arasında rüsvay ola bilərik.

SƏRXAN SABİRLİ

Sərbəst kontent yazarı, kopirayter, tərcüməçi və araşdırmaçı

Azərbaycanın ilk kopiraytinq bloqu olan Copiesta.com saytının yaradıcısı və əsas müəllifi

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün