Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən 14 aprel saat 11:00-da “Sizin plan B: biznesin davamlılığı” adlı onlayn konfrans təşkil ediləcək.


Facemark.az-a nazirlikdən verilən məlumata görə, “Microsoft Teams” rəqəmsal platforma vasitəsilə keçiriləcək konfrans “Biznes dayanıqlılığı – davamlılıq yanaşması”, “Veeam ilə qəza hallarının bərpası və bulud məlumatlarının idarə edilməsinə ümumi baxış”, “Yeni normalara uyğun kiberdavamlılıq” və “Biznesin davamlılığına doğru 10 addım”kimi aktual mövzuları özündə cəmləşdirir.


Konfransın əsas məqsədi Azərbaycanda dövlət və özəl qurumların fəaliyyətlərində yarana biləcək potensial xətalardan müdafiə, onların yaranma ehtimalının azaldılması və bərpası məqsədilə biznesin davamlılığı prinsipləri ilə tanışlıq və dayanıqlılıq yanaşmasının təbliğidir.


Dövlət və özəl qurumların rəhbərləri, biznesin davamlılığı üzrə menecerlər, risklərin idarə edilməsi üzrə mütəxəssislər tədbirə qoşulmağa dəvət olunur. Onlayn konfransda “AzInTelecom” MMC ilə yanaşı, “DNV GL”, “Veeam Software” və “Palo Alto Networks” şirkətlərinin rəhbər vəzifəli şəxsləri spiker qismində çıxış edəcəklər.


İngilis dilində keçiriləcək tədbirdə iştirak üçün bu link (https://forms.gle/PfGcywtvkWEEcMtMA)vasitəsilə 14 aprel saat 10:00-dək qeydiyyatdan keçmək mümkündür.


Qeyd edək ki, “AzInTelecom” MMC “Biznesin davamlılığı idarəetmə sistemi standartı (ISO 22301)” sertifikatına layiq görülmüş ilk Azərbaycan şirkətidir. Qurum sertifikatın əldə olunması üçün Norveçin “DNV GL” şirkəti tərəfindən aparılan müstəqil auditdən keçib. Bu sertifikat “AzInTelecom” və onun Data Mərkəzi əsasında xidmət göstərən “AZCLOUD” bulud həllərinin əlverişsiz şəraitdə də fəaliyyətini davam etdirməsinin mümkünlüyünü təsdiq edir.


Xatırladaq ki, “AzInTelecom” MMC tərəfindən Azərbaycan və Cənubi Qafqaz regionunda “Tier 3”, informasiya texnologiyaları xidmətləri üzrə (ISO 20000), biznesin davamlılığı üzrə (ISO 22301) və informasiya təhlükəsizliyi üzrə (ISO 27001) idarəetmə sistemi standartları sertifikatlarına malik ilk Data Mərkəzi əsasında “AZCLOUD” bulud xidmətləri göstərilir.