Instagram Rusiyada paylaşımlarda məhsulların satışı funksiyasını işə salacaq.

Facemark.az xəbər verir ki, şirkətin mətbuat xidmətindən verilən məlumata görə, yeni Instagram Shopping funksiyası şirkətlərə məhsullarını paylaşım və stories-lərdə etiketləyərək satmağa imkan verəcək.

Bu funksiyaya sahib olan hesab sahibləri məhsulları paylaşımlarında etiketləyə biləcəklər. Eləcə də onun haqqında informasiyaları yaza biləcəklər. Məsələn, ölçü, qiymət və s. İstifadəçilərə lazım olan isə satıcının saytına daxil olmaq, alışı reallaşdırmaq, yaxud onu Instagramda qeyd etməkdir.

Instagram Shopping ilk əvvəllər yalnız az sayda istifadəçi üçün əlçatan olacaq. Şirkətin mətbuat xidmətindən deyilib ki, test çərçivəsində hesabların seçilməsi təsadüfü xarakter daşıyacaq. Bir neçə ay davam edəcək test dövründə şirkətlər, tanınan üzlər və influencerlər bu funksiyadan faydalana biləcəklər.

Shopping funksiyasından istifadə etmək və Facebook və Instagramda satışları idarə etmək üçün Commerce Manager platformasını yükləmək lazım olacaq. Onun köməyi ilə kataloqlar hazırlanır və sifarişlər alınır.

Shopping funksiyası ilə yanaşı istifadəçilər Shops funksiyasından istifadə edə bilir. Bu isə Rusiyalı hesab istifadəçilərinə pulsuz şəkildə Facebook və Instagramda vitrinlər yaratmağa kömək olur.

Qeyd etmək yerinə düşər ki, ötən ilin oktyabrında Instagram özünün uzun videolar platforması olan IGTV-də alışlar etməyə icazə vermişdi.