1.Kopenhangen kriteriyaları Avropa İttifaqının 1992-ci ildə qəbul edilən Maastrixt və 1993-cü ildə Kopenhagen sazişi ilə üzv olmaq şərtlərində dəyişiklər oldu. Bunlar nələrdir?


- Siyasi kriteriyaları - söz azadlığının qorunması, demokratik azadllıq, hüquqi azadlıq, insan haqları, azlıq təşkil edən xalqlarına hörmət və onların haqlarının qorunması, öz dillərindən istifadəyə, təhsil almağa icazə verilməsi (hətta onları təmsil edən bir bayrağın olması) təmin olunmalıdır.


- İqtisadi kriteriya - iqtisadi bazarın mövcud olması, sənayenin inkişafı və rəqabət aparılmasına şəraitin yaradılması. Tələb-təklifin təsirsiz işləməsi, bazara giriş və çıxışlarda azadlığın olması, İttifaq daxilində standartlara uyğunlaşma, texnologiya baxımından rəqabət potensialının olması, təhsil və araşdırmalar üçün investisiyanın yetəri qədər olması və s.


Bir də var vahid gömrük sisteminin olması; xarici siyasətdə ortaq marağın güdülməsi, birliyin verdiyi qərarlara əməl etmək, vahid pul sisteminin olması.


Sonuncu şərt əlavə olaraq Maastrxit kriteriyası olaraq keçir. Bu nədir? Bu Avropa İttifaqına üzv olan ölkələrin vahid pul vahidindən istifadəni şərt qoyan kriteriyadır. Buna aid olan kriteriyalar:


- Dövlət büdcəsinin illik kəsri, illik ÜMD-in 3 faizindən çox olmamalıdır;


- Avroya keçid olmalıdır. Keçid müddətində isə valyutası avro qarşısında devalvasiya etməməlidir;


- İnflyasiya dərəcəsi İttifaqın bu göstərici üzrə ən yaxşı göstəricisinə sahib olan ölkələrin inflyasiya göstəricisinin orta dəyərinin 1.5%-dən çox ola bilməz.


Azərbaycan Mərkəzi Bankı 2000-ci ildən bəri alqı-satqısına başladı. Bununla yanaşı, əhali avroyla hesab aça, hesablaşma, köçürmələr, digər əməliyyatlar, depozitlər saxlaya bilər. Bununla yanaşı banklar da öz nizamnamə kapitallarını avroda saxlaya, xarici əməliyyatları avroyla edə bilər.


Ortaya illərdən bəri çıxan sual və istəklər, müzakirələr Aİ-na nə zamansa, daxil olacağımızla bağlı mövzu yaradır. Mövcud şəraitdə Aİ-nı müzakirə etsək, bir çoxumuz daxildəki böhranı və iqtisadi parçalanması gözə alıb, daxil olmağı seçmək istəməz. Hələki manatdan imtina edib, avroya keçid edərsək və Aİ-da baş verən iqtisadi böhran bizə də təsir edərsə, bundan necə qurtulacağıq? Bu gün Böyük Britaniyanın ardından, Almaniya və İtaliya kimi ölkələrin də çıxmağı düşündüyü Birliyin qarantisini heç kəs verə bilməz. Özünü yeniləməli və yeni inkişaf modelləri irəli sürməli, düşdüyü böhrandan çıxmağın yollarını axtarmalıdır. Ya da kobud tərzdə desək, qurumuş budağı kəsib, atmalıdır.


Lakin bizim bundan öncə İttifaqın bizə verdiyi vədləri nəzərə almalıyıq. Bunlara nələr daxildir? Siyasi və iqtisadi azadlıq; Rifah; İnkişaf kimi alt təbəqələşmələr bizim üçün şübhəsiz önəmlidir. Müstəqilliyimizi 30 il müddətində qazanmış olsaq da, siyasi və iqtisadi problemlərimizə görə İEOÖ-in yuxarı səviyyəsinə çıxmaqda belə çətinlik çəkirik.


Kopenhangen kriteriyaları insan haqları və yaşam şərtlərimiz dünya səviyyəsində İnkişaf etmiş bir ölkə səviyyəsində formalaşmağa kömək edəcəkdir. Bu kriteriyaları qəbul etdiyimiz təqdirdə qanunlar yenidən hazırlanacaq, İttifaqın şərtləri göz önünə alınacaq, prinsiplər fərdin həyat və rifahı üçün maksimum səviyyəsinə qaldırılacaq.


Yaxşı, Kopenhangen kriteriyalarına əməl edirikmi? - sualı yaranır. Avropa İttifaqına yaxın zaman ərzində qəbul olmayacağımızı və ya tam əksi olaraq üzv olmaq istəmədiyimizi düşünsək, bu prinsiplərə əməl etməyə əngəldirmi? Kopenhagen bizə yalnız birliyə daxil olmaq üçünmü gərəklidir? Həyat rifahı və verdiyi vədləri niyə İttifaqdan kənar da tətbiq etməyək? Bir çox siyasətçiyə, politoloqa görə bu prinsiplərə əməl edilir və şərtləri həyata keçirilir. Bunun gerçəklikdən uzaq olduğunu görmək üçün gözü bağlı, qulağı kar olmağa ehtiyac yoxdur.


Ölkəmizin insanının Avropa insanıyla eyni şərtlərdə yaşamasını istəmək, eyni haqqa sahib olmasını, eyni məbləğdə əmək haqqıya sahib olmasını, iqtisadiyyatının inkişaf etməsini və bunu güclü təmələ söykənməsini istəmək pis bir şey deyil deyə düşünürəm. Bunun üçün də azad bazarın formalaşması və demokratik haqların qorunması gərəklidir. İqtisadiyyatı inkişaf etmiş bir ölkənin qarşısında heç bir əngəl dura bilməz və onun gücü, sözü hər yerdə keçər. Dövrümüz texnologiya, yenilik dövrüdür. Dövrlə ayaqlaşmaq və güclü qalmaq üçün Kopenhagen prinsipləri təməl ehtiyacdır.