“Twitch” anlayışı dünyaya çoxdan tanış olan, güclü biznes mərkəzinə çevrilən, reklam verən şirkətlərin və professional oyun oynayanların əsaslı gəlir mənbəyinə çevrilmiş platformadır. Bu platformanın adını “gamer”* adlandırılan oyun sevənlərin yanında çəkməyiniz bəs edər ki, onlardan güclü fikirlər, ən sevdikləri “streamer”* adlarını eşidəsiniz. Oyunçular üçün Twitch əvəzolunmaz, səmimi məkandır, bunu, yəqin ki, heç biri danmaz. Elə buna görədir ki, Azərbaycanda yeni-yeni yaranmağa başlayan “Twitch” platformasını inkişaf etdirməkdə ürəkli və çevik olmalıyıq. Amma ilk növbədə, lap əvvəldən başlayaq.


Twitch nədir və nə üçün istifadə olunur?


“Twitch” - maraqları ardınca getmək istəyən sadə insanlardan heç bir qarşılıq istəmədən onlara geniş imkanlar təqdim edən canlı yayım platformasıdır. Soruşsanız ki, canlı yayım funksiyası “Instagram” və “Facebook”da da var, “Twitch”in nə fərqi; o zaman platformanın daimi izləyiciləri sizə onun təqdim etdiyi HD canlı yayım, geniş və limitsiz çatlaşmaq hissəsi, sonsuz kontentlərlə dolu kateqoriyaların olduğunu bildirərlər, altından da qalın xətlər çəkərlər.


Onu da qeyd etmək lazımdır ki, keçən il “Facebook” öz canlı yayım funksiyasını inkişaf etdirərək interfeysdə ana səhifəyə yerləşdirmiş və məhz “Twitch”dəki kimi canlı yayım kateqoriyaları əlavə edərək insanlara, xüsusilə, “gamer” icmasına oyunlardan canlı yayım etmək üçün imkanlar yaratmışdı. Bəs bu fakt “Twitch”i kölgədə qoya bildimi?


Bir az sıxıcı faktlar - “Twitch”in tarixi


Amerikada yaranmış bu platforma daha çox video oyun yayımlarına (“stream”lərinə)* fokuslanmış və daha çox kiber idman ("e-spor")* yarışları üzərində ixtisaslaşmışdır. Əlavə olaraq, burada söhbət (Just Chatting), musiqi, kreativ kontent kimi fərqli kateqoriyalar da mövcuddur.


“Amazon Inc.”in köməkçi filialı kimi yaradılan bu şirkət “Twitch Interactive” tərəfindən idarə olunur. Buna görədir ki, “Amazon Prime”la əməkdaşlıq edən “streamer”lər abunəçiləri bu video şirkətinə abunə olduğu təqdirdə kanalına pulsuz abunəlik təklif edə bilir. Yəni buradakı qarşılıqlı əməkdaşlıq və bir-birinə istehlakçı ötürmə prosesi diqqətəlayiqdir.


Ümumilikdə Justin.tv adı ilə 2011-ci ildə yaradılan bu platforma yarandığı dövrdən bu yana diqqət cəlb edən və unikallığı ilə seçilən tətbiqlərdən biri olub. 2013-cü ildəki hesabata əsasən, platforma 45 milyon izləyiciyə çatıb, 2014-cü ildə isə ABŞ-da ən çox internet trafiki alan 4-cü sayt olub.


Bundan sonra Justin.tv 2014-cü ilin avqust ayında bağlanır və bayaq da qeyd etdiyimiz kimi, həmin ay bu xidmət “Amazon” tərəfindən 970 milyon ABŞ dollarına alınır.


2015-ci ildə Twitch-in hər ay 100 milyondan çox izləyicisi olub. 2017-ci ildə isə o, liderliyini hələ də qoruyub saxlayırdı. Ən son hesabatda (fevral, 2020) isə qeyd olunur ki, bu platformanın aylıq 3 milyon streameri, günlük isə 15 milyon aktiv izləyicisi mövcuddur.


Öyrənməli olduğumuz bəzi “Twitch” terminləri:


Stream - Canlı yayım;


Streamer / Broadcaster - Yayımı aparan aparıcı, kanalın sahibi, yayımçı;


E-Spor - Kiber idman (video oyunlar oynayan insanların professional şəkildə məşğul olduğu sahə);


Chat - Yayımı izləyən izləyicilərin yayımçı və digər izləyicilərlə söhbət etdiyi hissə;


Sub - Aylıq abunə olmaq funksiyası;


Bit - Abunəlik haqqından başqa, sevdiyi streamerlərə dəstək üçün onlara pul göndərmək üçün istifadə olunan virtual valyuta;


Clip / Klip almaq - Yayımın ən maraqlı, əyləncəli, önəmli yerlərini yadda saxlamaq üçün istifadə olunan ifadədir: “Modlar, bu hissənin klipini alın,” kimi cümlə Twitch dünyasında tez-tez eşidilə bilər;


Mod / Moderator - Yayım edən aparıcılara həm çat hissəni nəzarətdə saxlamaq üçün, həm də canlı yayımın tərtibində kömək edən könüllü və ya əmək haqqı ödənilərək işləyən şəxslər;


Partner - Platformanın təyin etdiyi xüsusiyyətlərə uyaraq Twitch-in rəsmi yayım aparıcılarından olan kanallar;


Bot - Spamlayan, reklam verən şəxslərin yazılarını çatda əngəlləyən və lazım olduqda moderatorlardan əvvəl soruşulan suallara avtomatik cavab verən sistemlərdir.


Twitch terminlərindən danışası olsaq, gərək uzun zaman bu tətbiqdə vaxt keçirək. Ona görə də ilkin mərhələdə bunları bilməyiniz sizə kifayət edəcək.


Azərbaycanda Twitch


İndi isə gələk ən maraqlı bölməyə. Azərbaycanda Twitch ilə internet istifadəçilərinin arası necədir, izləyici kütləsi streamerlərə kifayət edirmi, partner hesablar varmı, nəyi düz, nəyi səhv edirik - bax bütün bunların cavabını aydınlaşdırmaq üçün Twitch streamerlər - Ellada (Ella), Elmar (Koroğlu), Rəsul (zerOxRJ), Ayna (AynaJester) və kanal moderatoru olmuş Rəvan bizimlə fikirlərini bölüşüb.


Azərbaycanda Twitch icması


Qlobalda Twitch streamerləri izləyənlər də çox yaxşı bilirlər ki, kanallar üçün izləyici sayı çox önəmlidir. İzləyicilərinin sayı nə qədər çoxdursa, onlar bir o qədər çox məşhurlaşa, sevdikləri kontenti insanlarla paylaşa, eyni zamanda bu hobbilərini gəlirli iş halına gətirə bilərlər.


Buna görə də müsahiblərimizdən soruşduğumuz ilk sual izləyici sayı ilə bağlı oldu. Azərbaycanda Twitch izləyiciləri nə qədərdir? Bu say kifayət edirmi və gələcəkdə Twitch-i ölkəmizdə istifadə olunan əsas platformalardan biri kimi görə bilərikmi?



“Öncəliklə, onu deyim ki, Azərbaycanda heç düşünmədiyim qədər Twitch izləyən insan var, - bunu müsahiblərimizdən olan Ellada bildirib, - əvvəllər düşünürdüm ki, azərbaycanlı izləyicilər çox azdır, amma yayımlar açmağa başlayanda müəyyən kütlənin olduğunun fərqinə vardım. Dostlarımdan və tanışlarımdan başqa hər yayım fərqli insanlar gəldiyini gördüm. İzləyici sayına gələndə isə, düzdü, hazırda hələ yeni olduğumuza görə biraz azdır, amma dama-dama göl olar. Bir gün 1 milyon abunəsi olan azərbaycanlı streamer görərik, bəlkə də. Ümid edirəm, o şanslı insan elə mən olaram”.


Ellada, stream adı ilə desək, Ella streamlərinə bir neçə aydır başlayıb. O, əsasən, “Valorant” oynasa da, bir çox fərqli janrda oyunlara müraciət etməyi sevir. Çalışdığı Twitch şirkəti sayəsində o, hər yayımında izləyicilərinə müxtəlif hədiyyələr verir və onları aktiv olmağa həvəsləndirir.



Elladanın dediklərinin kontrastında 2020-ci ilin avqustundan bəri yayımlar açan Elmar (Koroğlu) bildirir ki, Azərbaycanda Twitch izləyici sayı xeyli azdır: “İzləyənlər, əsasən, türk streamerlərə baxır. Yenə də son zamanlar azərbaycanlı streamerlərin artması ilə bərabər yavaş-yavaş izləyicilər də bizim dildə olan yayımlara diqqət göstərməyə başlayıblar. İlk vaxtlara nəzərən hazırda izlənmə sayı məni qane edir. Təbii ki, məqsədim daha çox izləyiciyə çatmaqdır”.


Hazırda 334 izləyicisi olan Elmar öz profilində qeyd edir: “Yayımlarda Valorant, Sea of Thieves, Apex Legends və başqa oyunları oynayırıq. Siz də bizə qoşulub birlikdə əylənə bilərsiz. (: Azərbaycanda streamingin inkişafına dəstək olaq!”



Rəsul (zerOxRJ) illərdir oyun oynayan və əvvəllər daha çox Türkiyə icmasında aktivlik göstərən “gamer” kimi indi öz streamlərində Azərbaycan dilli kütləyə xitab etməyə başlayıb. Azərbaycan icması ilə xarici Twitch icmasını o, belə fərqləndirir: “Biz bu sahəyə yeni başladığımız üçün həm streamer, həm izləyici baxımından xarici Twitch icmalarından çox geridəyik. Xaricdə stream anlayışı xeyli əvvəl başlayıb, ona görə də onlardan çox şey öyrənə bilərik. Azərbaycanda bu işlərlə məşğul olan insanlar var olmağa davam etdikcə, məncə, çox yaxşı işlər ortaya çıxara bilərik”.


Rəsul azərbaycanlı izləyiciləri belə xarakterizə edir: “Məni izləyənlər hələki yaxınlarım və dostlarımdı. Başqa streamerlərdə isə izləyicilərlə çatda sorğu-suallar, söhbətlər olur, əsasən. Çat əsas məqsədi isə əyləncə və deyib-gülməkdir. Streamerlər çatda olan zarafatlara əsəbiləşməməlidir, çünki izləyicilərin ora gəlmək məqsədi odur. Bəzi streamerlər var ki, bu məsələləri olduqca ciddi qəbul edirlər, ona görə də chatda yazı yazmaq problem halına gəlir. Bu da öz növbəsində stream anlayışını zədələyir”.



Uzun müddət streamer AynaJesterin moderatoru olmuş Rəvan (Reone) bildirir ki, yayım ərzində streami izləyənlər daha çox dəstək olmaq və əylənmək üçün gəlirlər: “Təcrübələrimə əsasən deyə bilərəm ki, yayımçını yeni kəşf edən izləyicilər platformada yerli kontent gördükləri üçün sevindiklərini bildirirlər və hər zaman yayımçıya motivasiya verməyə çalışırlar. Amma təbii ki, günün sonunda neqativ izləyicilər də söhbətə qatıla bilirlər”.


Elmar isə bildirir ki, Azərbaycandakı izləyici kütləsi digər cəmiyyətlərə nəzərən daha yaxşı və mehribandır: “İzləyici az olduğu üçün demək olar ki, hər yerdə eyni adamları görmək olur. Buna görə də izləyənlər daha tərbiyəli, dəstəkverici mesajlar yazır və yayımın gedişatına uyğun olaraq əlaqədə olurlar. Təbii ki, meşə çaqqalsız olmur”.


Ellada isə bu sahədə həm oyun oynamaq baxımından, həm izləyici kimi qoşulmaq baxımından qadınların sayca az olduğunu vurğulayır: “Kontent, əslində, hər şeyi həll edir. Çox vaxt kütləyə oynamaq bir çox problemin çıxış yoludur. Hələ ki, qadın izləyicilərimiz daha azdı, çünki oyunlarla oğlanlara nəzərən çox maraqlanmırlar. Hər kəsə uyğun kontent olduqda bu nisbətin düzələcəyini düşünürəm”.



Qadınların oyun icmasında və Twitchdə yer almağını qeyd etmişkən gəlin ilk azərbaycanlı qadın streamer Ayna (AynaJester)in də fikirlərinə diqqət yetirək. O düşünür ki, qadın streamerlərə qarşı yanaşma bir az daha qərəzli ola bilir: “İzləyicilərin çoxu pozitiv reaksiya verir. Amma streamerdən streamerə fərq var. Məsələn xanım yayınçılara qarşı kritika və standartlar tamam başqadır. Oyun bacarıqların nə qədər yaxşı olsa da, daim çatda sənə nə isə sübut edib sənin kifayət qədər yaxşı olmadığını bildirmək istəyənlər olur. Onların fikrincə, “Just Chatting” janrında yayımlar açırsansa, əsl streamer sayılmırsan. Əsaslı şəkildə kiməsə cavab versən, ban atsan artıq aqressivsən və s. kimi kişi streamerlərə aid olmayan nüanslar mövcuddur”.


Twitch-i insanlara düzgün başa salmaq


“Gün keçdikçə ənənəvi televiziya yayımçılığının artıq yavaş-yavaş dəbdən düşdüyünü, demək olar ki, hər kəs bilir. İnsanlar artıq istədiyi kontenti özü istədiyi zaman izləməyi daha çox üstün tuturlar. Twitch kimi platformalar tam da elə bunun üçün var, - bunu Rəvan müsahibə əsnasında qeyd edib. Gənc izləyici kimi, o, Azərbaycanda Twitch-i daha yaxşı yerlərdə görmək istəyir, - Bu kimi platformalar artıq çoxdan ciddiyət qazanmağa başlayıblar. Twitch yayımçılığı artıq bir peşədir, məncə. Düzdür, ölkədə bu fikirləri səsləndirəndə kənardan gülüş səsləri eşidə bilərik, amma bu, faktdır. İnsanlar bu kimi platformalarda kontentlər yaradaraq minlərlə, milyonlarla izləyicini özlərinə cəlb edirlər. Gec, ya tez Twitch Azərbaycan üçün də bu ifadələri işlədə biləcəyimizi düşünürəm”.


Eyni zamanda bilirik ki, oyun oynamaq və kompüter başında çox vaxt keçirmək valideynlər üçün qəbuledilməz haldır. Rəsul isə öz növbəsində Twitch və oyunçuluq (gamerlik) məsələlərinin inkişafını bunu ailəmizə rahat-rahat başa salmaqda görür: “Uşaqlığımızdan gələn bir vərdiş, fikir var ki, oyun oynamaq zərərli, lazımsız bir şeydir. Bu düşüncə tərzi hələ də bizim ailələrimizdə var. Amma məncə, uşaqlar, gənclər streamer olmaq istəyirsə, bunu ailəsinə olduğu kimi danışsa, bunun perspektivlərini, faydalarını onlara başa salsa, ailələr buna artıq neqativ baxmayacaq, övladlarına şans verəcək və buna onlayn iş kimi yanaşacaq. Sırf oyun oynayır deyə onu kompüterin qarşısından alıb məcburən hansısa peşəyə yönləndirmək ona faydalı olmayacaq, ümid edirəm, bunu bütün ailələr başa düşər”.


7-8 aydır streamlərlə professional şəkildə məşğul olan Ayna ətrafımızdakı insanlara Twitch-i düzgün başa salmaqdan əlavə, izləyici kütləyə də doğru ifadə etməyin önəmli olduğunu düşünür: “Azərbaycan dilli kütlə əmindir ki, yazıq streamer 3-4 saat ərzində dayanmadan çatın dediyini etməlidir. Məsələn “The Sims 4” oynayıb söhbətləşmək üçün “chill” tipli stream planlaşdırmısansa, janrı dəyişdirməyi tələb edirlər, çünki düşünürlər ki “Sims” “əsl oyun” deyil. “Professional Valorant oynaya bilmirsən?”, “Çata fikir verməyi çatdırmırsan?”, “Biz gedirik, bu nə streamdir?”. Eyni zamanda çox şey istəyən və heç nə bəyənməyən, həm də rusca bir-iki söz eşidəndə dəli olan auditoriya üçün yayım açmaq getdikcə adamı yorur. Qeyd etməliyəm ki, bu, şəxsən, mənim təcrübəmdi və bunları, əlbəttə ki, hamıya aid etmirəm”.


Azərbaycanda Twitch-in gələcəyi


Twitch-lə partnyor kanal ola bilmək üçün hər yayım ortalama 75 izləyiciyə sahib olmaq mütləq şərtdi. Streamlərin vaxtları, qoşulan insanların aktivliyi və sairə kimi nüanslar da olduqca önəmli məna kəsb edir.


Müsahibə aldığımız bütün streamlər bu haqda araşdırsalar da, təəssüf ki, tətbiqdə Azərbaycan dilində ayrıca kateqoriyanın olmaması çətinlik yaradır. Ayna qeyd edir ki, əsas problemlərdən biri ortalama baxış sayı ilə bağlıdır: “Əsas problem Azərbaycan dili kateqoriyasının olmamasıdır. Mən, əsasən, türkcəni qeyd edirdim, lakin hər dilin öz “ən çox izlənilən/məsləhət edilən” bölmələri olduğundan bizim streamerlər daha populyar türk yayımlarının altında qalır. Yaxın zamanda dilimizə aid ayrı kateqoriyanın əlavə edilməsinə, hələ ki, ümid etmirəm”.


“Hazırda Twitchin partnyor olduğu kanallar arasında turnirlər təşkil edilir. Bu turnirlər müxtəlif kiber oyunlar üçün yaradılır və hər ölkədən 5-10 nəfər komanda yığır, turnirdə iştirak edir, ölkəsini tanıdır, yer tutsalar, pul mükafatı alırlar. Bu baxımdan, təsəvvür edin ki, Azərbaycan bu turnirlərdən birinə qoşulur və yer tutur. Məsələn mənim xəyallarımdan biri də elə budur. Düşünün, bu turnirlərdə nəinki qazanmaq, hətta iştirak etmək belə ölkəmizə nə qədər kömək ola bilər” - Azərbaycan Twitch-lə bağlı arzuları haqqında Rəsul bunları qeyd edib.


Ellada da yaxın gələcəkdə ciddi dəyişikliklər gözləməsə də, hələ də “dama-dama göl olar” atalar sözünə ürəkdən bağlı olduğunu bildirir: “Düşünürəm ki, heç olmazsa, Türkiyə streamerlərinə yaxınlaşa bilərik. Əvvəldə də dediyim kimi, "dama-dama göl olar". İnanıram ki, bir gün streamerlik də "bloqer, influenser" sözləri kimi dilimizdə dolaşar və izləyici sayı daha da artar”.


Elmarın da ümidverici sözləri ilə müsahibəmizi yekunlaşdırırıq: “Bütün əyləncə sektorlarında olduğu kimi, Twitch də Azərbaycanda bir gün “Youtube”, “Tik-Tok” və bu kimi platformalar qədər tanınacaq və burada yer alan influenserlər digərləri kimi məhşurluq qazanacaq, buradan qazanc əldə edə biləcəklər. Əsas olan isə əylənməyi bacarmaq və pozitivliyi yaymaqdır”.


Müsahibədə yer alan gənclərə təşəkkürlər! Ümid edirik ki, tezliklə kiber oyun dünyasında da Twitch Azərbaycan xüsusi yer tutmağa davam edəcək.


Hazırladı: Pəri Abbaslı