Sosial media menecerliyinin inkişaf etdiyi dövrdə bu anlayışı yaşadan, iş halına çevirən insanların rolu da önəmlidir. Onların rəqəmsal alətlər, mediada baş verənlər, istifadə etdikləri üslub və stillər bu gün marketinq sektoruna, eyni zamanda işlədikləri vəzifələrə ciddi təsir edir.


Məhz buna görə Facemark “Yaradıcı media” adı altında yeni müsahibə rubrikasına başlayır. Rubrikamız tərkibində 1 ay ərzində eyni vəzifəni icra edən müxtəlif şəxslərdən müsahibələr alacağıq.


Bu aykı hədəfimiz qrafik dizaynerlərdir. Ən çox “edit” sözünü eşidən, gecəsi-gündüzü olmayan işçilərdən biri elə onlardır. Bəs görəsən, rəqəmsallığın düz mərkəzində inkişaf edən bu sahə işçiləri öz peşələrini necə təsvir edirlər?


Beləliklə, “Yaradıcı media” rubrikasının ilk qonağı qrafik dizayner Səməndər Səfərzadədir.



Sosial media və qrafik dizayn


“Sosial media platformaları, demək olar ki, həyatımızın hər yerində bizimlə birlikdədir. Və görürük ki, böyükdən-kiçiyə kimi bütün qlobal və yerli şirkətlər bu platformalarda özlərini daha da inkişaf etdirmək istəyirlər.


Bu yerdə işə rəqəmsal marketoloqlar girir, vizuallaşdırma sahəsində isə artıq dizaynerlərə söz verilir.


Günümüzdə dizaynerlər ən yaradıcı və gözəl vizuala sahib postlar hazırlamaqla bu platformalarda öncü söz sahibi olmağa çalışırlar. Bu da qrafik dizayn sahəsinə müsbət mənada çox təsir edir. Bu, eyni zamanda şirkətlər arasında rəqabətin artırılmasında böyük rol oynayır”.



Facebook qruplarında yaranan qrafik dizaynerlər icması və bunun sahənin inkişafına təsiri


“Təbii ki, sosial media platformalarının insanlara inkişaf baxımından qatdığı çox şeylər var. Bu özünü dizayn tərəfdən də göstərir. Düşünürəm ki, bir sıra dizaynla bağlı qruplarda təhsil yönümlü işlər daha çox görülsə, daha yaxşı olar. Günümüzdə dizayn və görsəlliklə bağlı çoxlu kitablar var, məsələ burasındadır ki, bu kitabların heç biri Azərbaycan dilində yazılmayıb və ya çox cüzi hissəsi tərcümə edilib. Ölkədə dizayn anlayışını yüksək səviyyələrə qaldırmaq üçün ən vacib amillərdən biri sırf budur. Digər tərəfdən, görülən işlərə daha peşəkar şəxslərin qiymət verməsini, həmin peşəkar şəxslərin intensiv olaraq təlimlər, podkastlar həyata keçirməsini, məqalələr yazmasını, həmçinin texniki biliklərlə yanaşı, vizuallaşdırma məsələlərinə də önəm verilməsini istəyərəm”.



Agentliklərdə SMM / Account Manager və qrafik dizayner münasibətləri, birlikdə iş

“İlk növbədə, harada işləməkdən aslı olmayaraq, mütləq şəkildə komanda şəklində fəaliyyət göstərmək lazımdır. Hər bir şəxsin fikirləri önəmli olmalıdır. Çətinliklər isə qlobal səciyyə daşımır. Sadəcə iş görən şəxslər müştərinin tam olaraq nə istədiyini, satdığı məhsul və ya xidmətin tam olaraq nə olduğunu dizaynerə dəqiqliklə ötürməlidirlər. Təbii ki, bu prosesdə problem yaranacağı təqdirdə tərəflər arasındakı problemlər də artacaq. Bir yandan, hər bir problemin bəsit formada həlli var, burada əsas məsələ bu şəxslərin hər biri ilə ortaq məxrəcə gəlməkdir. Elə işin məğzi də operativ, səliqəli və problemi tez həll etmək bacarığıdır”.



Pinterest, Behance və Devianart kimi saytlardan, platformalardan istifadə


“Dizaynerlik bir baxıma həm də gözlə görə bilmə qabiliyyətinə sahib olmaq sənətidir. Hər bir dizayner yaradıcılığının əvvəllərində bir çox nümunələrdən ilhamlanır, oxşar şeylər çəkir. Bəzi məsələlər də bir sıra şəxslər bu kimi işləri “plagiat” adlandırırlar. Ancaq bu, həmişə belə deyil. Hər hansısa mövzuya fərqli rakurslardan baxmaq lazımdır. Yaxşı dizayner olmaq, daim inkişaf etmək üçün insan gərək hər gün axtarışda olsun. Əks təqdirdə bizim trendi izləməyimizin heç bir mənası qalmaz”.



Səliqəli portfolioların önəmi


“Səliqəli portfolio hər bir dizayner üçün çox vacibdir. Hazırkı dövrümüzdə işə götürənlər üçün bir dizaynerin portfoliosunun yaradıcılıq tərfinin yaxşı olması qədər, onun səliqə olması da prioritetlərdən biridir. Bu, həm də dizaynerin iş prinsiplərinin təzahürüdür. Bu hal onu göstərir ki, həmin dizayner yaradıcı olmasıyla yanaşı, həm də disiplinlidir. Bu faktor işə götürən qurumda individual üçün üstünlükdür”.


Freepik, Shutterstock və bu kimi stok platformaları ilə iş


“Günümüzdə dizaynerlər, demək olar, Freepik və Shutterstock-dan çox istifadə edir. Bu, işin sürətini artırmaqda və daha praktik olmaqda dizaynerlərə çox köməklik edir, digər tərəfdən isə bəzi dizaynerlər bir çox hallarda bu platformalardan istifadə etdikləri halda belə həmin post, mokap və s. istifadə etdikləri məhsullarda yaradıcılıq nümayiş etdirmirlər. Həmin məhsulları cüzi dəyişiklik edərək müştəriyə təqdim edirlər ki, bu da müştəri qarşısında dizaynerin nüfuzuna mənfi təsir göstərir. Bu platformalardan istifadə etmək heç bir maneə yaratmır, sadəcə incəliklərə və istifadə etdildiyi halda daha yaradıcı dəyişikliklər etməyə diqqət edilməlidir”.





Müsahibə üçün təşəkkürlər!


Hazırladı: Pəri Abbaslı


Əziz oxucularımız, siz isə gözdə-qulaqda olun ki, yeni “Yaradıcı media” müsahibələrindən xəbərdar olasınız.


Bizi Instagram, Facebook, Instagram, Telegram, YouTube və Twitter-də izləməyi unutmayın!