Marketinq sahəsində fəaliyyət göstərən şəxslərin və şirkətlərin maraqlarının qorunması, sektor barədə insanların daima məlumatlandırılması və bu sahənin inkişafı məqsədilə yaranan Marketinq Peşəkarları Birliyi (MPA) öz fəaliyyətinin yeni dövrünə qədəm qoyub.


Facemark bildirir ki, bir neçə gün öncə baş tutan tədbirdə “MPA”nın artıq daha geniş auditoriyaya çıxması və daha böyük bir platforma olaraq davam etməsi qərarı alınıb.


Tədbirdə bir sıra şirkətlərin, o cümlədən “Yelload”, “FCB Artgroup”, “Düymə”, “Havas”, “Paradox”, “Modas”, “Brandup”, “Uptime”, “Endorphin”, “Admedia”, “Leo Burnett”, “People Brand”, “JIS”, “Greenlight”, “SBJ”, “DDB”, “Ağıllı nağıllar”, “Safaroff Agency”, “BMC” kimi şirkətlərin rəhbərləri iştirak edib. Şirkət nümayəndələri öz fikir və təkliflərini bildiriblər. Tədbir zamanı bundan sonrakı fəaliyyəti əks etdirən geniş təqdimat edilib. Təqdimatda sektorun hazırki vəziyyəti, birliyin bu yöndəki fəaliyyəti və xidmətləri, bundan sonra atılacaq addımlar barədə məlumatlar verilib.


Tədbirin təşkilatçılarının sözlərinə görə, sentyabr ayında daha böyük bir platforma olmaq yönündə fəaliyyətlərə başlanılacaq: “Bundan sonra hər ay görüşlər baş tutacaq və bu görüşlərlə bağlı təqdimatlar hazırlanacaq. Eyni zamanda, hər rübdə hesabat xarakterli bir tədbirin baş tutması planlaşdırılıb”.


Alınan yeni qərarlara əsasən, “MPA” saytının yaradılması və sektora faydalı olan onlayn bir platformaya çevrilməsi yönündə də çalışmalara başlanılıb. Həmçinin yerli Reklam Festivalının yaradılması istiqamətindəki çalışmaların da intensivləşdirilməsi qərara alınıb.