Sərhədsiz Reportyorlar qeyri-kommersiya təşkilatı “Minecraft” video oyununda qurduğu virtual kitabxana ilə senzura qoyulmuş kitab və məqalələrə çıxış təqdim edib.


Facemark xarici mediaya istinadən bildirir ki, Sərhədsiz Reportyorlar (RSF) və reklam agentliyi “DDB” mətbuata ciddi senzuralar qoyulan ölkələrdə senzuralı materiallardan istifadə üçün virtual kitabxana konsepsiyası hazırlayıb. "Senzurasız Kitabxana" adlanan bu virtual kitabxanada Misir, Meksika və Rusiya kimi ölkələrdə qadağan olunmuş məqalələr yerləşdirilib.



DDB Almaniyanın art direktoru Sandro Heierli “Dezeen”ə verdiyi açıqlamada bildirib ki, yeni konsepsiya 15-30 yaşlı oyunçuları nəzərə alaraq qurulub: "Əsas məqsədimiz ciddi senzura qaydaları olan ölkələrdə oyunçuların müstəqil jurnalistika ilə məşğul olmaqlarını təmin etməkdir”.


Komanda dövlət qurumlarının kitabxanaya girişini əngəlləmək üçün “blockchain” sistemindən istifadə edib. Heierli bildirir ki, xəritə oflayn yüklənə bilir: “Oflayn xəritə daha sonra mərkəzləşdirilməmiş blockchain anbarında saxlanılır - bunu hack etmək mümkün deyil”.



"Kitabxanada 200 mindən çox nüsxə var - buna görə hətta Sərhədsiz Reportyorların özləri belə kitabxananı yox edə bilməzlər”.


Serverə çıxışı olan hər kəs 100 səhifəlik kitabları oxuya bilsə də, “Minecraft”ın gənclər arasında populyar olması kitabxananın inkişafında mühim amildir: "Vətəndaşlarının hüquqlarını getdikcə məhdudlaşdıran zalım ölkələrdə gənclər, xüsusilə, virtual aləmdə azadlıq verən “Minecraft” kimi oyunlara meyllidirlər”. İstifadəçilər oyunda öz kitablarını toplayaraq, paylaşaraq və yazaraq kitabxananın məzmunu ilə “qarşılıqlı əlaqə” qura bilərlər. Oyunçular “Senzurasız Kitabxana”dakı kitabları oxuya bilərlər, lakin serverdəki kitabların məzmununu dəyişə bilməzlər.


İstifadəçilərin təhlükəsizliklərini təmin etməklə yanaşı, DBB və RSF jurnalistlərin müdafiəsini də təmin edir. Yazıçıların əksəriyyəti məsələn, meksikalı jurnalist Xavier Valdez, ya dünyasını dəyişib, ya mühacirətdə yaşayır, ya da anonim qalır.



Əlavə olaraq, Heierli bildirir ki, "RSF hər kəsin təhlükəsizliyini təmin etmək üçün jurnalistlər və ailələri ilə sıx əlaqədədir".