“WhatsApp” Avropa Şurasına daxil olan ölkələrin istifadəçilərinin gizliliyini qorumadığı üçün 266.8 milyon dollar cərimələnib.


Facemark “Financial Times”a istinadən bildirir ki, İrlandiya Məlumat Təhlükəsizliyi Komissiyası “WhatsApp” messencerinin istifadəçi məlumatlarını “Facebook”la bölüşməsi və bölüşmə detallarını açıqlamaması səbəbilə şirkəti cərimələyib. Xəbərdə qeyd edilir ki, mesajlaşma xidməti Ümumi Data Təhlükəsizliyi Nizamnaməsinin (GDPR) şəffaflıq öhdəliklərini pozub.


Komissiya qeyd edib ki, məlumat paylaşımı, ümumiyyətlə, GDPR qaydalarına ziddir. “WhatsApp” istifadəçilərin nömrələrini anonim şəkildə saxlamaqdansa, telefon nömrələrini “təxəllüs”lərlə ümumi data bazasına ötürür.


Qərar “WhatsApp”dan həm şəffaflığını artırmağı, həm də məlumat paylaşımını GDPR-ə uyğunlaşdırmağı tələb edir.


Qeyd edək ki, İrlandiya agentliyi, ilkin mərhələdə, şirkəti GDPR-i pozduğuna görə 50 milyon avro (59.3 milyon dollar) cərimələməyi planlaşdırırdı. Lakin Almaniya və digər ölkələr Komissiyanı məxfilik hüquqlarının pozulmasında lazımlı qərar verməməkdə qınadığına görə Komissiya cəzanı artırdı.