Azərbaycanda işgüzar səfərdə olan Beynəlxalq Astronavtika Federasiyasının (IAF) nümayəndə heyəti ilə görüş keçirilib.


Facemark APA-ya istinadən xəbər verir ki, ikitərəfli görüşdə Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev cənab Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən uğurlu peyk layihələri sayəsində müstəqil Azərbaycanın dünya kosmik ailəsinin bir üzvünə çevrildiyini bildirib.


“Məhz bunun nəticəsidir ki, Beynəlxalq Astronavtika Konqresi kimi vacib tədbir 50 il sonra yenidən Bakıda keçiriləcək”, – deyə görüşdə vurğulanıb.


Qeyd olunub ki, bu tədbir Azərbaycanla yanaşı, qonşu ölkələrə, o cümlədən, IAF üzvü olmayan dövlətlərə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində əvəzolunmaz imkan yaradacaq.


Xatırladaq ki, 2019-cu ildə ABŞ-ın paytaxtı Vaşinqton şəhərində keçirilən Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında Bakı şəhəri 2023-cü ildə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazanıb. Bu mötəbər tədbirə ev sahibliyi etməyə namizəd olan şəhərlər arasında Sinqapur, Rio-de-Janeyro və Nyu-Dehli şəhərləri də olub.