Bu gün marketinq fəaliyyətlərinin icrasına nəzər salanda maraqlı və bir o qədər də bizi üzən detalları görürürük. İndiyədək gördüyüm və tezliklə həllini tapmasını istədiyim bir neçə problemi sizinlə də paylaşaq qərarına gəldim.


1. Bəzən şirkətlər özünü bənzərsiz və hər kəs tərəfindən tanınır (brand awareness) sandığı üçün reklam strategiyalarına ehtiyac duymurlar, yaxud da sonuna kimi bir fikrin üzərində dururlar ki, təqdim etdikləri "məhsul" elə ilk başlanğıcdan, ilk gündən "satılmalıdır", çünki artıq o bazarda uzun müddətdir var, fəaliyyət göstərir. Onun “brand awareness”ə ehtiyacı yoxdur.


2. Bəzən də olur ki, şirkət bazarda artıq mövcud olan X şirkətlə "rəqabət" apararaq onun "kopyasını" yaratmağa çalışır. Bu zaman ortaya çıxan nəticə təbii ki, ürəkaçan olmur. Bu mövzuya hətta atalarımız belə toxunub: sən onun ayaqqabılarını geyinə bilərsən, amma yerişini yeriyə bilməzsən.


Seth Qodin "Bənövşəyi İnək" kitabında bu mövzuya toxunaraq qeyd edir ki, əgər siz bazarda Aspirinin bənzəri bir dərman yaradacağınıza inanır və bu yöndə uğurlu olacağınızı düşünürsünüzsə bu hardasa dəlilik sayıla bilər.


Çünki bu kimi məqamlarda alıcı psixologiyası nəzərə almamız lazım olan ən başlıca faktordur. Biz adətən uzun müddətdir tanıdığımız və bizdə güvən yaradan məhsullardan imtina etməyə o qədər də meyilli olmuruq. Elə deyil?


Müasir dövrdə ehtiyacımız olan hər şey demək olar ki, icad olunub və olunmaqda da davam edir. Əgər şirkət alıcının öncədən tanıyıb yaxşı bələd olduğu məhsula alternativ təklif edirsə, bunun digərindən üstünlüyünü (varsa) ona mütləq dərk etdirməlidir, əks təqdirdə isə alıcıda süni tələb yarada biləcək və onun ehtiyacına çevriləcək məhsullara yönəlmək ən doğru seçim olar.


Sözsüz ki, hər sahə üçün bunun bənzəri problemlər olur. Lakin bir gerçəyi qəbul etməkdə fayda var- əgər siz markanızın, məhsulunuzun bənzərsiz və hamının əldə etməsinin vacib olduğu qənaətindəsinizsə, yanılırsınız və acı da olsa bu sektorda qazanan olmanız imkansıza bərabər görünür.


Buradan gəlinən nəticə budur ki: Əgər rəqiblərinizin həddən artıq çox olduğu bazarda ayaqda durmağa çalışırsınızsa, yetərincə büdcə sərf edərək marketinq strategiyanızın peşəkar səviyyədə davam etməsinə "imkan verməlisiniz".


Bu məsələdə büdcə sadəcə ortaya çıxaracağımız "məhsul" üçün lazım olan "ləvazimatlardan" sadəcə biridir. Digər ləvazimatlardan ən vacib olanları isə zaman və təbii ki, olmazsa olmazımız marketinq strategiyamızı etibar etdiyimiz - işinin peşəkarı "o şəxsdir". Yox əgər rəqibləriniz olduqca az, sahəniz spesifikdirsə, siz bazarda 50 il də mövcud olsanız müəyyən bir müddəti rmarkanızı reklam kütləsinə tanıtmaq və qəbullandırmaq üçün sərf etməniz şərtdir.


Unutmayaq ki, hazırda istər ölkəmizdə, istərsə də dünyada öz sözünü deyən bütün markalar bu üsullardan hələ də istifadə etməkdədir.


Siz xatırlatmatdıqca və tanıtmadıqca alıcıya ən dəyərli məhsul da təqdim etsəniz hər zaman unudulacaqsınız.


Gözümüzə, könlümüzə yaxın olmanız üçün deyilənlərə qulaq verin.




Günay Fərzəliyeva