Hərdən özümü ya bəyaz qarğa və yaxud uçan zürafə kimi hiss edirəm. Bu bir xəstə təxəyyülü deyildir. Depressivliyə də dəxli yoxdur. Mən heç fantast da deyiləm. Ömrümdə fantastik mövzuya həsr olunan cəmi bir novella yazmışam. Onu da «Göyə yağan balıqlar» adlandırmışdım. İnsanların əməllərindən bezən balıqları göyə uçan raketlərə bənzətmişdim. Bir zamanlar balıqların Kainatın dərin qatlarına uçacağını yazmışdım. Onların ardınca bütün canlıların da Qalaktikanın başqa yerlərinə, uzaq və yaxın planetlərinə köçəcəyini təsvir etmişdim.


Novellanın yazılması prosesində o qədər qəribə hisslər keçirmişdim ki…Bəzən də təxəyyülümün hüdudlarının geniş və dərinliyi özümü qorxudurdu. Amma o zaman yaxşıca anladım ki, əslində biz bugünü yaşayanda əslində keçmişi düşünürük. Gələcəyi düşünəndə bugünü yaşayırıq. Daha zəngin yaşayırıq. Hərdən deyirəm ki, asfalt yollar nə qədər enli olsa, o qədər yaxşıdır. Bugünün nəqliyyatı və sabahın yeni parklar üçün…Nədən?


İllər ötəcək. Nəqliyyat vasitələri tam elektrik enerjisi ilə işləyəcək. Onların havada hərəkəti adi hala çevriləcək. Gələcəyin nəqliyyat vasitələrini avtoxuliqanlar deyil, texnologiya və proqram təminatı idarə edəcək. Yerüstü yollara ehtiyac qalmayacaq. Deməli, asfaltüstə yeni parklar salınacaq. Daxili yanacaq mühərriklərinin işləməsi üçün zəruri məhsulların istehsalına ehtiyac qalmayacaq. Bütün növ nəqliyyatın – yerüstü, yeraltı, suüstü, sualtı, hava - ürəyi və çiyəri elektrik batareyaları və akkumlyatorları olacaq.


Futuristlərin diqqəti çəkəcək müşahidələri var. Sizlər üçün də maraqlı görünə bilər. Yaradıcı insanlar və elm nümayəndələri əsrlərlə öncə əsrlərlə sonranı təxəyyüldə canlandıra bilirdilər. Qədim dünya müdriklərini xatırlayın. Onlardan gələn proqnozlarının çoxu bugün həyatda öz təcəssümünü tapmışdır. Keçən əsrdə isə zamanın gedişini daha dəqiq, yəni cəmi 20-30 illik öngörünü fantastik anlamda proqnozlaşdırmaq mümkün olurdu.


21-ci əsrin birinci dekadasında bu rəqəm 10-15 il təşkil edirdi. Bu gün isə 5 ili qabaqcadan proqnozlaşdırmaq belə çətindir. Koronavirus ilə bağlı gerçəklik bunu deməyə ciddi əsas verir.


Məncə eyni mənzərəni bizim fəaliyyət sahəmizdə də görmək olur. Yeni marketinqin sabahı necə olacaq? Yeni reklam təfəkkürü hansı müstəvidə inkişaf edəcək? Yeni kreativ trendlər nəyə istinad edərək sabaha yol alacaq?


Bunlar bir yaşlı insanın yorucu nəsihətlərinə və ya məlumatlı insanın təkəbbürlü təcrübə nümayişinə də bənzəyə bilər. Gərçəkliyi qəbul etməkdə və onun traktovkasında hər kəs azaddır. Amma bir fikrimə şərik olarsınız. Gələcəyi görməyə can atmayan yaradıcılıq, ən önəmli trendlərin quyruğundan da olsa yapşmayan hər cür strategiya təmələ söykənmir, müvəqqəti alaçıq və ya gecəqondu evlər qədər külək iradəsi qarşısında aciz və davamsızdır.


Yeni il öncəsi yeni yollar, istiqamətlər və tendesiyala barədə düşündüm.


Gələcək yalnız xoşbəxtlik, firavanlıq, xoş güzəran və əmin-amanlıq gətirəcəkmi?


Gələcək yalnız inkişafa, mütərəqqi texnologiyaya hamilədirmi?


Gələcək yalnız uğurlar və nailiyyətlər zirvəsinə gedən yoldurmu?


Gələcək ölümsüzlük və hamının varlanacaqağı, habelə yalnız biznesmen və robotlardan ibarət bir yekcins sosial məkan olacaqmı?


Xeyr. Gələcək gələcəkdir.


Gələcək bizi daha mobil olmağa səsləyəcəkdir.


Gələcək bizi daha qətiyyətlə niyyətə çatmağa vadar edəcəkdir.


Gələcək qlobal səviyyədə rəqabətin ən sərt mərhələsinə qədəm qoyacaqdır.


Gələcək evin, həyətin, şəhərin, ölkənin və dünyanı ağıllı məkan olacağını istəyəcəkdir.


Bax, bütün bunlar yeni marketinqin vəzifəsidir.


Yeni reklamın fəaliyyət meydanıdır.


Yeni məhsulların istehsalıdır.


Yeni məhsulların istehlakıdır.


Yeni kreativin geniş üfüqləridir.




Teymur Məmmədov