Facemark.az kontent marketinq sahəsində frilans çalışan Vəfa Əli ilə müsahibəni təqdim edir:



- Vəfa xanım, sizi daha yaxından tanıyaq. Bu sahəni seçməyinizə səbəb nə oldu? Neçə ildir bu sahədə çalışırsınız?


Hazırda kontent marketinq üzrə frilans fəaliyyət göstərirəm. Bu sahə dijital marketindən bir qədər fərqlidir. Düşünürəm ki, Azərbaycanda kontent marketinq sahəsində boşluqlar var. Mən isə müxtəlif biliklərə yiyələnərək, inkişaf edərək bu sahəni seçdim. Ümumi desək, frilans təcrübəm 8 ildir. Son 4 il isə yalnız frilans çalışıram.


- Qeyd etdiyiniz kimi 8 ildir frilans təcrübəniz var. Freelance işləmə ən rahat çalışma metodu olaraq qəbul edilir. Sizcə bu formada çalışmağın hansı mənfi və müsbət tərəfləri var?


Ümumilikdə frilans olaraq çalışmağın müsbət tərəfləri çoxdur. Frilans çalışmaq o baxımdan yaxşıdır ki, sənə nəzarət edən menecer yoxdur. Əgər sən beynəlxalq və tanınmış şirkətlərlə işləyirsənsə, bu müsbət tərəflər saymazla bitməz. Lakin təəssüflər olsun ki, Azərbaycanda frilans çalışma tam olaraq formalaşmayıb. Eyni zamanda bəzi şirkətlər bu sahədə olan davranış qaydalarını bilmədikləri üçün istər-istəməz mənfi tərəflər ortaya çıxır. Məncə bu sahənin ən böyük müsbət tərəfi iş saatlarını özünün təyin etməyi və iş yükünü istədiyin formada bölə bilməyindir.


- Sizcə hazırki zamanda ən geniş yayılmış frilans sahələri hansılardır?


Düşünürəm ki, hazırki zamanda İT və proqramlaşdırma sahəsində frilans iş imkanları daha çoxdur. Bundan əlavə, dijital marketinq və biznes sahəsində də bu istiqamətdə asanlıqla iş əldə etmək mümkündür.


- Bir işdə uğur qazanmaq və faydalı olmaq hər birimizin istəyidir. Bəs maraqlıdır uğurlu frilanser olmaq üçün hansı bacarıqlar olmalıdır insanda? Ümumiyyətlə uğur qazanmağın sirri nədir?


Məncə bu sahədə uğur qazanmaq üçün bir insanda "Time management" və "Soft skills" bacarıqları yüksək olmalıdır. Yaxşı olar ki, bu bacarıqlar korparativ mühitdə öyrənilsin. Əsas vaxtın idarə edilməsi düzgün olmalı və məsuliyyətli olmalıdır. Tək çalışsa belə özü özünü yoxlamalı, özünü tənqidi bacarmalı, nəzarət etməyi bacarmalıdır. Bu halda düşünürəm ki, insan uğur qazana və daha keyfiyyətli bir iş ortaya çıxara bilər.


- Frilans çalışmaq istəyənlərə hansı məsləhətləri verə bilərsiniz? Hansı mənbələrdən frilans işlər tapa və özlərini inkiçaf etdirə bilərlər?


Frilans çalışmaq istəyən hər kəsə tövsiyəm odur ki, onlar qısa müddətli də olsa, hər hansı bir şirkətdə işləsinlər və komandada işləmək bacarığına yiyələnsinlər. Nəzərə alsaq ki, korporativ mühit insanın peşəkarlaşmasına kömək edir, bu səbəbdən onlarda müxtəlif bacarıqlar formalaşacaq. Mənbə olaraq isə Azərbaycanda fərqli mənbələrdən iş tapa bilərlər. İlk olaraq ingilis dili səviyyəsi yüksək olmalı, bu halda iş axtaranlar digər xarici şirkətlər üçün yaxşı namizəd olacaqlar və asanlıqla iş tapa biləcəklər.