Dudl nədir və necə yaranıb?


Facemark.az dudl haqqında araşdırma yazını təqdim edir.


1998-ci ildə əsası qoyulan ''Google'' şirkəti bu gün dünyanın ən böyük texnologiya şirkətlərindən biridir. Şirkətin bir çox iş sahələri olmasına baxmayaraq, hamımız onu məşhur axtarış sistemi kimi tanıyırıq. Əgər fikir vermisinizsə, ''Google'' axtarış sistemi ilin bəzi günlərində şəklini dəyişir və dudl olur. ''Google'' dudl dizaynları illərdir davam edən əyləncəli bir şirkət ənənəsidir.


''Google'' dudl heç bir xüsusi günü nəzərdən qaçırmır və dizaynında həmin günlə bağlı mühüm şəxs və ya hadisəni əks etdirir. Şirkətin bu xüsusi halları və dizaynları müəyyən etmək üçün xüsusi komandası var. Bu komanda həmçinin istifadəçilərdən gələn sorğuları qiymətləndirir və bəzilərini dudl kimi təqdim edir.



Dudl ''Google'' tərəfindən ilin xüsusi günlərində ana səhifədəki loqoda edilən dəyişikliklərdir. Bu dəyişikliklərlə ''Google'' loqosu dudla çevrilir və istifadəçilərinə dünyaca məşhur əhəmiyyətli insanlarla baş verən hadisələri xatırladır.


Dudl dizaynı ilə ilk dəfə 1998-ci ildə ''Google'' hələ kiçik bir şirkət olanda qarşılaşmışıq. Şirkətin həmtəsisçiləri Larri Page və Sergey Brin ABŞ-ın Nevada səhrasında keçirilən ''Burning Man'' festivalında iştirak edirlər. Nəticədə istifadəçilərinə ofisdə olmadıqlarını bildirmək üçün ''Google'' loqosunda cüzi dəyişiklik edərək ilk dudl yaradırlar.


İlk dudl ''O'' hərfinin arxasına qoyulmuş bir insan fiquru idi. Dudl 2000-ci ildə ənənə halını alır. Larri və Sergey o zaman stajyer olan Dennis Hwanqdan Bastiliya Günü üçün dizayn etməyi xahiş edirlər. ''Google'' istifadəçilərinin çox bəyəndiyi bu dizayndan sonra dudl komandası yaradılır və Dennis Hwang onun rəhbəri təyin edilir.



Bu gün ''Google''da böyük dizaynerlər və mühəndislər komandası dudl dizaynları üçün çalışır. Komanda xüsusi günləri müəyyən edir və bu günləri dizaynla necə təqdim edəcəyinə qərar verir. Əvvəllər yalnız çox vacib günlər və insanlar üçün nəzərdə tutulan dudl işləri illər keçdikcə daha əyləncəli hala gəlib.

''Google'' tərəfindən edilən açıqlamaya görə, indiyə qədər 4 mindən çox dudle hazırlanıb.