Facemark.az Fərid Abdıyevin ''Davranış marketinqi şirkətə hansı faydalar qazandırır?'' mövzusunda köşə yazısını təqdim edir.


Bildiyimiz kimi, data marketerlər üçün çox dəyərlidir və şirkətlər kütləvi informasiya keşləri yaratmağa davam etdikcə, istehlakçılara müvafiq kontent yaratmaqda və onlara xidmət göstərməkdə daha yaxşı nəticə ortaya qoya bilirlər. Marketinqin avtomatlaşdırılması prosesinin davam etdiyi bir zamanda şirkətlər hətta aylar öncədən istehlakçı davranışını proqnozlaşdırmaq üçün məlumat bazalarından istifadə etmək imkanına sahib olurlar. İstehlakçı məlumatları auditoriya seçimlərini dəqiq müəyyənləşdirmək və müvafiq məlumatı çatdırmaq üçün istifadə edilə bilər. Buradan yola çıxaraq marketinqin inkişafı ilə ortaya yeni terminlər çıxır. Bunlardan biri də davranış marketinqidir.


Davranış marketinqi (ing. behavioral marketing) şirkətlərin veb analitika, axtarış və baxış tarixçəsi, satın alma tarixi, ip ünvanları və digər məlumatlardan istifadə edərək istehlakçıların davranışları, maraqları, niyyətləri, demoqrafik göstəriciləri və digər ölçüləri əsasında auditoriyanı hədəfə alma üsuludur. Müəyyən davranışlara və ya dəqiq istifadəçi profillərinə əsaslanan auditoriyaları daha dəqiq formada seqmentləşdirərək həmin auditoriyalara daha doğru kontent və təkliflər təqdim edə bilər. Qısaca desək, davranış marketinqi istifadəçinin keçmiş hərəkətləri və davranışları əsasında hədəflənmiş reklam və ya kontentin təqdim edilməsi təcrübəsidir.


Reklamlar istifadəçi üçün daha uyğundursa, onların müsbət reaksiya vermə şansı daha yüksəkdir. Davranış marketinqi ilə çox sıx şəkildə qarşılaşa bilirik. Məsələn, ''Trendyol'' və ya ''Amazon''dan müntəzəm istifadə edən hər kəs davranış marketinqinin kifayət qədər sadə forması ilə tanış olur. Belə ki, bizə təklif olunan məhsullar əvvəlki alış-veriş tarixçəmizə əsasən tövsiyə olunur. Bunu fiziki mağazalarda da görmək mümkündür.


Davranış marketinqinin faydaları nələrdir?


Uyğunluq: Rəqəmsal kontent və reklamlar istifadəçi üçün daha uyğun olur, onların marağını cəlb edir. Əks halda onlar bu məlumatı spam olaraq olaraq qəbul edirlər.


Effektivlik: Reklamlar məhsullarınızla maraqlanan istifadəçilərə yönəldildiyi üçün çəkilən xərclər daha səmərəli olur. Mesajlar da ona görə uyğunlaşdırılır ki, onların müsbət cavab alma şansı daha yüksək olsun.


Təkmilləşdirilmiş ROI: Təkmilləşdirilmiş uyğunluq və səmərəlilik daha çox ROI-yə gətirib çıxarır, bu da tam təbiidir.


Mərkəzləşdirilmiş verilənlər bazası: Davranış marketinqini həyata keçirmək üçün müəssisələr ardıcıl, əlçatan məlumatlara malik olmalıdırlar. Məlumat proseslərinin təkmilləşdirilməsi biznesin digər hissələrində də sadələşdirməyə imkan verir.