Facemark.az Teymur Məmmədovun "Balıq deyib keçməyin" adlı yazısını təqdim edir.


Müşahidələrin nəticəsi kimi çox maraqlı bir gerçəkliyə diqqət yetirin. Dəniz sahilində yaşayasan, amma bu qədər az balıq yeyəsən. Məsələn, Yaponiyada hər kəs il ərzində aşağı-yuxarı, yəni orta hesabla, öz çəkisi qədər balıq yeməlidir. Bilirəm, bilirəm, biz yapon deyilik. Amma balıq elə Afrikada da balıqdır. Sağlamlıq da öz yerində...


Sadəcə bizim qida məhsulları rasionumuz balıq məhsulları baxımından olduqca kasaddır. Çünki balıq və balıq məhsulları, daha doğrusu, dəniz və çay nemətləri gündəlik qida istehlakımızda az yer tutur. Deyəcəksiniz ki, dəniz məhsulları bahadır. Razıyam. Amma demədim ki, biz hər gün balıq yeyək. Deyirəm ki, il ərzində heç olmazsa, 10 – 12 kq dəniz nemətləri dadaydıq...





Məncə dəniz məhsulları istehlakında Cənubi Qafqazda sırada axırdakı mövqelərimizi tərk etmək istəmirik. Hər halda, müşahidələr bunu deməyə əsas verir. Bu mənzərəni görüb düşünürəm ki, balıq məmulatlarına laqeydliyimiz bəlkə onun satış və təqdiminin doğru yöndə aparılmadığına dayanıqlıdır? Ola bilər. Olmaya da bilər.


Hər halda, istərdim ki, bu yazıda balıq məhsullarının sərgilənməsindən danışım. Təbii ki, söyləyəcəklərim razılıqla qarşlanmaq iddiasında deyil. Sadəcə olaraq mənim müşahidə zəminində mülahizələrimdir.


Ekspertlər belə hesab edirlər ki, balıq məhsullarının satışının təşkilində üç komponent əsas rol oynayır. Birincisi, məhsulun xarici görünüşü kondision olmalı və cəlbedici təsir bağışlamalıdır. Deyəcəksiniz ki, bütün ərzaq məhsullardan bu komponent tələb olunur. Etiraz etmirəm. Amma balıq məhsullarının tez xarab olma xüsusiyyətini nəzərə alsaq, onun buzlu mühitdə sərgilənməsinə diqqət yetirsək, görərik ki, həqiqətən də bu tələb çox ədalətli görünür. Buzlu soyuqluq təəssüratı tempramentli mentalitetə malik olan insanları soyuducudan uzaqlaşdıra bilər. Deməli, bu baxımdan da diqqətin balıq məhsullarına cəlb olunması önəmlidir.




İş elə gətirib ki, mən balıq məhsulları ilə bağlı markalaşma və marketinq sahəsində fəaliyyət göstərmişəm. Bu mənada "5-ci Okean" layihəsi maraq doğurur. Təcrübəli mütəxəssislərdən formalaşan, çiy və bişmiş dəniz məhsullarının satışını təşkil edən bu marka məhsulun fərqli merçandayzinqinə ciddi yanaşır və müştəri diqqətinin məhsula yönləndirilməsinə xüsusi əhəmiyyət verir. Burada ilk baxışdan bolluq və çeşid rəngarəngliyi gəl-gəl deyir.


İkincisi, balıq məhsulları satışında digər özəllik məhsulların elə sərgilənməsidir ki, bütün səmtlərdən baxdıqda məhsullar iştahaçan görünməli və təravətli təsir bağışlamalıdır. Dəniz məhsullarının rəng çalarlarının o qədər də bol olmadığını nəzərə alsaq, belə sərgiləmə satış komandasından xüsusi məharət tələb edir.


Üçüncüsü, heç də az əhəmiyyət kəsb etməyən özəllik ondan ibarətdir ki, müştəri onun marağına səbəb olan balıq məhsulları arasından istədiyini tez və rahat seçə bilməlidir. Məhz bunun sayəsində müştərinin öz istədiyini almaq həvəsi fərqli dəstəklənmiş olur. Unutmayaq ki, balıq məhsulları soyuq yerdə və buzlu mühitdə təklif olunur. Onun satış və saxlanma mühiti də bu baxımdan digər qida məhsullarından ciddi fərqlənir.






Təbii ki, bu duza qoyulan və hisə verilən balıqlar üçün keçərili deyil. Bunlar daha uzunömürlü məhsullardır. Amma onların da təqdimi cəlbediciliyi ilə seçilməlidir. Çünki bu qəbildən olan məhsullar təzə tutulan balıqlardan az estetik təsir bağışlayır.


Merçandayzinqin başlıca missiyası məhsula diqqəti cəlb edəcək sərgilənmənin məharətli satış mütəxəssisi - merçandayzinq tərəfindən düzgün dizayn edilməsidir. Bu baxımdan zənnimcə, supermarketlərlə yanaşı, istisaslaşdırılmış məhəlli marketlərin və balıq məhsulları köşklərinin də format olaraq təklif oluması doğru olardı. Burada başlıca məqsəd təbii ki, balıq məhsullarının istehlakının artırılmasından və müştərini təkrar alışa həvəsləndirilməsindən ibarətdir.


İxtisaslaşdırılmış marketlərin üstün fərqi ondadır ki, burada balıq məhsulları satışını vahid sərgiləmə dizaynına tabe etmək olur. Supermarketlərin öz eksteryer və interyer dizaynı var. Bu da onların özəl markalaşması üçün zərurudir.


Məhəlli marketlər isə daha çevikdir, çeşidi tez-tez yeniləməyə, satışa təqdim olunan çeşidli məhsulları marketin öz satış fəlsəfəsi zəminində yenidən qruplaşdırmağa imkan verir. Bu da merçandayzeri ixtisaslaşmış marketdə məhsul sərgiləməsini daha geniş assortiment əsasında qurmağa həvəsləndirir. Təbiidir ki, belə yanaşma öz növbəsində məhsulların sərgilənməsinə təsirsiz qalmır. Başqa sözlə desək, burada yalnız konkret marketə (market şəbəkəsinə) mənsub olan çeşidli balıq yönümlü marketinqini və satış strategiyasını həyata keçirməyə real imkan yaranır.


Deməli, ixtisaslamış marketlərdə merçandayzinqi supermarket tələbləri çərçivəsində və müəyyən məhdudiyyətlər zəminində deyil, marketin özəl satış fəlsəfəsinə, habelə marketinq strategiyasına uyğun olaraq gerçəkləşdirmək mümkün olur. Məhsulu daha yaxından tanıtmaq və sevdirmək baxımından bu istiqamət məntiqi görünür.


Məhsul sərgilənməsi və satışının daha bir optimal mobil forması da vardır. Belə ki, balıq məhsulu köşkləri məhdud assortimentlə özəl məhsulların daha diqqət çəkən formatını təklif etməyə real şans verir. Burada az məhsulun fərqli merçandayzinqi daha iştahaçan görünür, müştərini satışa motivə edə bilir.


Ümumi və özəl merçaydazinqə malik olsalar da, dəniz nemətlərinin satışında market sahəsi formatından asılı olmayaraq, ümumi tələblər də mövuddur ki, onlara münasibətdə etinasızlıq yolverilməzdir. Belə ki, balıq məhsulları növlərinə görə ayrı sərgilənməlidir. Onların qarışıq mallar tərzində kombinasiyalı merçandayzinqi yanlışdır.





İkincisi, diri balıqlar üçün akvariumun olması mütləq şərtdir.


Üçüncüsü, soyudulmuş balıqlar yaxşı görüntülənə bilən yerdə təklif olunmalıdır. Dördüncüsü, file və steyklər də ayrı və özəl olaraq təqdim olunmalıdır.


Altıncısı, dondurulmuş balıq məhsulları da ayrı qruplaşmalıdır.


Yeddincisi, hisə verilən balıqlar avtonom paketdə sərgilənir.


Səkkizincisi, duza qoyulan balıqlar da digər məhsullarla qarışdırılmamlıdır.


Doqquzuncusu, qablaşdırılan balıq məhsullarını da yuxarıda söylənilən məhsul kateqoriyalarına qarışdırmadan fərqli qrup olaraq sərgiləmək məsləhətdir.


Bütün hallarda diqqət daha çox balıq məhsullarının uğurlu satışına yönəlməlidir. Çünki insan sağlamlığı üçün zəruri olan qida rasionunda dənzi məhsullarının geniş yer tutması önəmlidir. Bu mənada istehlakçıda gəl-gəl deyən və iştah oyadacaq məhsul sərgilənməsi balıq satışı nöqtələrində ön olana çəkilməlidir.



Teymur Məmmədov