Facemark.az Aqualink şirkətinin icraçı direktoru Orxan Mikayıl ilə WIFBAKU2022 haqqında müsahibəni təqdim edir!



1. Orxan bəy, Azərbaycanda ilk dəfə olaraq keçirilən Bakı Su İnnovasiya Forumu uğurla yekunlaşdı. Bu forumun xüsusi özəllikləri və nəticələri barədə nələr deyə bilərsiniz?


İlk öncə bu müsahibə vasitəsi ilə bütün məruzəçilərə, forumun iştirakçılarına, maraqlananlara, bizi canlı yayım vasitəsi ilə izləyənlərə, bizə telefon və ya e-poçt vasitəsilə forumla bağlı fikir bildirənlərə dərin minnətdarlığımızı bildirmək istəyirəm. Forum çox uğurla başa çatdı.


Qeyd etmək istərdim ki, ölkəmiz hər zaman beynəlxalq tədbirlər və regional səviyyədə əhəmiyyətli yeniliklər üçün ən uğurlu məkan olmuşdur. Azərbaycanda ən vacib tədbirlərin keçirilməsinə şahidlik etmiş biri kimi Bakı Su İnnovasiya Forumunun da bu siyahıda olması sevincini yaşayıram. Forum “Gələcək üçün Su” şüarı ilə həm sadə vətəndaşlarımızı, həm dövlət qurumlarımızı, həm də özəl sektor nümayəndələrini bir araya toplayaraq, sudan səmərəli istifadə, yeni texnologiyaların nümayişi sahəsində çox əhəmiyyətli yerə malik oldu. Forum təşəbbüsü ilə çıxış etdiyimiz andan etibarən bu sahənin önəmini və bu sahəyə olan marağı təxmin etmişdik. Lakin forumun keçirildiyi ana qədər verdiyi töhfələri və əks-sədanı qiymətləndirməmişdik. Çox məmnunam ki, istər yerli təşkilatlar, istərsə də özəl sektor nümayəndələri ölkəmizdə ən önəmli amil olan suya belə həssas yanaşırlar. Forumda iştirakları ilə qatdıqları dəyər bunun bariz nümunəsidir.


Forumun özəllikləri sudan istifadə sahəsində ölkəmizdə keçirilən ilk beynəlxalq tədbir olması, dünyanın aparıcı firmalarından tanınmış mütəxəssislərin iştirakı, təcrübə mübadiləsi, dövlət qurumlarının, yerli şirkətlərin, QHT-lərin, elmi-tədqiqat müəssisələri nümayəndələrinin dəstəyi, çıxışları düşünürəm ki, forum üçün ən özəl xüsusiyyətlər olmuşdur. Qeyd etmək istərdim ki, ümumilikdə 21 spiker çıxışı omuşdur, onlardan 7-si xarici ölkələrdən təşrif buyurmuş rəhbər vəzifəli şəxslər və aparıcı mütəxəssislər idi. Dövlət qurumlarından peşəkar və təcrübəli səlahiyyətli nümayəndələrin iştirakı və çıxışları forumda xüsusi diqqətlə dinlənildi və bəyənildi. Bununla yanaşı forumda moderatorluq edən və çıxış edən professor və ictimai şəxslər panellər üzrə qoyulmuş mövzulara fərqli baxış bucaqlarından toxundular və bu çox maraqlı oldu. Ümumilikdə biz hər panel üzrə 4 fərqli mövqe – beynəlxalq təcrübə, yerli dövlət qurumlarının təcrübəsi, özəl sektorun təcrübəsi və ictimai əhəmiyyətli şəxslərin və elm nümayəndələrinin mövqelərini bir araya gətirmişdik. Düşünürəm ki, bu hərtərəfli yanaşma həm maraqlı, həm də gələcək üçün yeni perspektivlər vermiş oldu.



2. Forumda “Gələcək üçün su”dan danışıldı. Sizcə forum suyun dövrümüzdə olan problemlərini, bugünümüz və gələcəyimiz üçün olan əhəmiyyətini vurğulaya bildimi?


Birmənalı olaraq forumda hər panel üzrə əsas hədəf suyun təbiətin, milli sərvətimizin qorunması və növbəti nəsillərə etibarla ötürülməsi olmuşdur. Bizim uzun illərdir üzərində çalışdığımız sahə və mövzu üzrə çağırışımıza forum vasitəsilə geniş auditoriya səs verdi. Bizi ən sevindirən məqam ölkəmizdə bu mövzuya həssas yanaşma və marağın olmasıdır. Biz indi yeni texnologiyalara keçiddə tərəddüd etməməliyik, daha qənaətcil, daha müasir və ətraf-mühitə dost texnologiyalara yatırımları artırmalıyıq. Bu gün istər aqrar sektorda, istər yüngül və ya ağır sənayedə sahibkarlarımızın yeni texnologiyalara keçiddə tərəddüdlərinin şahidi oluruq. Forum bu sahədə təşviq və təbliğat xarakteri daşıdı. Biz yerli dövlət qurumlarımızı sahibkarlara dəstək olmağa, sahibkarlarımızı yeni texnologiyalara yatırım etməyə, elmi-tədqiqat müəssisələrimizi bu sahənin inkişafına töhfə verməyə həvəsləndirdik, təcrübə mübadiləsi üçün əlverişli mühit yaratdıq. Düşünürəm ki, bu amil gələcək üçün suyumuzun qorunmasında yeni toxumların səpilməsinə bir işarədir.



3. Spikerlərin mövzular üzrə çıxışı sizi qane etdimi? Ən çox hansı spikerin çıxışını bəyəndiniz?


Panellər üzrə çıxış edən məruzəçilər öz sahələri üzrə peşəkar mütəxəssislər idi. Çalışdığımız qədər eyni panelə fərqli sahələrdə çalışan mütəxəssislərin çıxışına üstünlük verdik. Beləcə panelin mövzusunu istər yerli, istərsə də xarici spikerlərlə, eyni zamanda iştirakçılarla daha ətraflı müzakirə etmək imkanımız daha yüksək oldu. Mən ayrı-seçkilik etmək istəməzdim, lakin məruzəçilər arasından Emiel Koster-in, Aygül Nurmagambetovanın, Zaur Salmanlının, Emin Dostiyarinin çıxışları auditoriya tərəfindən daha çox bəyənildi və rəğbət qazandı. Düşünürəm ki, adlarını çəkdiyim məruzəçiləri növbəti ildəki forumlara mütləq dəvət etməliyik.



4. Sizcə, forumda xarici spikerlərin çıxışını auditoriya necə qarşılayır?


Bildiyimiz kimi dünyanın möcüzəsi sayılan su hazırki dövrdə qlobal problemlərdən biridir. Bu problemin bizim ölkə ilə yanaşı xarici ölkələrdə yaratdığı fəsadlar, ətraf mühitə, flora və faunaya təsiri mövzularının müzakirəsi auditoriyaya daha səmərəli həllər bəxş etdiyini düşünürəm. Bununla yanaşı, beynəlxalq səviyyədə problemlərə yanaşma, gələcək çağırışlarla ayaqlaşmaq, yeni texnologiyalara keçidlər auditoriya üçün əhəmiyyət kəsb etməklə yanaşı, buna canlı şahidlik etmələri çox maraq doğurdu.



5. Bakı Su İnnovasiya Forumunun keçirilməsi ölkəmizdə bu sahə üzrə ixtisaslaşmış yerli şirkətlərə hansı faydaları oldu?


Forumda yerli şirkətlərin iştirakı, onların beynəlxalq təcrübələrə yiyələnmələri, gələcək çağırışlara hazır olmalarının nümunəsidir. Forum tək bizim yox, bu sektorda fəaliyyət göstərən bütün şirkətlərin birlikdə uğuru oldu. Biz Aqualink şirkəti olaraq bütün bazar iştirakçılarını, yerli şirkətləri tədbirə dəvət etmişdik, dəvətimizi qəbul edib gəldikləri üçün də hər birinə minnətdarlığımızı bildiririk. Rəqabət mühiti olduğu təqdirdə yerli sahibkarlar və dövlət qurumları yerli şirkətlərlə işbirliklərinə üstünlük verəcəklər. Çünki bu sahədə daim inkişaf və yeniliklər olacaq. Biz mütəmadi olaraq öz rəqiblərimizi analiz edir, güclü və zəif tərəflərimizi öyrənməyə çalışırıq, bu sahədə inkişaf edirik.



6. Yenidən bu sahə üzrə forum təşkil etməyi düşünürsünüzmü? Əgər yenidən həyata keçirməli olsanız foruma hansı yenilikləri əlavə edərsiniz?


Artıq növbəti il üzrə forumun keçirilməsi qərarına gəlmişik. Beynəlxalq tərəfdaşlarımız və yerli dövlət qurumları növbəti il üçün birgə əməkdaşlıq istəklərini bizə bildiriblər. Təbii ki, növbəti il ilə bağlı xəbər vermək biraz tez olar, sadəcə anons vermək istərdik ki, növbəti il “Bakı Su İnnovasiya Forumu” daha möhtəşəm olacaq. Bunula yanaşı, forumu növbəti il Türkiyə Cümhuriyyətində təşkil etməyi planlaşdırırıq. Artıq bu istiqamətdə işlərə başlamışıq.



7. Forum təşkilatçılarına, dəstəkçilərinə, sponsor və tərəfdaşlarına, eləcə də iştirak edən şəxslərə nələr demək istəyirsiniz?


Keçirdiyimiz forumda istər təşkilatçı, istər dəstəkçi, sponsor və eyni zamanda tərəfdaşlar bütün komandamız bu müddət ərzində həvəslə və məsuliyyətli şəkildə hazırlaşdı. Bütün komanda birlik içərisində çalışdı və nəticə göz önündədir. İştirak edən şəxslərin içində dövlət qurumları, şirkətlər, mütəxəssislərlə yanaşı tələbə və müəllimlər də var idi. Mən çox sevinirəm ki bu forum sayəsində gənclərimiz, müəllimlərimiz məlumatlandı. Hər kəsə özüm və komandam adından minnətdarlığımı bildirirəm.





Təşəkkür edirik!