Facemark.az Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin strateji inkişaf və kommunikasiya şöbəsinin müdiri Elçin Mahir ilə müsahibəni təqdim edir!



1. Elçin bəy, salam. Sizi daha yaxından tanıyaq.


Salam. Azərbaycan Respublikası Dövlət Reklam Agentliyində (ADRA) Strateji inkişaf və kommunikasiya şöbəsinin müdiri vəzifəsində çalışıram. Daha öncə FMCG sahəsində fərqli vəzifələrdə fəaliyyət göstərmişəm. Bu günə qədər çalışdığım sahələr bazar araşdırmaları, data analitikası, marketinq, innovasiya və layihə idarəetməsi, strateji planlaşdırma üzrə olub. Hazırda ADRA-da planlaşdırma, ictimaiyyətlə əlaqələr, daxili kommunikasiya, beynəlxalq əlaqələr və çağrı mərkəzi sektorlarına rəhbərlik edirəm.



2. Bu gün Azərbaycanda açıq məkanda reklam mühitini necə dəyərləndirirsiniz? Qənaətbəxş hesab etmək olar, yoxsa hələ müəyyən işlər görülməlidir?


Azərbaycanda açıq məkan reklam mühiti postpandemiya dövründə güclənir və buna ən önəmli təsir göstərən amillərdən biri də bazarda yeni rəqəmsal açıq məkan reklam qurğularının saylarının artmasıdır. Monitor və elektron daşıyıcılarının rüsum və yayım haqqı məbləğlərinin hesablanmasında olan son dəyişikliklər bu tərz qurğuların daha çox istifadə edilməsinə müsbət təsir etdi.


Hazırda açıq məkan reklam bazarında operator sayı 40-dan çoxdur. Ölkə ərazisinin müxtəlif nöqtələrində açıq məkan reklam daşıyıcılarına (bilbord, meqabord, monitor, divar panosu və s.) sahib və onları idarə edən şirkət əhatə dairəsindən asılı olaraq milli və ya regional operator hesab olunur. Reklam operatorları olan şirkətlərin siyahısı ilə rəsmi internet səhifəmizdən tanış ola bilərsiniz. (https://adra.gov.az/az/page/operators) Azərbaycanın açıq məkan reklam bazarında qlobal (Jcdecaux, İstanbul Reklam) və yerli operatorlar fəaliyyət göstərir. Operatorlarla yanaşı, bazarda çoxlu sayda reklam agentləri də mövcuddur, agentlər hər iki tərəf adından çıxış edə bilir.


Reklam sektoru çox sürətlə inkişaf edir, həmin inkişaf dinamikası ilə ayaqlaşmaq üçün mütəmadi olaraq təkmilləşdirmələrə, qaydalarda yeniliklərə, beynəlxalq təcrübədən yararlanmağa ehtiyac var. Reklam şirkətlərinin ictimai birliklər qurması, ictimai şuralarda təmsil olunmaları, beynəlxalq sərgilərdə iştirakları bazara müsbət təsirini göstərir. Görüləcək işlər var və onların üzərində çalışırıq.



3. Sizcə, hazırki dövrdə reklam sahəsinin hansı nöqsanları var? Dövlət Reklam Agentliyi nöqsanların aradan qaldırılmasında nələr edir?


Açıq məkan reklam sahəsində ən önəmli və aktual məsələlərdən biri sahibkarların icazə sənədi almadan reklamlarını yayımlamalarıdır. Yəni sahibkar əksər hallarda qanunvericiliyin tələblərinə cavab verməyən reklamları yayımlayır, bu isə qısa müddətdə ADRA tərəfindən təsbit və demontaj edilir. Belə hallarda sahibkar maliyyə və zaman itkisi ilə qarşılaşır. Bu halların olmaması üçün açıq məkan reklamları yayımlanmazdan əvvəl ADRA-ya müraciət edilməli və icazə sənədi alınmalıdır. ADRA sahibkarları bu mövzuda maarifləndirir, ərazidə müfəttişlər isə birbaşa ünsiyyət quraraq onların suallarını cavablandırır. Sosial media platformalarımız (@adragovaz), vatsap və teleqram kanalımız (0776771412), Çağrı Mərkəzimiz (1412) bütün maraqlı tərəflərin xidmətindədir. İctimaiyyətlə qarşılıqlı ünsiyyətimizi daima aktiv saxlamağa çalışırıq. Buna misal olaraq, sonuncu layihəmizi göstərə bilərik. Vətəndaşlarımızın da açıq məkan reklamlarında xoşagəlməz hadisə, uyğunsuzluq gördüklərində #Adragovaz həştaqını işarələyək sosial şəbəkələrdə paylaşmaları üzərinə başladılan kampaniyamız böyük maraq və geridönüşlərə səbəb olmuşdur.



4. Dünya reklam bazarını 2022-ci ildə necə dəyərləndirisiniz? Digər ölkələrlə Azərbaycan arasında reklam sahəsində ən gözəçarpan fərqlər hansılardı?


Pandemiya hər sahədə olduğu kimi reklam bazarına da təsirsiz ötüşmədi, lakin buna baxmayaraq rəqəmsal reklam məcrasında böyümə davam etdi. Hazırda sosial şəbəkələrin reklam bazarında payları böyüyür. Qlobal bazarda pandemiyadan ən təsirlənən reklam sahəsi açıq məkan mühiti oldu. Hələ də bəzi ölkələrdə açıq məkan reklamları əvvəlki inkişaf tempinə qayıda bilməyib. Azərbaycanda isə bu sahədə dövlət dəstəyinin olması operatorların bu dövürdən minimum zərərlə çıxmalarına səbəb oldu. Eyni zamanda, qanunvericiliyə uyğun olaraq sosial reklamlardan rüsum və yayım haqqının yığılmaması da prosesə öz təsirini göstərdi. İkinci Vətən müharibəsi dövründə bir çox sahibkar reklam qurğu və daşıyıcılarına vətənpərvərlik mövzusunda sosial reklamlar yerləşdirmişdi.


Hazırda sosial şəbəkələrdə yayımlanan reklamlara görə rüsum və yayım haqqı ödənişi Azərbaycan qanunvericiliyində öz əksini tapmayıb. Türkiyə, Malayziya, Kanada, Fransa, Hindistan və digər ölkələr reklam haqqında qanunun şərtlərinin həmin platformalarda da tənzimlənməsini təmin etmək üçün Rəqəmsal Xidmət Vergisi (Digital service tax) toplayır. Sosial şəbəkələrdə reklamlara vergi yükünün əlavə edilməsi və bu platformalardaki reklamlara təlabatın artması qiymətlərin də yüksəlməsinə səbəb olub. Qiymətlərin artması rəqəmsal reklam bazarının dəyər (value) həcminin də böyüməsinə də təsir edir.



5. Ümumiyyətlə, reklam bazarının genişlənməsi üçün sizcə, hansı tədbirlər görülməlidir?


Reklam bazarının böyüməsi üçün yeni nəsil daşıyıcılar və qurğulardan istifadə artırılmalıdır. Bunun üçün həm qanunvericilikdə dəyişikliklər edilir, həm də reklam şirkətləri öz müştərilərini maarifləndirirlər. Son dövrlərdə bəzi reklam agentliklərimiz və operatorlarımızın beynəlxalq bazara çıxmaları çox sevindirici və qürurverici hadisədir. Ötən aylarda açıq məkanda reklam istehsalçısı olan yerli şirkətin ABŞ və Özbəkistanda filial açması çox təqdirəlayiqdir, belə hallar bazarın böyüməsinə və rəqabətqabiliyyətliliyə müsbət töhfəsini verir. Açıq məkan reklamları ilə əlaqədar “Gift & Promo”, “Adprint”, “Azerbaijan Design Award” və digər bu kimi tədbirlərin keçirilməsi sahəyə marağı artırır. Milli Marketinq Forumu da nəinki açıq məkan reklamlarına, eyni zamanda bütün media və reklam sahəsinə müsbət təsir edən tədbirdir. Reklam bazarının böyüməsinə təsir edən digər amil də reklamvericilərin maliyyə imkanlarının genişlənməsidir, yəni şirkətlər nə qədər çox gəlir əldə etsələr, reklam büdcələri də o qədər böyük olar.



6. Bu gün Azərbaycanın reklam bazarında yerli reklamlar niyə azdır?


Açıq məkan reklamlarının daha çox lokal auditoriyaya xitab etməsini nəzərə alsaq, digər məcralara nisbətən azərbaycandilli reklamların daha çox istifadə olunması müşahidə edilir. Daha əvvəl də qeyd etdiyim kimi bazarı reklamvericilər yönləndirir. Bizim statistikaya görə ən çox reklam verənlər əsasən market şəbəkələri və elektron avadanlıq satışı ilə məşğul olan şirkərlərdir. Bu sektorlarda olan məhsulların əksəriyyəti qlobal əmtəə nişanlarıdır, bu brendlər isə əksər hallarda qlobal reklamlarını lokala adaptasiya etdirirlər. Ancaq əsas reklamvericilərin telekommunikasiya, qida, ticarət şəbəkələri sahələrindən olduğunu nəzərə alsaq, demək olar ki, yerli reklamların sayı yetəri qədərdir və onlara “az” demək uyğun olmaz.



7. İyun ayının 10-11 tarixlərində baş tutacaq Milli Marketinq Forumunda spiker olaraq çıxış edəcəksiniz. Forum haqqında təəssüratlarınız necədir? Hansı mövzuda çıxış edəcəksiniz?


Bu layihənin Azərbaycanda marketinq sahəsində ən önəmli tədbir olduğunu vurğulamaq istərdim. Xüsusi ilə qeyd etməliyəm ki, karyeramıza yeni başladığımız illərdə bu forumları izləyərək yeni trendləri və yeni potensial ideya liderlərini tanımışıq. Belə bir tədbirdə çıxış etmək və dövlət qurumunu təmsil etmək çox məsuliyyətli işdir. Forum təşkilatçılarına yeni konseptlər ortaya qoyduqları üçün təşəkkür edirəm, beləki dövlət-özəl sektor tərəfdaşlığı baxımından da tədbiri müsbət dəyərləndirirəm. Forumda “Media və reklam panelində” açıq məkan reklam məcrası barədə çıxış edəcəm. Çıxışım hazırda ən aktual məsələlərdən olan reklamlarda dil mövzusu ilə bağlıdır. Qanunvericiliyin bu mövzuda tənzimləmələri, kreativ sahənin davranışları və tənzimləmələrə qarşı münasibəti, istehlakçıların reklam sahəsində görmək istədiyi mühit və reallıq kimi mövzulara toxunacağam.



8. Ölkəmizdə bu tip forumların keçirilməsini necə dəyərləndirirsiniz?


Ünsiyyətin çox önəmli olduğunu düşünürəm və ünsiyyəti dəstəkləyən istənilən platformanı bəyənirəm. Bu tərz tədbirlərdə müzakirələr yalnız sual verənin maarifləməsi ilə deyil, suala cavab verən şəxslərin də həmin mövzuda fərqli üfüqlərdə düşünməsinə səbəb olur. Ümid edirəm ki, foruma qatılan hər bir sahibkar, marketoloq işinə geri döndüyündə öyrəndiklərini tətbiq etməyə başlayacaq. İş həyatına fərqli bir “dad” qatacaq.



Təşəkkür edirik!