Facemark.az "Otomall" komandasının Milli Marketinq Forumunun I günü haqqında yazdığı yazını təqdim edir!


Facemark MMC, Fil AgencyBusiness Management Schoolun təşkilatçılığı ilə bu il VIII dəfə təşkil olunan Milli Marketinq Forumunda biz də "Otomall" komandası olaraq iştirak etdik. “Öz Yolumuz” şüarını rəhbər tutan və 300 şirkətin 500-dən çox nümayəndəsinin iştirak etdiyi forumda 11 problemin həlli 7 paneldə müzakirə olundu. Forumun nəticələrini və təqdirəlayiq məqamları komandamızın baxış bucağından analiz etdik.


İki gün davam edən forumla bağlı fikirlərimizi 3 hissəli paylaşımla bildirəcəyik. Gəlin, müzakirəyə elə forumun I günündən başlayaq. Açılış günündə spikerlər 3 paneldə çıxış etdilər.


Bizim daha çox diqqətimizi çəkən Nigar Rüstamlinin moderatorluq etdiyi “Milli Keyslər” paneli oldu. 4 spikeri dinlədiyimiz bu paneldə bizə görə ən yaddaqalan məqamlar Esmira AvilovaVasif Eyvazzadənin çıxışlarında idi.

“Ya sistem, ya da emosional bağ qurduğum komanda”


Esmira Avilova çıxışında sistemsiz biznesin təhlükə yaratmağından danışdı. Qanunauyğunluq və sistemlilik olarsa, xaos yaranmaz. Sistemsizlik stresli iş mühiti yaradır. Esmira xanım çıxışında həmçinin sistemin mənfi tərəfinin emosionallığı kənara qoymaq məcburiyyəti olduğunu bildirdi. Biznesdə lazımından tez böyümək istədikdə plansızlıq yaranır və yeni ideyalar uğursuzluqla nəticələnir.

Buna görə də Esmira xanım tövsiyə etdi ki, hansı sahədə, hansı işdə olursa olsun, doğru bildiyiniz işi vicdanlı, keyfiyyətli və ədalətli şəklidə yerinə yetirmək lazımdır.

“Milli Keyslər” panelində öz əhəmiyyəti və çatdırdığı mesajlara görə fərqlənən və bizə maraqlı gələn digər spiker Vasif Eyvazzadə idi. O, təqdimatında marketoloqlara “Mədəniyyətin brendləşməsi", "Xalqın irsinin biznesə təsiri” mövzularından bəhs etdi. Onun fikrincə, hər bir xalqın statusu, nüfuzu onun brendinə dəyər qatır. Ölkəmizdə biznes və dövlət arasında kommunikasiya problemi var. Bunun səbəbi dövlətimizin brendləşmə siyasətinin təbliğinə kifayət qədər diqqət ayırmamasıdır. Bunun üçün də milli brend strategiyasının formalaşdırılması önəmlidir.