Son 10 il ərzində dünya bazarında personal kompüterlərin (PK) illik tədarükü üzrə ən az artım qeydə alınıb. IDC tədqiqat şirkətinin analitiklərinin ilkin hesablamalarına görə, 2011-ci ildə dünyada 352,4 milyon kompüter satılıb. 2010-cu illə müqayisədə artım cəmi 1,6 faiz olub.
Eyni zamanda, Gartner tədqiqat şirkətinin məlumatına görə, artım daha az – 0,5 faiz təşkil edib. Gartner-in ekspertləri hesablayıblar ki, ötən il dünya bazarına 352,8 milyon personal sistem təchiz edilib.
Cnews-un məlumatına əsasən, 2011-ci ilin dördüncü rübündə PK tədarükü ötən ilin analoji dövrü ilə müqayisədə hətta azalıb. Belə ki, IDC-in məlumatına görə, PK tədarükü 0,2 faiz azalaraq 92,9 milyon qurğu, Gartner-ə görə, 1,4 faiz enərək 92,2 milyon sistem təşkil edib.
Tədarük həcminin azalmasının səbəbləri kimi Qərbi Avropada o qədər də yaxşı olmayan iqtisadi vəziyyət, dördüncü rübdə Tailandda baş verən daşqınlara görə sərt disklərin çatışmazlığı, eləcə də elektronikanın dinamik inkişaf edən kateqoriyaları – planşet, rəqəmsal rider və smartfonlar tərəfindən artan rəqabət göstərilir.
IDC nümayəndələri 2012-ci ilin birinci rübündə artım dinamikasının daha da azalacağını ehtimal edirlər. Belə ki, məhz bu vaxt Tailandda baş verən daşqınların təsiri maksimal səviyyəyə çatacaq. Lakin cari ilin sonuna vəziyyət sabitləşəcək və dördüncü rübdə dünya bazarına kompüter təchizatı ilin ilə nisbətində 15 faiz arta bilər.
Qeyd edək ki, IDC cari ilin yekunları üzrə ümumilikdə hesablama sistemlərinin 5,4 faiz artaraq 371 milyon təşkil edəcəyini gözləyir.