ABŞ-ın dünya şöhrətli fototexnika istehsalçısı Eastman Kodak şirkəti iflas proseduruna başlayıb.
Son illər 130 ildən çox tarixə malik şirkətin fototexnika və ona müvafiq mallar seqmentində liderlik mövqeyi zəifləməyə başlayıb. 2007-ci ildən 1,8 milyard dollar itirilib, 2011-ci ilin ortalarında şirkətin bank hesablarında ilin əvvəlindəki 1,6 milyard dollara nisbətdə 957 milyon dollar toplanıb.
Müflis olma proseduru ABŞ-ın mərhələli yenidən təşkiletməni nəzərdə tutan “Müflis olmaq haqqında” Məcəlləsinin 11-ci fəslinə uyğun həyata keçiriləcək. Bu, şirkətə kreditorlardan qorunmağa, məhkəmə dinləmələrini təxirə salmağa və borcları ödəməyə imkan verəcək.
Kodak-a yenidən təşkiletmədə köməyin göstərilməsinə il yarımlıq müddətə 950 milyon dolları kredit verən Citigroup beynəlxalq korporasiyası razılıq verib.
Şirkət biznesin azgəlirli istiqamətlərindən uzaqlaşmağı, rəqəmsal təsvirlərin emalı texnologiyası ilə bağlı təxminən 1100 patenti satmağı, eləcə də maliyyə vəziyyətini sabitləşdirməyə və bazarda mövqeyi möhkəmləndirməyə kömək edəcək bir sıra digər tədbirlər görməyi planlaşdırır.
ABŞ-da yenidən təşkiletmə prosedurunun 2013-cü il ərzində başa çatdırılması planlaşdırılır, Kompulenta yazır.