Bu gün Hannoverdə (Almaniya) dünyanın ən iri İT-sərgilərindən biri hesab olunan CeBIT 2012 beynəlxalq informasiya texnologiyaları sərgisi öz işinə başlayıb.
Martın 5-də forumun rəsmi açılışını Almaniyanın federal kansleri Angela Merkel edib.
Sərginin işində Azərbaycan nümayəndə heyəti də iştirak edir. Azərbaycan təmsilçiləri sərgidə ölkənin son illər ərzində informasiya-kommunikasiya texnologiyaları sahəsində qazandığı nailiyyətləri təqdim edəcəklər. Bundan başqa, Azərbaycan stendində ölkədə həm dövlət, həm də özəl şirkətlər tərəfindən həyata keçirilən layihələr nümayiş olunacaq.
Budəfəki sərginin əsas mövzusu informasiya təhlükəsizliyinin təmin edilməsi olacaq. Bu mövzunu təşkilatçılar son vaxtlar sosial şəbəkələrdə fərdi məlumatların mühafizəsi ilə bağlı baş verən qalmaqallar və diskussiyalar, eləcə də kibercinayətkarlığın artması ilə əlaqədar müzakirə etmək qərarına gəliblər.
Martın 10-da öz işini yekunlaşdıracaq CeBIT 2012-də dünyanın 70 ölkəsinin 4,2 mindən çox şirkəti iştirak edir.