CC – bu duet iş mühitində bəlkə də CV-dən daha çox işlənir. CC abreviaturasının açılışı hamının bildiyi kimi "carbon copy"dir. "Carbon copy" budur ki, qələmlə ağ kağıza yazırıq və onun altındakı rəngli kağız vasitəsi ilə üçüncü bir kağıza da eyni yazı yazılır. Qısası, yazının ikinci bir nüsxəsi yaranmış olur, həm də tam eynisi. Müasir dövrdə də CC prinsip etibarilə gündəlik elektron iş yazışmalarında geniş bir şəkildə istifadə edilir.



CC-də öz adımızı gördüyümüz zaman, bizə göndərilən elektron poçtun CC hissəsində özümüzdən yüksək vəzifəli birinin adını gördüyümüz zaman, biz məcbur qalıb kiminsə adını CC-yə qoymalı olduğumuz zaman təbii olaraq fərqli hisslər keçiririk. Keçirilən hisslərə, istifadə məqsədlərinə müvafiq olaraq CC-nin açılışlarını, izahlarını düşündüm. Təbii ki, bunlar subyektiv yanaşmamdır və gördüklərim, yaşadıqlarım, eşitdiklərim əsasında yazılıb:



1. CC – Canı Cəhənnəmə



Düşünün ki, bir iş yoldaşınızın müəyyən işləri görməsi lazımdır ki, işin sizə aid olan hissəsinə başlaya və zamanında bitirə biləsiniz. Amma bu iş yoldaşınız siz deyəndən demir, ya bu işləri saxlayıb son anda edir, ya da heç etmir. Siz qalırsınız əldə və danlanırsınız, töhmət alırsınız. Həə. Bu zaman deyirsiniz ki, əşşi canı cəhənnəmə e, buna görə mən bu qədər danlanıram, töhmət alıram, amma bu insan məni zərrə qədər də olsun düşünmür. Bundan sonra da yazırsınız gözəl bir mail, göndərirsiz iş yoldaşınıza və CC-yə də əlavə edirsiniz birbaşa rəhbərinizi.



2. CC – Canfəşan Cəngavər



Bir iş yoldaşınız var, yeri gəldi gəlmədi üst səviyyəli menecerləri, müdirləri CC-yə düzür. Xüsusilə də yeni işçilərdə bu hallar daha çox olur, yəni demək istəyir ki, mən işləyirəm, həm də necə lazımdır. Bir də bu mail-lərin göndərilmə vaxtı iş vaxtını bir az keçdisə (misal üçün, 18:00-dan sonra), canfəşan cəngavər öz vəzifəsini ən yüksək səviyyədə yerinə yetirmiş sayılır.



3. CC – Canlı-Canlı



Şirkətdə nə isə çox önəmli bir hadisə olduğu zaman (misal üçün, yeni şöbə müdiri gəldiyi zaman, biri vəfat etdiyi zaman, kiminsə doğum günü, toyu olduğu zaman, bayram təbrikləri üçün) hər kəsin adının CC-də olduğu hal.



4. CC – Can-dildən Cəhd



Sizin bir probleminizin (əmək haqqı artımı, rotasiya istəyi, uzun müddətli icazə və s.) ən üst səviyyədəki idarəçilərdən (CEO, CFO kimi) birinin həll edə biləcəyi zamanlar olur. Bu zaman vasitəçi şəxs (sizin birbaşa müdiriniz və ya böyüklərin yanında sözü eşidilən başqa biri) sizin dərdinizi bu rəhbərə çatdırır və ürəklə etdiyi bu cəhdin bir nüsxəsini də sizə göndərir.



5. CC – Candərdi Cəhd



Misal üçün, üst səviyyəli bir rəhbərin bir əsgər yoldaşının oğlu üçün bu rəhbərə müraciət olunur. Rəhbər də bu işlərə qarışmaq istəmir, kiminsə yanında minnətli olmaq istəmir, amma əsgər yoldaşını da bir iş məsələsi üçün silib atmaq istəmir. Həə, bu zaman tabeliyində olan bir menecere (işə qəbul, İR Departamenti rəhbərinə) bir mail yazır və CC – yə də o adamı qoyur ki, bəs bu namizədlə xüsusi maraqlanın. Bununla da eyni zamanda həm əsgər yoldaşına bildirir ki, bizdə prosedur var, çox da müdaxilə edə bilmirəm (guya ki), həm də tabeliyində olan menecere şifrəli mesaj göndərir ki, bu adamı mənimlə problem yaratmayacaq şəkildə "yola sal getsin".



6. CC – Canıyanan Cahil



Bir iş yoldaşınızı düşünün, bilirsiniz ki, sizə qarşı hər zaman qərəzlidir. Bir an axtarır ki, sizə badalaq gəlsin. Bir gün bu iş yoldaşınızdan bir mail gəlir, "bu işi ötən dəfəki kimi gecikdirmədən görməyini və problem yaranmaması üçün vaxtında tamamlamağını xahiş edirəm". Amma siz o işi vaxtında təhvil vermişdiniz, məsələ başqa məsələdir. CC-yə də "yekələrdən" birini qoyub. Aha. Daha sonra da o CC-nin bir səhv nəticəsində qoyulduğunu sizə gülə-gülə deyir. Guya canı yanıb sizə, bu arada da cahillik edib, bilmədən rəhbərlərdən birini CC-yə qoyub.



7. CC – Cansıxıcı Carçı



Deməli bir iş yoldaşınız bir tədbir təşkil edir, hər hansı bir sosial layihə çərçivəsində bir rayona səfər təşkil edilir. Amma könüllülük prinsipi əsas alınaraq, kim istəyərsə gedər. Bu iş yoldaşınız da bir qrup insana mail göndərir və könüllü olaraq kimin bu tədbirə qatılıb qatılmayacağını öyrənmək istəyir. Yəni iştirak etmək istəyənlər geri yazmalıdır. Bir də baxırsan ki, CC-də üst səviyyəli bir idarəçinin adı var. Gerisini siz düşünün.



8. CC – Cənab Cəza



Ayın sonuna yaxın şirkətinizin harada yazıldığı və kimlərin əməl etməli olduğu bəlli olmayan qayda-qanunlarına əsasən cərimə edildiyiniz haqqında mail gəlir ("Gilyotinə kimin ölçüləri uyğundursa, o da uzadılır" prinsipi ilə). Daha doğrusu sizin də adınızın olduğu uzun bir siyahı. CC-də də yenə də böyüklərdən birinin zühur etməsi təəccüblü deyil yəqin ki. Bu maili göndərən də mətni elə yazır ki, adamın ən mədəni şəkildə təşəkkür etməkdən başqa əlacı qalmır, dili də varmır.



9. CC – Cavabsız Cəfakeş



Vəzifə etibarilə sizdən daha aşağıda olan biri sizə mail yazır, yazır, amma cavab ala bilmir. Bundan təngə gəlir və rəhbərlərdən birini CC-yə qoyaraq bu dəfə də belə göndərir maili. Siz də sanki hər zaman bu çalışanın soruşduqlarına vaxtında cavab verirmişsiniz kimi davranaraq cavab maili yazırsınız, belə "best regards"lı flan. Az qalır bu maili yazan şəxs həyəcanlansın ki, yoxsa səhv adamı "baqaja qoydum"?! İnanın açıb əvvəlki maillərə də baxır.



10. CC – Centlmen Casus



Xüsusən yeni, amma çoxbilmiş işçilər olur ki, bunlar qısa zamanda şirkətin qeyri-rəsmi quruluşunu öyrənmək istəyirlər. Yəni, bu işçi anlamaq istəyir ki, həqiqətən də Maliyyə şöbəsinin yeni müdiri daha əvvəl başqa bir şirkətdə onun müdiri olmuş hal-hazırki müavininə söz keçirə bilir ya yox. Bunun üçün də müavinlə bağlı bir məsələni Maliyyə şöbə müdirini CC qoyaraq aydınlaşdırmağa çalışır. Bəzən bu məsələdə mail yazanın başı yanır. Amma ən azından sualına cavab tapmış olur. Casusluq qurban tələb edir. :)



Qeyd: Amma bu cür riski hər işçi etməz, bunu etsə etsə hansısa problemi aydınlaşdırmaq üçün şirkətə gizli bir şəkildə daxil olmuş konsultant edər. Bu cür konsultant normal prosedurlarla işə qəbul edilir, təbii ki, konsultant olaraq yox, adi bir işçi olaraq. Aylarla şirkətdə xəfiyyə kimi çalışaraq bu problemin mənbəyini axtarıb tapmağa çalışır. Bununla bağlı da real və çox maraqlı əhvalatlar var, qalsın başqa bir yazıya…



11. CC – Cadugər Cəllad



Bəzən iş yoldaşlarından biri digərləri tərəfindən necə lazımdır "qaralanır". Bir qrup işçi bir işçiyə sistemli şəkildə psixoloji təzyiq (mobbing) göstərir. Bunu müxtəlif səbəblərdən edə bilərlər. Misal üçün, dini, siyasi baxışlarına, irqi, milli mənsubiyyətinə və sairə görə. (Mövzumuz bu deyil.) Psixoloji təzyiqi sistemli bir şəkildə həyata keçirən qrup "qurban" ilə bağlı ən xırda detalı belə əldən buraxmaq istəmir, onun hər xırda səhvini, işlərlə bağlı ən xırda nöqsanını belə rəhbərlərindən birini CC qoyaraq ona bildirir, bunu yersiz yerə qabardırlar. Bunu elə edirlər ki, sanki bütün iş yoldaşlarına qarşı bunu edirlər. Zamanla "qurban" rəhbərlərin gözündə bacarıqsız, daima şikayət edilən işçi vəziyyətinə düşür və nəticəsini də Siz təxmin edin. Bu cadugar cəlladlar işlərini o qədər ustalıq və peşəkarlıqla yerinə yetirirlər ki, heç kimin ruhu belə incimir.



12. CC – Cənub Cərəyanı



Coğrafiyadan da məlum olduğu kimi okeanlarda isti axınlar, cərəyanlar var ki, bunlar soyuq bir bölgəyə daha mülayim su kütləsi daşımaqla oradakı temperaturu qışda belə regiona nisbətən daha mülayim edir (Qolfstrim, Kurosio kimi). Bəzən iş mühitində də çox gərgin hava yaranır, misal üçün, yeni CEO gəlir və iki-üç önəmli rəhbər şəxs istefa edir, bir neçə işçi işdən çıxarılır. Otaqlarda bir susqunluq hökm sürür, çalışanların üzlərindən ümidsizlik, qorxu və nigarançılıq oxunur. Bu zaman bir mail alırsınız ki, bəs qorxmayın, bunlar kiçik "ofisdaxili təkanlar" idi, sizin üçün heç bir təhlükə yoxdur, hər kəs əvvəlki kimi işi ilə məşğul olsun. Bununla da cənub cərəyanı öz işini görür və otaqlardan üzlərində təbəssüm olan insanlar çıxmağa başlayır.



Uzun sözün qısası, CC hər zaman təhlükəli və nifrət olunacaq bir şey deyil, bəzən CC sevimli və təbəssüm doğuran bir vasitə də ola bilər. Eynilə bıçaq kimi bu da insanların istifadə məqsədlərindən asılı olaraq funksiyasını dəyişə bilər.