“Google” şirkəti San-Fransiskoda (Amerika) keçirilən press-konfransda kartoqrafik xidmətlərlə bağlı ediləcək yeniliklər haqqında danışıb. Belə ki, Android və iOS platformaları üçün nəzərdə tutulmuş Google Earthproqramında meqapolislərin yeni 3D-xəritəsi tərtib olunacaq. “Xəritəyə baxarkən istifadəçidə elə təəssürat yaranacaq ki, sanki o şəhərin üzərindən hava ilə uçur” - Google Earth məhsulları üzrə menecer Piter Berç belə deyib.

Yeni xəritədə binaların, abidələrin, hətta küçələrdəki ağacların şəkilləri çəkiləcək, istifadəçi bütün obyektlərə 4 tərəfdən baxa biləcək.

Şirkət 3D formatlı Google Earth-də hansı şəhərlərin əks olunacağını hələ dəqiqləşdirməyib. Lakin bildirilir ki, ilin sonuna kimi ümumi hesabla 300 milyon insanın yaşadığı rayon əhatə olunacaq. Müqayisə üçün qeyd edək ki, Moskvanın əhalisi 11 milyondan çoxdur.

Daha bir yenilik isə ondan ibarətdir ki, xəritəyə şəbəkəyə qoşulmadan baxmaq mümkün olacaq. Bunun üçün istifadəçidən xəritədə lazımi hissəni seçmək və məlumatları smartfon və ya planşetin yaddaşına yükləmək tələb olunur.

Qeyd edək ki, 2011-ci ildə istifadəyə verilmiş Google Maps proqramının oflayn versiyası təcrübi xarakter daşıyırdı və bir sıra məhdudiyyətlərlə işləyirdi.

Şirkət həmçinin gələcəkdə Google Street View panorama xidməti üçün çəkilişlərin necə aparılacağı haqqında danışıb: "Adətən çəkiliş avtomobillərin damında yerləşdirilmiş kameralarla aparılır. Maşınla getməyin mümkün olmadığı ərazilərə isə şirkət əməkdaşları çantalarda yerləşdirilmiş kameralarla göndəriləcəklər."