Bir neçə gün əvvəl dostlarla ənənəvi yeyib-içmək məclisində işlərimizdən, gələcək planlardan danışanda 1-2 önəmli nüansı bir kənara yazdım ki, bu haqda mütləq blog yazacam. 1-ci dijital marketinq mütəxəssislərinin ixtisaslaşma məsələsi, 2-ci isə biznes etikası mövzularıdır. Düzü son 3 ayda işlədikcə dərinliklərinə getdiyim mövzular olduğu üçün Sizinlə də paylaşmaq istəyirəm. Fikirləriniz mənə maraqlıdır.


Biz 5 ildir ki, Milli Marketinq Forumu, Dijital Marketinq Forumu, Satış Forumu, Maliyyə və İnvestisiya Forumu, Marketing AIR, Digital AIR kimi maarifləndirici layihələr edirik. Tədbirlərlə paralel olaraq da, Facemark.az-ı inkişaf etdiririk. Facemark.az Azərbaycanın yeganə marketinq saytıdır ki, bütün global konfrans/festivallara dəvət alır və media partner kimi iştirak edir. Üstəlik, yerli marketoloqlarımız üçün də endirim alır ki, istəyənlər iştirak etsinlər. Məsələn, bu ay Socialbakers-də accountlar hamıya maks. 10% endirim versələr də, Facemark.az 20% alıb və bunu təmannasız olaraq bütün marketoloqlar üçün etmişik. İstəyən “Facemark” promo kodu ilə bu endirimdən faydalana bilər.


Sözümün canı nədədir…


Yaxşı və ya pis.. nəsə etməyə çalışırıq. Fikir verirsizsə, ildən ilə hər şeyin keyfiyyəti artır. Əvvəllər şirkətlərə foruma dəstək olmağa çağıranda inandırmaq çətin olurdu. İlk dəfə DMC-ni elan edəndə bizə bir çox adam dedi ki, alınmayacaq… riskə gedirsən, nəyinə lazımdı və s. Hamı xarici spiker axtarışında idi, xarici spiker olanda daha artıq xərclə iştirak edirdilər amma yerli tədbirdə öz yerli spikerlərimizə inanmırdılar. Zamanla bunlar hamısı düzəldi, özümüzə inanmağa başladıq. Sağ olsun DMC-nin ( Həm DMC2015, həm də DMC2016, DMC2017-də


) spikerləri, təşkilati komanda, tərəfdaşlar, iştirakçılar.. Biz bu sahədə birləşdik, müzakirə etdik, bir-birimizlə real praktiki etdiklərimizi, uğurlu və uğursuz nüansları paylaşdıq. Sağ olun Gilan Holdinq rəhbərliyi! İlk müraciətdə müsbət qarşıladılar, dəstək oldular. Digər şirkətlər üçün cığır açdılar, nümunə oldular.


Uzun sözün qısası, marketinq sahəsində işləyənlər üçün azdan çoxdan bacardığımızı edirik ki, az da olsa faydalı olaq. Bizim etdiklərimizlə paralel isə alt yapı da olmalıdır. Yəni, bugün təhsil müəssisələri də marketinq ixtisası üzrə 30 il bundan əvvəlki proqramda olmamalıdır. Hər gün yenilənən trendlərə uyğun praktiki dərslər keçirilirməlidir.


Bir dəfə Rafiq müəllimin MBA-dəki dərsinə qonaq spiker kimi dəvət almışdım. İqtisad Universitetində MBA-da təhsil alan tələbələrlə Digital Marketing haqqında danışdıq. Praktikanın üzərində qurduğumuz dərsin necə keçdiyini nə onlar hiss etdi, nə də biz. MBA rəhbəri ilə də söhbətimizdə təklif etdik ki, Digital marketing tədris edilməlidir. Bugün ölkəmizdə bu mövzunu tədris edən ali təhsil müəssisəsi yoxdur.


Elə bu mövzunun üzərində düşündük ki, biz mütləq universitetlərə təklif etməliyik ki, ixtisasartırma kursları yaratsınlar. Konkret sahələr üzrə ixtisaslı kadrlar çıxarsınlar. Bəlkə də qınayacaqsınız, amma düzünü deyim ki, bu sahədə ADA Universitetini gördüyüm üçün ilk onlarla görüşməyi düşünmüşdüm. Xatırlayırsınızsa, İLK DMC2015-də də böyük məmnuniyyətlə ev sahibliyi etmişdilər.


Rafiq müəllim İqtisad Universitetində marketinq kafedrasını yüksək qiymətləndirdiyi və Ədalət müəllimin yeniliklərə açıq olduğunu, tələbəyönümlü layihələrə dəstəyini vurğuladığı üçün ilk onlara deməyimizi inadla tövsiyə etdi. Təbii ki, xahişini nəzərə alıb, təklifimizi o istiqamətdə hazırladıq və universitetin mətbuat nümayəndəsinə göndərdik.
(UNEC – Digital Marketing Partnership (08.12.2016)
)


Qısacası, öz hesabımıza FİL-in ofisi kimi gənc bir otaq hazırlayıb, digital marketinq sahəsində bildiklərimizi tələbələrlə paylaşacaqdıq. İxtisasartırma kimi (başqa universitet, texnikom və ya ali təhsili olmayan şəxslər) kənar tələbələr simvolik ödənişlə kursda iştirak edib bu proqramdan faydalanacaqdı. Ödəniş isə universitetdə dərs vəsitlərinin hazırlanmasına, xüsusi layihələrə xərclənəcəkdi. Əslində bu proqramı Türkiyədə görmüşdüm. Məsələn, Bahçeşehir universiteti il ərzində 7-8 dəfə belə proqramları yaradır və minlərlə gənci bu istiqamətdə yetişdirir.



Təəssüf ki, həmin vaxt universitet bu təklifi qəbul etməyib, fərdi şirkətlərlə iş prinsipinə növbəti il (2017) baxacaqlarını bildirdilər və bu beləcə də davam etdi. Düzü sonra mən də bezdirmək istəmədiyim üçün yazmadım.


Bugün eşidəndə ki, UNEC-də ilk Digital Marketing Mərkəzi yaradılıb, çox sevindim. UNEC-in bütün tələbə və müəllim heyətini təbrik edirəm! Bu mərkəzin ixtisasartırmada və tələbələrin təhsilində böyük rola malik olacağını düşünürəm. Halal olsun Sizə! İlki etmək çətindir, məsuliyyətlidir amma ƏLADIR!


Bütün universitetlərə də təklif edirəm ki, tədris proqramına dijital sahəni də əlavə etsinlər. Bugün marketing/biznes/idarəetmə və s. ixtisas üzrə ali təhsili bitirən şəxsin dijital sferadan xəbərsiz olması dəhşətdir. İnanın ki, bütün mütəxəssislər Sizə kömək etməyə, təcrübəsini təmənnasız paylaşmağa hazırdır. Hətta təmənnalı olan işlərin də bacardığımız qədər öhdəsindən gəlməyə hazırıq. Hər sektordan 1 nəfər kömək etsə, mərkəzi də yaradarsınız, dizaynı da edərsiz, avadanlıqları da yığarsız, dərs vəsaiti də olar. Bunu etmək üçün maddi resurs lazım deyil. Bugünədək n qədər layihəni 0 büdcəylə etdiyimiz üçün bilirik ki, istənilən işin öhdəsindən gəlmək üçün sadəcə başlamaq lazımdır.


İnanın ki, bugün bizə ancaq biz kömək edə bilərik. İdeya vermək asandır, danışmaq da, deyinmək də.. Çətin olan ETMƏKDİR. Yaratmaqdır, inkişaf etdirməkdir, yol açmaqdır.. Qalan hər şey zamanla düzəlir. Dönün ətrafınıza baxın, bloqları pisləyən neçə nəfər bloq yazır.. Tədbirlərdən danışan neçə nəfər tədbir etməyə çalışır.. Bəli, rəqabət böyüyür! və bu inanılmaz möhtəşəm hissdir.