Dünya Bank tərəfindən hazırlanan “Doing Business 2018” hesabatında Azərbaycan 8 pillə irəliləyərək 190 ölkə arasında 65-ci pillədən 57-ci yerə yüksəlib.



Facemark.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi Təhlil və Analitik-İnformasiya Departamentinin rəhbəri Ayaz Çaparlı bildirib ki, Azərbaycan 8 pillə irəliləməklə yanaşı, Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı 3 ölkədən biri kimi müəyyənləşib.



Azərbaycana münasibətdə 2009-cu ildən sonra ilk dəfə 4 indikator üzrə islahat qeydə alınıb.



Sözügedən reytinqə əhəmiyyətli təsir edən aşağıdakı islahatları xüsusi qeyd etmək lazımdır:



Müflisləşmənin həll edilməsi - Bağlanan müəssisələrin iflas prosedurlarının daha da sadələşdirilməsi istiqamətində 2017-ci il 25 aprel tarixində “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilib.



Kiçik investorların hüquqlarının qorunması - Kiçik investorların hüquqlarının qorunması istiqamətində Azərbaycan Respublikası Mülki Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə 25 aprel 2017-ci il tarixində dəyişikliklər edilib, sözügedən investorların hüquqlarının qorunması ilə bağlı bir sıra əlavə müddəalar əlavə olunub.



Müqavilələrin icrası - Sahibkarların məhkəmələrə elektron formada rüsum ödəyə bilməsi üçün müvafiq elektron ödəniş sistemi yaradılıb.



Kreditlərə çıxış - Sahibkarların maliyyə resurslarına əlçatanlığını təmin etmək istiqamətində aparılan islahatlar çərçivəsində 2016-cı il 28 oktyabr tarixli “Kredit büroları haqqında” və 2017-ci il 2 may tarixli “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının qanunları qəbul edilib.
Verginin ödənilməsi – 2016-cı il 16 dekabr tarixli “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun təsdiq edilib.



“Doing Business 2018” hesabatında Azərbaycanın mövqeyi 10 indikatordan aşağıdakı altı indikator üzrə yaxşılaşıb: elektrik enerjisinin əldə edilməsi (3 pillə), əmlakın qeydiyyata alınması (1 pillə), kiçik investorların hüquqlarının qorunması (22 pillə irəliləyərək 10-cu yer), vergilərin ödənilməsi (5 pillə irəliləyərək 35-ci yer), müqavilələrin icrası (6 pillə irəliləyərək 38-ci yer) və müflisləşmənin həlli (39 pillə irəliləyərək 47-ci yer).



Beləliklə, Azərbaycanın ən böyük irəliləyişi müflisləşmənin həll edilməsi və kiçik investorların hüquqlarının qorunması kateqoriyaları üzrə əldə edilib.



Qeyd edək ki, cari ildə Dünya İqtisadi Forumu tərəfindən nəşr olunan “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan iki pillə irəliləyərək 35-ci yerdə qərarlaşıb.