bazar ertəsi, 18 dekabr 2017

İbrahim Nəbioğlu: Bizə davranış iqtisadiyyatına dair mütəxəssislər lazımdır

208

Tualetdən başlamışdı hər şey. Amsterdam aeroportunun kişi tualeti bir vaxtlar çox natəmizmiş. Pissuarların içinə milçək şəkli çəkirlər. İnsanlar “milçəyi” hədəf almağa başlayır. Və tualetlər 80 faiz daha təmiz olur. Bu, ilk “nac” (nudge) idi…

Əhəmiyyətli layihələrin ideyaları kafe və restoranlarda yaranıb. Bir-neçə il əvvəl Nyu-York kafelərindən birində 2 alim yazacaqları kitabı müzakirə edirmişlər. İqtisadçı Riçard Taler (Richard Thaler) və hüquqçu Kass Sansteyn (Cass Sunstein) bu kitabları ilə dünyada yeni bir cərəyanın əsasını qoymaq üzrə idilər. Onların əsas məqsədləri insanı seçimdən məhrum etməmək üçün onu doğru qərar verməyə “itələmək”idi. Buna uğurlu da bir ad tapdılar – “nac”. İngilis dilində “yüngülcə dirsək atmaq və ya dürtmək”mənasına gələn “nudge” kəlməsi də elə onların tiraj rekordları qıran kitablarının ismi oldu – “Nudge: Improving Decisions About Health, Wealth and Happiness” (Dürtmək: Sağlamlıq, rifah və mutluluq üçün həll yollarının yaxşılaşdırılması).

Görkəmli amerikalı psixoloq Daniel Kahneman 2002-ci ildə iqtisadiyyat üzrə Nobel mükafatını alanda bunda Talerin böyük rolu olduğunu demişdi. Taler də Kahneman kimi gündəlik həyatda verdiyimiz qərarlarda qeyri-adi davranışları, irrasional addımları araşdırır.

Taler 2017-ci il iqtisadiyyat üzrə Nobel mükafatına layiq görüləndə zatən şan-şöhrətin zirvəsində idi. Çikaqo universitetinin 72 yaşlı professoru dünyada Behaverizmin (davranış haqqında elm) pionerlərindən sayılır. Hollivud filmlərində aktyor olaraq oynamış, kitabları illərdir çox satılanlar siyahısındadır. Nobel mükafatna psixologiya ilə iqtisadiyyatın buluşduğu bir sahədə — Davranış İqtisadiyyatındakı araşdırmalarına görə layiq görülüb.

Barak Obama prezident seçildiyində kabinetinin bütün nazirlərinə Nudge kitabını hədiyyə etmiş, onu oxumalarını istəmişdi. Harvard Hüquq məktəbinin müəllimi, professor Kass Sansteyni isə özünə müşavir təyin etmişdi. Ağ Evdəki ləqəbi “Çar” idi.

İki xarizmatik alim sayəsində Davranış İqtisadiyyatı Qərbin biznes və maliyyə sektorlarında populyar oldu. Bu gün həyatını dəyişdirməkdə çətinlik çəkən hər kəsə bu kitabı oxumağı məsləhət görürlər.

* * *

Azca əyləncəli olsun deyə kitabdakı bəzi populyar “nac”lardan örnəklər verim oxucularıma:

— İsveçlı dizaynerlərin hazırladıqları ləçəkli elektrik lampası işıq uzun müddət yananda ləçəklərini otağa buraxmağa başlayır. Bu da istifadəçiyə elektrikə qənaət etməsini xatırladır;

— Çocuqları diş fırçalamağa alışdırmaq üçün Colgate maraqlı bir “nac” düşünüb – dondurma tutacaqları diş fırçası şəklində hazırlanır. Balacalar dondurmanı yeyib dişlərini fırçalamağa tələsirlər;

— Bəzi ölkələrdə sürücülərin avtomobili sürətli sürməmələri üçün asfalta müxtəlif çala-çuxur şəkilləri çəkirlər;

— Mənzilin elektrik giriş xəttinə bağlanan Wattson adlı cihaz kilovatları deyil, işıqpulunu hesablayır;

— Hollandiya kafelərində Wi-Fi şəbəkəsinin adı menyudakı yemək və içkilərin adlarından ibarətdir və bu adlar da hər saatbaşı dəyişir. Menyunu əlinə alan isə mütləq nəsə sifariş verəcək;

— Yüksək səsli musiqi spirtli içkilərin içilməsini artırdığı üçün gecə klublarında dinamiklərin səsini sonuna qədər açırlar.

Çox düşündüm ki, görən bizdə hansı “nac” var? Ağlıma toylarımız gəldi — Şadlıq saraylarında musiqini yüksək səslə vermələri. Yüksək desibellərdə insan az yemək yeyir. Az yeyilsin ki, artıq qalanı ertəsi gün başqa toyda da versinlər…

* * *

Son 20-30 il içində sürətlə yayılan Davranış İqtisadiyyatı maliyyə bazarları və birjalarda meydana gələn düşüş və yüksəlişlərə nəhayət ki, nəzəri olaraq izah verdi. Klassik iqtisad qanunlarının iqtisadiyyatın inkişafına artıq yaramadığı anlaşıldı. Məhz müasir yanaşmalar sayəsində ortaya yeni böyümə modelləri çıxmağa başladı. Bu modellərin müəllifləri hər ölkənin sosial vəziyyətini, mental paradiqma, dini baxışları, hobbi və fobilərini də analiz edirlər artıq. Çünki günümüz iqtisadi modelləri artıq iqtisadiyyat və psixologiyanın birləşməsindən qidalanır. Sovetin “Siyasi iqtisadiyyat” elmi ilə uzağa getmək olmazdı və elə də oldu.

Təəssüf ki, Türkiyədə Davranış İqisadiyyatı sahəsində çox az mütəxəssis var. Bizdə isə, mənim bildiyim, heç yoxdur. Çünki xaricdə bu sahədə təhsil almış tək-tük gəncimizin köhnə qvardiya iqtisadçılarla baş etməsi müşkül işdir.

* * *

Hər dəfə Nobeldən söz düşəndə yadıma bir xatirəm düşür. 1995-də içində millət vəkilləri və alimlər olan azərbaycanlı bir heyət İstanbulda səfərdəydi. Jurnalist vaxtlarımdı, onların səfəri haqda AzTV-yə reportaj hazırlamalı idim. Heyətdəki bir professor-deputat nə oturana yer verirdi, nə durana, heç nəyi bəyənmir, Turqut Özalın iqtisadi sıçrayış həmləsi ilə alay edirdi. Nə deyirdiksə köntöy və köndələn cavab verir, elmi ünvanına yaraşmayan cəfəngiyyat şeylər danışırdı.

Bosforda gəmi gəzintisinə çıxmışdılar. Onunla elm, inkişaf, modern texnologiyalar haqda qızğın mübahisəyə girişdim. Nəhayətində səbrim tükəndi, onu əks arqumentlərlə əməllicə “divara sıxışdırdım”. Tutarlı cavab verəmmədi, mövzunu dəyişib “Əşşi, nə türk-türk salıbsan e, dənizlərinə belə səhv ad qoyublar” dedi. Ağzı köpüklənənərək türklərin Mərmərə dənizinə “Marmara denizi” deməsini gülünc adlandırdı. Onun fikrincə, dənizin adı “Mərmər” kəlməsindən gəldiyi üçün türklər ona “Mərmərə” deməli imişlər məgərsə. Dəniz onların dənizidir dedim, istəsələr lap “Varvara” və ya “Qarqara” adlandırarlar.

Əziz Sabir Rüstəmxanlı girdi aramıza, məni kənara çəkib, gülərək: “Yetişməsəm, səni Marmaraya atacaqdı”,- dedi . Mən də Sabir Ağabəyin “yanlışını” düzəltdim:”Marmaraya yox, Mərmərəyə”…

İllər sonra eləməyib tənbəllik o tarixçı alimin doktorluq dissertasiyasının mövzusunu tapdım. Professor tarix elminə böyük “töhvə” vermişdi – “1920-30-cu illərdə Lənkəranda çəltik (düyü) əkinində Kommunist partiyasının rolu”.

* * *

Taler və Sansteynin kitabı artıq sadəcə Ağ Evdəki çalışma otaqlarının bir parçası deyil, bu gün həm də gənc alimlərin, marketoloq və iş adamlarının masaüstü kitabıdır. Trivial bir fikirdən – insan robot olmadığı üçün qərarı təkcə ölçüb-biçməklə deyil, həm də bir çox faktorun təsiri altında verir fikrindən ilhamlanaraq yaranan bu mükəmməl əsər son dövrün ən oxunan kitablarından biridir.

Və sonda Davranış İqisadiyyatı haqda fikirlərimi bu örnəklə tamamlayım — gənc bir qız Amerikanın məşhur “Craigslist” saytına belə bir elan verir – ‘’Nyu-Yorkda yaşayan 25 yaşlı çox gözəl bir qızam. İllik gəliri 250 000 dollar olan oğlanlardan bezmişəm. İldə 500 000 dollardan çox gəliri olan birilə evlənmək istəyirəm. Ətrafımdakı məndən çirkin qızlar varlı kişiləri hardan tapırlar?”.

Elana belə bir cavab gəlir– ‘’Mən sənin axtardığın kriteriyalara cavab verən, ildə yarım milyondan çox qazanan varlı bir kişiyəm. Hadisəyə maliyyə prizmasından baxarsaq sərvətim önümüzdəki illərdə daha da artacaq, mən daha zəngin olacam. Amma sənin sərvətin, yəni gözəlliyin zamanla dəyərini itirəcək, başqa sözlə yaşlandıqca qiymətin düşəcək. Belə olan halda mən səni satın almaq yerinə kirayələsəm, daha yaxşıdır’’…

* * *

İndiyə qədər itisadiyyat üzrə Nobel mükafatı alan alimlərin yarısı amerikalı alimlərdir. 2000-2013 illər arasında isə Nobelə istisnasız amerikalı iqtisadçılar layiq görülüblər. Onlardan üç nəfəri — Daniel Kahneman, Robert Shiller və Riçard Taler Davranış İqtisadiyyatı sahəsindəki cahanşümul araşdırmalarına görə Nobel alıblar. Biz isə hələ də çəltik sahəsindən çıxa bilmirik.

Nobel laureatları pul mükafatı olaraq 1 milyon dollar alırlar. Riçard Talerə bu pulu nə edəcəyini soruşanda gülərək “Çox ağılsızca xərcləyəcəm” deyə cavab vermişdi. Bu cavabında çox səmimi olduğuna inanıram.

İnsanların irrasional, qeyri-adi addımlarını araşdıran üstün zəkalı bir alimdir Riçard Taler…

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün