“2014-cü ilin ikinci yarısından gedən iqtisadi proseslər, neft ixracat edən ölkə kimi Azərbaycanın da iqtisadiyyatından yan keçmədi. Manatın məzənnəsinin ikiqat ucuzlaşması bank sektoruna da ciddi təsir göstərdi”.


Facemark.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən II bankçılıq formunda çıxışı zamanı Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışov deyib.


“Banklar kapitallarının 60%-ni itirdi. Bütünlükdə isə iqtisadi aktivliyin aşağı düşməsi, bankların maliyyə vəziyyətlərini iflic vəziyyətinə saldı”, - deyə İ.Alışov forumda çıxışı zamanı bildirib.


Baş icraçı direktor deyib ki, bütünlükdə 2016-cı ildə sistemdən kənarlaşdırılan bankların sayı 11 olub:


“Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən bankların xüsusi kapitallaşma proqramları hazırlanıb. Kapitallaşma proqramlarının hazırlanması və Palatanın nəzarəti nəticəsində 5 bank kapital çatışmazlığına görə sistemdən kənarlaşdırılıb.


Bunların içərisində ölkənin ən böyük banklarından biri olan “Bank Standard” da var idi”.


İbrahim Alışov vurğulayıb ki, təkcə “Bank Standard”ın qorunan əmanətçilərinə 438 milyon manat vəsait ödənilib.


O, həmçinin deyib ki, aparılan sərt sağlamlaşdırma tədbirləri çərçivəsində 6 sığorta şirkəti, 1 bank olmayan kredit təşkilatının da lisenziyası geri çağrılıb.