Azərbaycan Respublikası Prezidentinin razılığı ilə energetika naziri Pərviz Şahbazov 29-30 noyabr 2017-ci il tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərinə səfər edəcək.


Facemark.az-a Energetika nazirliyindən verilən məlumata görə, Pərviz Şahbazov Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin Vyanada keçiriləcək üçüncü iclasında Azərbaycanı təmsil edəcək.


Azərbaycan dünya neft bazarında tarazlığın və neftin qiymətinin artmasının təmin edilməsi məqsədilə aparılan məsləhətləşmələrdə ilk vaxtlardan yaxından iştirakını davam etdirməkdədir.


Belə ki, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Nazirlər Şurasının 30 noyabr 2017-ci il tarixində Vyanada keçiriləcək 173-cü iclası ərəfəsində Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih ilə Azərbaycanın energetika naziri Pərviz Şahbazov arasında telefon danışıqları olub və rəsmi Bakı bu prosesə ardıcıl dəstəyini bir daha nümayiş etdirib.


OPEC və qeyri-OPEC dövlətləri nazirlərinin üçüncü iclasında dünya neft bazarında hazırkı vəziyyətə dair OPEC-in təqdimatı, Birgə Monitorinq Komitəsinin hesabatının təhlili, kartelə daxil olmayan ölkələrin nümayəndələrinin öhdəliklərin icrası ilə bağlı çıxışları və neftin qiymət sabitliyinin dayanıqlı olması üçün yeni təkliflərin müzakirəsi nəzərdə tutulub.


Qeyd edək ki, Azərbaycan Vyana sazişi çərçivəsində üzərinə düşən öhdəlikləri tam yerinə yetirib.


Belə ki, ölkə üzrə gündəlik neft hasilatının 834 min barrel həcmində saxlanmasına dair razılaşma müqabilində 2017-ci ilin 10 ayı ərzində ölkəmizdə orta sutkalıq neft hasilatı 785 min barrel təşkil edib.


Dünya bazarında neftin qiymətinin sabitləşməsi üçün OPEC çərçivəsində irəli sürülmüş təşəbbüslərə ilk qoşulan ölkələrdən biri kimi Azərbaycanın bu mövqeyi, neftin dünya bazarında öz ədalətli qiymətini tapması istiqamətində aparılan proseslərə dəyərli töhfələri təşkilat tərəfindən dəfələrlə yüksək qiymətləndirilib.


Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub.


Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb.


25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünədək uzadılması barədə razılıq əldə olunub.