bazar ertəsi, 18 dekabr 2017

“Respublika Gənclər Debat Forumu: Payız 2017” layihəsi çərçivəsində fəaliyyət davam edir

57

1000-dən çox gənci əhatə edən “Respublika Gənclər Debat Forumu: Payız 2017” layihəsi çərçivəsində fəaliyyət davam edir.

Milli Debat Proqramının mətbuat xidmətindən Facemark.az-a verilən məlumata görə, Forum çərçivəsində keçirilən tədbirlərdə “Gənc sahibkarların inkişafında dövlət və özəl sektorun rolu” sahəsində mövzular müzakirə edilir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai birliyinin (DVC) birgə təşkilatçılığı ilə keçirilən forum Milli Debat Proqramı çərçivəsində keçirilir.

Bildiyimiz kimi, cənab Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının “gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi” məqsədlərinə uyğun olaraq, gənc debatçılar “Sahibkarlıq” mövzusunda araşdırmalar aparır, debatlar təşkil edilir. Eyni zamanda mövzu ətrafında gənclərimizə ekspert görüşləri təşkil olunub. Layihə regionlarda yaşayan gənclərin sosial aktivliyinin artırılmasına da xidmət edərək, regionlar arası gənclər mübadiləsi formatında həyata keçirilir.

Sentyabr ayından start götürmüş “Respublika Gənclər Debat Forumu: Payız 2017” layihəsi çərçivəsində oktyabr aylarında gənclərə debat təlimləri, həmçinin təlimçilər və hakimlər üçün təlimlər keçirilib. Təlimlər nəticəsində gənc debatçılar universitet daxili turnirlərdə iştirak edir, həmçinin debat hakimlik hüququnu qazanmış tələbələr turnirlərdə hakimlik edirlər. Qeyd etmək olar ki, Bakı şəhərinin ali təhsil müəssisələrində artıq daxili turnirlər başa çatmışdır və komandalar Bakı Gənclər Debat Forumuna hazırlaşırlar.

Bundan əlavə, “Respublika Gənclər Debat Forumu: Payız 2017” çərçivəsində regionlarda da debat fəaliyyəti davam edir. Gəncə, Şəki, Mingəçevir, Lənkəran, Sabirabad və İsmayıllı debat nümayəndəliklərində gənclərə debat təlimləri keçilmiş və Regional Debat Forumları təşkil olunmuşdur. Məlumat üçün bildirək ki, noyabr ayının sonuncu həftə sonu Regional Debat Forumları yekunlaşacaq.

Fəaliyyətini gənclərin inkişafına həsr edən Milli Debat Proqramı SABAH qruplarının tələbələrini də unutmayıb. Məlumat üçün bildirək ki, 16 noyabr tarixində “SABAH III Tələbə Debat Forumu” keçirilmiş, Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarını təmsil edən komanda qalib gəlmişdir. Qalim gəlmiş “Alpha” komandası SABAH qruplarını “Bakı Gənclər Debat Forumu: Payız 2017”də təmsil edəcək. Qeyd edək ki, 25-26 noyabr tarixlərində “Bakı Gənclər Debat Forumu: Payız 2017” layihəsinin baş tutması planlaşdırılır.

“Bakı Gənclər Debat Forumu: Payız 2017”nin və regional forumların qalib komandaları dekabr ayının ilk günlərində keçirilməsi nəzərdə tutulmuş “Respublika Gənclər Debat Forumu: Payız 2017” tədbirində debatlar aparacaqlar. Forumun bağlanış və mükafatlandırma mərasimi 2017-ci ildə Avropanın Gənclər Paytaxtı seçilmiş Balakən rayonunda baş tutması planlaşdırılıb.

Qeyd edək ki, “Respublika Gənclər Debat Forumu: Payız 2017” layihəsinin tərəfdaşları hər zaman ölkədə gənc sahibkarlığın inkişafında öz töhfələrini verən “Youth Inc.” Sahibkarlıq Proqramı və Debat metodologiyasının istifadə olunduğu “IDEA” təşkilatıdır.

Məlumat üçün bildirək ki, Respublika Gənclər Debat Forumu (bundan sonra – RGDF) 2010-cu ildən davamlı olaraq DVC tərəfindən “Milli Debat Proqramı” çərçivəsində həyata keçirilən ən genişmiqyaslı debat çempionatıdır.

RGDF keçirilməsinin məqsədi gənclər arasında natiqlik mədəniyyətinin inkişaf etdirilməsi vasitəsi ilə onların qərar vermə proseslərində, ictimai aktuallıq daşıyan məsələlərdə, dövlət gənclər siyasətinin həyata keçirilməsində iştirakının təmin etməkdir. RGDF vəzifələrinə gənc natiqlərin yetişdirilməsi, gənclərin ictimai həyatda iştirakının stimullaşdırılması, könüllü hərəkatının inkişafı, cəmiyyətin maarifləndirilməsi daxildir.

Qeyd edək ki, Milli Debat Proqramı DVC tərəfindən illərlə toplanmış təcrübəyə əsaslanaraq, debat metodologiyası vasitəsi ilə gənclərin və yeniyetmələrin fərdi inkişafına və maariflənməsinə yönələn ölkə səviyyəli proqramdır. Hazırda 11 Regional Debat Mərkəzi və paytaxtda 15 ali təhsil müəssisəndə Debat Klubları vasitəsi ilə respublikanın 45 rayonunu və bütün böyük şəhərlərini əhatə edir. Bildirmək istərdik ki, Milli Debat Proqramı gənclərin maarifləndirilməsi və dövlətin strateji sahələrinin inkişafına dəstək verilməsi istiqamətində fəaliyyətinin 20 illiyini qeyd etməyə hazırlaşır.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün