Facemark.az-ın PR, Marketinq mütəxəssisi, blogger İlham Ali Yusif ilə olan müsahibəsi:


- İlham bəy, zəhmət olmasa özünüz barəsində oxucularımıza danışardınız.


Azərbaycan Dövlət İqtisad Universitetində turizm ixtisası üzrə təhsil almışam. Məzun olduğumdan geridə qalan 9 il ərzində isə təhsil menecmenti və marketinq sahəsində çalışıram. Hazırda “British Council” təşkilatında layihə meneceri vəzifəsində işləyirəm. Paralel olaraq 3 ildən artıqdır ki, fəaliyyət sahələrimə aid olan mövzulardan yazıram, danışıram. PR və biznes prosesləri üzrə konsaltinq kimi fəaliyyət göstərirəm.


- İlham bəy, sözsüz ki, zaman dəyişdikdə, insanların həyat tərzləri, vərdişləri də buna uyğun olaraq dəyişir. Məsələn, əvvəl vaxtlarının çox hissəsini kitabxanalarda keçirən sovet insanlarının yerini bu gün aktiv sosial şəbəkə istifadəçiləri tutub. Çox maraqlıdır, əgər bir gün sosial şəbəkələr həyatımızdan çıxsa nə baş verər? Bu dəfə insanların vərdişləri hansı istiqamətdə dəyişə bilər?


Bilirsiniz, mən vaxtın səmərəli idarəedilməsindən çox danışıram, yazıram. Deyim ki, bu şəxsən mənim üçün də ciddi problemdir. Təbii ki, buna səbəb həm də sosial şəbəkələrdir. Ancaq nə qədər təzadlı olsa da, bu o demək deyil ki, sabah sosial şəbəkələr olmasa, biz vaxtımızı dərhal səmərəli idarə edə biləcəyik. Məncə, bunun fəsadları çox böyük ola bilər. Bura komfortlu yerdir. Xüsusən də, burada mənim kimi öz brendini quran, bloqerliklə məşğul olan insanlar üçün. Yəqin ki, bəzi insanlar üçün çox az nə isə dəyişəcək. Məsələn, mənim tanıdığım şəxslər var ki, 2-3 il bundan öncə çox aktiv “Facebook” istifadəçiləri idi. İndi yenə qayıdıblar köhnə həyatlarına. Bəzən günlərlə aktivliklikləri olmur. Konkret vərdişlərə gəldikdə inanmıram ki, qəzet və kitab oxumaq kimi köhnə vərdişlər geri qayıdacaq. Güman ki, insanlar yeni texnoloji vərdişlərə yiyələnəcəklər.



- PR, marketinq, bloqçuluq sektorunun inkişafı üzrə 2018-ci il proqnozunuz necədir?


Əgər Azərbaycan üzrə soruşursunuzsa cavabım, müsbət olacaq. Son illər Azərbaycanda artıq konseptual mağazalar, restoran və kafelər açılır. Brendlər öz sosial media şəbəkələrinə ümumilikdə bir neçə milyon pul yatırırlar. Rəqabət güclüdür. Bu da inkişafa gətirib çıxarır. Bloqçuluq təbii ki, daha çox video məzmun üzərində inkişaf edəcəkdir. İnsanlar yazıları oxumaqda həvəssizdirlər. 2-3 il bundan öncə bizdə mətn yazan bloggerlər xeyli artmışdı. Ancaq video bloggerlik bu sahədə çalışanların planlarını pozdu.


- Video bloqlarınızın birində iradədən bəhs etmisiniz? Sizcə, insan iradəsini hansı istiqamətlərə yönəltsə, faydalı olar?


Videoda qeyd etdiyim kimi insan öz iradəsini gərək hər məqamda ortaya qoyub ömrünü stress və gərginlik altında yaşamasın. Əgər məqsədimiz arıqlamaqdırsa və evə hər dəfə gedəndə təndir çörəyi alırıq ki, – mən onsuzda yeməyəcəyəm, axı iradəliyəm – bu özünü aldatmaqdır. Əgər nələrəsə daxili nəzarətimiz varsa, onu iradəmizi gücə salmadan tənzimləsək daha yaxşı olar. Odur ki, insan iradəsini gərək özünün nəzarətində olmayan kənar faktorlara yönəltsin. Bilirik ki, iradə sadəcə fiziki göstəricilərlə bağlı deyil, mənəvi baxımdan da iradəli olmaq çox vacibdir. Xüsusən də yaşadığımız dövrdə. İnsanın fikrini yayındıran, onu özündən çıxardan insanlar çoxdur. Bəzən doğru bildiyin məsələlərdə də gərək sonadək iradəli və dözümlü olasan.


- Sözsüz ki, bazarda bir neçə iri mətbuat orqanları var ki, onların insanlara təsir etmək bacarıqları çox asandır. Bəs, bloggerlər necə? Bu günə qədər hansı azərbaycanlı bloggerin fikri ictimai müzakirəyə səbəb olub?


Bilirsiz bloqerlik elə sehirli bir söz deyil. İndi faktiki sosial şəbəkələr vasitəsilə hamımız bloqerik. Elə şəxs ola bilər ki, onun qabartdığı sosial problemlər yüzlərlə insan tərəfindən paylaşıla və geniş müzakirələrə səbəb ola bilər. Ancaq ümumi götürsək əlbəttə ki, kütləvi informasiya vasitələri ilə müqayisədə bloqerlərin təsiri nisbətən azdır. Mənim fikrimcə, çünki bloqerlərin çoxu ya bu işi davamlı görmürlər, ya konkret konsept əsasında bunu etmirlər, ya da fayda verməkdən çox tez pul qazanmaq üçün reklama üstünlük verirlər. Ancaq bloqerlərin etdiyi reklamın uzunmüddətli effektivliyini müzakirə edən azdır. Çox yaxşı haldır ki, Azərbaycanda insanlara təsir etmə qabiliyyətli insanlar və bloggerlər üçün “Keepface” platforması yaradılıb. İnanıram ki, bu platforma dediyim bu məsələlərin müsbət həllində böyük rol oynayacaq. Bloggerlər həqiqətən insanların həyata çox müsbət dəyişikliklər gətirə bilərlər. Bu şəxslər öz sahələri üzrə geniş məlumatlıdırlar. Sualınızın ikinci hissəsinə gəldikdə düşünürəm ki, Dj Turalın qaldırdığı mövzular tez-tez ictimai müzakirələrə səbəb olur. Avtomobil mövzusu çoxumuza yaxındır.



- Bilirsiniz ki, hazırda iri şirkətlərdə çalışmaq üçün əsas nüanslardan biri də ingilis dilidir. Düzdür, artıq azərbaycanlıların belə deyirlər ki, yarısı bu dili bilir. Amma yenə də küçədə əlində ingilis dilindən çalışma kitabları tutan insanları görürük? Niyə, gənclərə bir dili öyrənmək bu qədər çətindir?


İri şirkətlərlə yanaşı, kiçik və orta şirkətlərdə də ingilis dilini bilmək üstünlükdür. Əslində, Azərbaycanda İngilis dili bilmə faizi çox aşağıdır. 50% çox-çox optimistdir. Heç gənclərin arasında belə deyil. Bizim ola bilər ki, ətrafımız bilir, ancaq real göstəricilər çox acınacaqlıdır. Maraqlıdır ki, indiki dövrdə hətta əcnəbi dil kimi rus dilini bilənlərin də sayı azalır. Bunun başlıca səbəbi məqsədsizliklə bağlıdır. Bəhanə edirik ki, iş var məgər, dil öyrənib neynəyəcəm ki. İnanın bu insanın özünə etdiyi ən böyük pisliklərdən biridir. Elə bir qloballaşmış mühitə gəlmişik ki, hansısa bir sahəni ingilis dilində bilib evimizdən pul qazanmaq imkanımız var. Əlində mobil telefonu olan, kompüteri olan şəxs günə 2 saat vaxt ayırsa, cəmi 4-5 aya bu dili super öyrənə bilər. Ucuz qiymətə, bəzən pulsuz canlı çatlar var, milyonlarla videolar var, testlər, asandan çətinə mətnlər. Hər bir sahəyə aid pulsuz dil öyrənmə vəsaitləri. Baxmayaraq ki, mən uzun müddət təhsil xidməti kimi ingilis dili kurslarının da satışını həyata keçirmişəm, ancaq məncə indi kursa getmədən belə bu dili mükəmməl öyrənmək olar.


- Bəzi çıxışlarınızda özünüzü təhsil eksperti, blogger kimi təqdim edirsiniz. Amma sosial şəbəkə də PR və marketinq sektoru üzrə bacarıqlarınızın olduğunu yazmışsınız. Marketinqlə əlaqəli sualım isə belə olacaq. Şirkətlərin uğurlu marketinq kampaniyası həyata keçirə bilməməsinə sizə, bəzi menecerlərin konservativ mövqedə olması məsələsi dayanmırmı?


Bəli, dediyim kimi təhsil marketinqi, PR-ı ilə məşğul olmağım məndə PR və marketinqə böyük həvəs yaratdı və 5 ildən artıqdır ki, bu sahələr üzrə ixtisaslaşıram. Azərbaycanda uğurlu kampaniyalar keçirən bir çox şirkətlər var. Satışların artmasına, brendə olan sevgi və hörmətin artmasına nail olmuş xeyli kampaniyalar görmüşük. İndi ola bilər ki, hansısa şirkətin rəhbərliyi marketinqi elə vacib görmür. Düşünürlər ki, iş gedir, tanıyan-tanıyır, reklam əlavə xərcdir. Bəlkə də bizim reallıqlarda öz həqiqətləri var. Amma indi doğurdan da hər gün təzə nə isə çıxır. Çevik olmaq lazımdır. 1 ay qabaq effektiv olan alət belə bu gün işə yaramaya bilər. Ona görə də, çox mühafizəkar olmaq və özünü çox ağıllı saymaq ziyana uğramağa səbəb ola bilər. Bizdə elə şirkətlər oldu ki, sosial şəbəkələrin vacibliyini qlobal brendlər başa düşüb tətbiq edəndən 5-6 il sonra başa düşdülər. Görün digər innovasiyalarda bu brendlər həm öz şirkətlərini, həm biz müştəriləri necə geri salırlar. Kampaniya edirlər və sərt-sərt şərt qoyurlar ki, kampaniya müddətində alınan mallar geri qayıtmır. Hansı məntiqlə?


- Hansı əcnəbi bloggerləri izləməyi oxucularımıza tövsiyə edərdiniz? Hansı əcnəbi bloggerin fəaliyyətini faydalı hesab edirsiniz?


Çox çətin sualdır. Xarici məqalələri daha çox “LinkedIn”dən izləyirəm. İT və sahibkarlığa aid yazıları e-mailə abunə ilə alıram. 99%-ni oxumağa vaxt olmur. Özümə virtual “Virgin” brendini qurucusu Riçard Bransonu mentor kimi seçmişəm. Onun fikirlərini, video və yazılarını izləyirəm. Necə ki, bizdə indi 100-lərlə blogger var, dünyada artıq 10 minlərlə blogger mövcuddur. Deyim ki, aşağı-yuxarı hamımız eyni fikirləri paylaşırıq. Personal MBA (Fərdi MBA) kitabını oxuyurdum bu günlərdə. Demək olar ki, orada yazılanların çoxsunu bizdə yerli bloggerlərimiz də yazır, dostlarla danışırıq. Bəzən xarici ədəbiyyat olanda şişirdirik. Bəli, bəzi innovativ məsələlər var ki, beynəlxalq ekspertdən bunu eşitmək effektiv olur. Ona görə də, mən gənclərə məsləhət görərdim ki, araşdırma qabiliyyətlərini ortaya qoyub öz maraq dairələrinə uyğun şəxsləri tapıb izləsinlər. Bu baxımdan “LinkedIn” platforması çox rahatdır.


- Tez-tez ölkəmizdə PR, marketinq və s. sahələr üzrə konfranslar təşkil edilir? Sizcə, bizim bazarda çatışmayan nüanslar hansılardır? Təşkilatçıların zəifliyi, yoxsa istehlakçıların bu sektora sərmayə yatırıb nəsə öyənmək istəməməsi? Bilirsiniz ki, təklif tələbatı yaradır.



Mən deməzdim tez-tez. Çox az keçirilir bizdə belə tədbirlər. Bu il may ayında Belqradda bir təlimdə iştirak edirdim. Biz olan hoteldə 3 gün paralel müxtəlif forum və konfranslar keçirildi. İT, layihələrin idarə edilməsi, maliyyə sahəsinə aid. Bəziləri yerli, bəziləri beynəlxalq. Təşkilatçılıqdan super heç nə gözləmirəm. Onlar milyon qazanmırlar bu işlərdən. İmkanları çərçivəsində işləri təşkil edirlər. Pərdəarxası çox problemləri bilirik. Düşünürəm ki, bu məsələdə böyük şirkətlər passivdirlər. Gərək sponsor olsunlar, dəstək olsunlar. Bəzən belə təbdirlərə biletin baha olmasını qeyd edənlər var. Ola bilər ki, tələbə üçün böyük məbləğdir. Ancaq ayda 1000 manat alan insan üçün ildə 4 foruma gedib 100 manat xərcləməsi axı böyük məbləğ deyil. Bu illik gəlirlərin 1 %-dən də azdır. İstənilən belə bir tədbir hətta bildiyin mövzularda belə əminlik yaradır, yeni biznes əlaqələri qurmağa imkan verir, insana böyük işlər görmək üçün pozitiv enerji bəxş edir.


- Bu gün bütün dünyada olduğu kimi, azərbaycan gənclərinin də problemlərindən biri məşğulluqla bağlıdır. Sizcə, gənclərimiz hansı bacarıqlarını inkişaf etdirməlidirlər ki, hazırki əmək bazarı üçün faydalı ola bilsinlər?


Söhbət konkret olaraq bacarıqlardan gedirsə Top 5-likdə birincisi təqdimat, ikincisi ünsiyyət, üçüncüsü yaradıcı düşünmək, dördüncüsü tənqidi təfəkkür və beşincisi araşdırmaq, tədqiqat bacarıqlarını demək olar. Bu beşlik dəyişə bilər. İnanın ki, gənclərlə ünsiyyətdə bu problemləri tez-tez müşahidə edirik. Hətta xarici universitetdə oxuyub gələn insan bəzən hansısa bir məlumatı axtarıb tapmaqda çətinlik çəkir, özünü təqdim etməyi bacarmır. Biliklərlə yanaşı, bu və digər bacarıqlara sahib olmaq çox vacibdir. Xüsusən də, indiki rəqabət mühitində.


- İnsanlar özlərini brendləşdirməyə necə nail ola bilərlər?


Çoxu düşünür ki, “Instagram” səhifəm də 100 000 izləyici varsa, mən artıq brend oluram. Ancaq məşhurluqla brend olmaq arasında təbii ki, fərq çoxdur. Bizdə yaxşı bir məsəl var, “ala itdən məşhur olmaq”. Bizi hətta milyonlarla insan tanıya bilər, ancaq brendləşmək insanın həyat dəyərləri, məqsədləri, missiyası ilə bağlı məsələdir. Bu gün baxın istər ciddi, istərsə də qeyri-ciddi mövzuların şərhlərində nə qədər aqressiya var. Çünki kütləvi izləyicisi olan insanlar düşünmədən nə gəldi yazır, paylaşırlar. Tək bizdə yox, dünyanın hər yerində. Sosial media brendin sadəcə kommunikasiyası üçün bir platformadır. Bu gün əgər uğurlu biznesmen və ya menecer öz bildiyi və məsləhət gördüyü məsələləri paylaşırsa, yaxud da həmişə dəblə geyinən xanım dəbə aid bildiklərini bölüşürsə və ən əsası danışdıqlarında stabillik, dürüstlük, auditoriyaya hörmət varsa bu uğurlu brendləşmədir. Hətta elə insanlar var ki, onlar heç sosial şəbəkələrdə aktiv deyillər. Ancaq öz dairələrində, mühitlərində kifayət qədər öz brendlərini formalaşdıra biliblər.



- Bazardakı iri şirkətlərin sosial mediada aktivliyini necə qiymələndirirsiniz? Çox zaman bir çox şirkətlərin “Facebook” səhifələri o qədər də əhəmiyyəti olmayan bayram postları ilə bəzədilir. Sizcə, nə üçün onlar sosial şəbəkə istifadəçilərinə fərqli kontent təklif edə bilmirlər?


Açıq deyim ki, onları mən də hamı kimi üzdən izləyirəm. Sadəcə bəzi səhifələr üçün mətnlərin yazılması ilə məşğul olduğumdan arada girib əlaqədar səhifələrə baxıram. Xanımların bir çoxu etiraf edir ki, onlar zövqlə geyinib-keçinməyi heç də bəylər üçün deyil, digər xanımlar üçün edirlər. Düşünürəm ki, sosial şəbəkələrdə şirkətlər gərək bu prizmadan işlərinə yanaşmasınlar. Marketoloq marketoloq üçün deyil, onun səhifəsini izləyənlər üçün məzmun yaratmalıdır. Güman ki, fərqli məzmun təqdim edə bilməmək səbəblərindən də biri bu ola bilər. Kimin Yeni il posterində yolka oyuncağı böyükdür yox, kimin mesajı səmimidir, brendin məqsədlərinə və dəyərlərinə uyğun gəlir, müştərinin ürəyinə yağ kimi yayılı məsələləri daha vacibdir. Məzmun yaratmaq olduqca çətin məsələdir. Mən gənclərimizin SMM sahəsində çalışmasına çox sevinirəm. Amma hədəf qrupu 40 yaşlı insanlar olan bir brend üçün sosial mediada məzmunu 20 yaşında insan yazanda təbii ki, həmin gəncin bilmədiyi bir çox məsələlər olacaq. Ümumi götürəndə gözəl işlər görülür və inanıram ki, müsbətə doğru çoxlu dəyişiklikləri tezliklə görə biləcəyik.


Müsahibəni hazırladı: Ülviyyə Əlizadə