bazar ertəsi, 18 dekabr 2017

Rektorun köməkçisi: Marketoloqun əlində sehirli çubuq yoxdur

796

Facemark.az-ın marketinq mütəxəssisi, məruzəçi, İqtisad Universitetində (UNEC) rektorun köməkçisi Ramil Cabbarov ilə olan müsahibəsi:

- Yadımdadır, 5-6 il bundan əvvəl insanlara PR, marketinq dedikdə bu anlayışlar onlara yad terminlər kimi gəlirdi. Eləcə də, bu anlayışların mahiyyəti haqqında heç bir informasiyaya malik deyildilər. Zəhmət olmasa, bazarın hazırkı durumu haqqında danışardınız. Keçən illər ərzində nələr dəyişib?

Tam doğru qeyd edildi ki, çox yaxın keçmişdə marketinqin mahiyyəti və funksiyaları Azərbaycan bazarında hələ tam aydın olmadığı halda qısa zaman kəsiyində sürətlə populyarlaşa, şirkətlər tərəfindən qəbul edilməyə başladı. Dünya təcrübəsini və qlobal baxış nöqteyi nəzərindən ölkədəki marketinqin inkişafının bir qədər az sürətli olduğunu deyə bilərəm. Marketinq nəzərindən Azərbaycan bazarı qətiyyən çətin deyildir. Buna daha çox mürəkkəb və araşdırma tələb edən bazar adı vermək olar. Azərbaycan istehlakçılarının davranışları, marka sadiqlikləri, trendlərə meyilləri, qiymət siyasətinə münasibətləri, ən əsası isə şirkətlərdən, daha dəqiq məhsul və xidmətlərdən gözləntiləri ciddi şəkildə araşdırmaya və detalları üzə çıxarmağa ehtiyac vardır. Keçən illər ərzində müştərilərin davranışları dinamik dəyişmiş, satınalma davranışlarımıza təsir edən amillərə yeniliklər əlavə olmuş, marketinq taktikalarında milli modeller yaradılmışdır. Qısaca ifadə etsək, Azərbaycanın marketinq bazarında nikbin nəticələr görməkdəyik.

- Marketinqin əhəmiyyətini başa düşdükdən sonra, şirkətlər marketinq mütəxəssislərinin axtarışına başladılar. Şirkətlər üçün marketinq mütəxəssisləri bir növ satışları artıran “sehrbaz” olmalı idi? Sizcə, şirkətlərin marketinq kadrından belə tələb gözləməsi nə dərəcədə düzgündür?

İş adamları ilə danışıq zamanı hər zaman vurğuladığım məqamdır: Marketoloq supermen deyildir və bizim əlimizdə sehirli çubuq yoxdur. Marketinq şirkətin satışlarını stimullaşdıran istiqamətdir. Marketinqin “wow” nəticəsi üçün sehir çubuğuna deyil, komanda işi, müştəri dəyəri, qiymət, kreativlik, innovasiya və sahibkarın baxışı kimi faktorlar müsbət həll edilməlidir. Marketinq kadrı daha çox araşdırmalı, fantaziyasına deyil, elmi əsaslara söykənən tədqiqatlara görə addımlar, təşəbbüslər ortaya qoymalıdır. Marketinq kadrı birmənalı olaraq sahibkarın baxışı ilə özünü məhdudlaşdırmamalıdır.

-Son bir neçə gün bundan öncə yerli markalardan biri bazara yeni reklam çarxı təqdim etmişdi. Düzdür, reklam çarxı emosional motivlər üstündə qurulmuşdu. Amma yenə də aktyorlardan birində sanki sünilik hiss olunurdu? Sizcə, belə nüansların yaramasına səbəb nədir? Nəzərə alsaq ki, 70-80-ci illərdə çəkilən bir çox kinoların qəhrəmanlarının frazaları bu gün də insanlar tərəfindən tez-tez istifadə edilir.

Səmimi etiraf edək ki, reklam bazarında hələ ki istədiyimiz yeri tapa bilmirik. İzləyicilərin gözləntiləri, məhsula baxışı, emosional yetərlilikləri diqqətə alınmaqla araşdırılmalıdır. Reklamlarda məşhurların çəkilməsi həm riskli, həm də aktuallığını itirməkdə olan taktikalardandır. Bir məşhur 4-5 fərqli markanın reklam çarxında çəkilməsi müştəri zehnində marka-fenomen asossasiyasını pozmuş olur. Səsləndirmə, musiqi seçimi, mətn, aktyorluq, çəkiliş effektləri və avadanlıqları çox incə, səhvi bağışlamayacaq qədər sərt faktorlardır. Aktyor seçimində uğur amili hesab edirəm ki, fox qrupların yaradılması, efirə çıxmazdan öncə ciddi dəyərləndirmələrdən keçirilməlidir. Bazardan əks reaksiyanın fəsadları daha ağır olur, nəinki çəkilmiş reklamın foks qrupdan geri dönməsi.

- Şirkət reklam çarxı hazırlayarkən aktyor, reklam agentliyi, istehsalçı seçimini necə etməlidir?

- Aktyorlar işinin peşəkarı olmalı, özünü gündəlik həyatdakı kimi səmimi olmalıdır. Təbii ki, aktyora verilən ssenari mətni də səmimi olmalıdır. Reklam agentliyi çoxsaylı testlər etməli, ən doğrusunu tapana kimi təkrarlamalıdır.

- Ramil bəy, bir müddət mətbuatda çalışmısınız. Mətbuatdan marketinq sektoruna keçid etmək hansı ehtiyacdan yarandı?

Mətbuatda “Business Times” qəzetində və Lider TV də çalışmışam. Amma ondan öncə marketinqdə idim. Mətbuatda da marketinq işi görmüşəm.

- Avtomobil, səhiyyə, qida, təhsil və s. sahələr üzrə marketoloq təcrübəniz var. Bu təcrübənizə dayanaraq belə bir sual ünvanlamaq istəyirəm sizə. Azərbaycanda hansı sektorun (avtomobil, bank, sığorta, qida və s.) marketinqini daha perspektivli hesab edirsiniz? Və ya hansı sektorun marketinqi bu gün demək olar ki yoxdur.

- Hər bir sektorun özünəməxsus incəlikləri, çətinlikləri, uğurları var. Hər birinin perspektiv imkanları mövcuddur. Qida sektoru dinamikası, avtomobil sektoru müştəri yanaşmaları, səhiyyə sektoru dəyişkən yanaşmaları ilə maraqlıdır.

- Dövlət İqtisad Universitetində (UNEC) marketinq mütəxəssisi çalışmısınız və hazırda rektorun köməkçisi, həm də müəllimsiniz. Sizcə, bu gün dərs dediyiniz auditoriyada neçə nəfər sırf marketoloq kimi yetişəcək. Ümumiyyətlə, marketoloq peşəsinə yiyələnmək üçün insanda hansı bacarıqlar olmalıdır?

Həm marketinq ixtisası, həm də qeyri-ixtisas qruplarında tədris etdiyim marketinqi fənnini maksimum sevdirməyə çalışıram. Çünki, bilirəm ki, iş dünyasında, şirkətlərdə müzakirə mövzusu əsasən elə marketinqlə bağlıdır. Tələbələrimin fənni bitirdək sonra da mənimlə mütəmadi əlaqədə olması, informasiya almasına əsasən deyə bilərəm ki, bazara keyfiyyətli, araşdırma və yenilikçi ruhlu gənc marketoloqlar daxil olmaqdadır.

- Zəhmət olmasa, Azərbaycanın marketinq bazarını xarici bazar ilə müqayisə edərdiniz?

- Hər bir bazarın özünəməxsusluğu vardır. Azərbaycan bazarında markalaşma çətinliyi vardır. Marka dəyəri yaratmaq olduqca çətindir. Xarici bazarda isə əsasən marka quruculuğuna və müştəri loyallığına fokuslanılır. Milli bazarda qiymət öncəlik daşıyır, xaricdə isə marka və məhsul amili. Bu məqamları həddən çox yazmaq olar.

- Məzun olan tələbələrinizin məşğulluq problemləri ilə maraqlanırsınızmı? Bu gün onlar iş axtarışı prosesində hansı çətinliklər ilə üzləşirlər?

Əlbəttə, tələbələrimlə danışıb söhbət edirik. Əsas çətinlikləri sahibkarların onlara satış təmsilçisi kimi yanaşmasıdır. Onların yaradıcılıqlarını büdcə imkanları ilə məhdudlaşdırırlar.

- Hazırda marketinq ixtisası üzrə təhsil alan tələbələrin hansı dərsliklər əsas stolüstü kitablarıdır?

Filip KotlerJack Trout populyarlıq təşkil edir.

- Bazardakı yerli, məşhur marketoloqların dərsliklərini necə qiymətləndirirsiniz?

Əlbəttə ki, bu müsbət amildir. Azərbaycan dilində ədəbiyyat olması mütləqdir. Amma sektorun sürətli dəyişkənliyi, hətta 6 ay öncə çıxmış kitabı bir anda aktual olmayan resurs edir. Blog yazıların çoxalmasını alqışlayıram.

- Bu gün UNEC-in təhsil sistemi ilə bağlı insanlarda yaranmış fikirləri necə dağıda bildiniz? Hazırda UNEC-in təhsil müəssisələri arasında imicini necə qiymətləndirirsiniz?

Prosesin əsas təkanverici qüvvəsi komanda işi, dəyişmə istək və tələbələrin gücü oldu. Bu üç məqam köklü dəyişikliyi yaratdı. Əgər dəyişim istənilirsə, heyətdə açıq düşüncə, innovasiyaya meyillilik, tələbəyönümlülük varsa, uğurlar silsiləsi davam edir. UNEC imici durmadan yüksəlir.

- Tez-tez şahidi oluram ki, istər əcnəbi, istərsə də yerli şirkətlərin hazırladıqları kampaniya, reklam çarxlarına daha tez reaksiya verirsiniz. Bu isə o deməkdir ki, bazarda olan iri şirkətlərin marketinq strategiyalarını yaxından izləyirsiniz. Sizcə, ümumi mənzərə necədir?

İşimizin açar nöqtəsi gündəmi izləməkdir. Uğurlu işlərə mövqe bildirməklə, həm dəstək, həm də nümunə göstərmiş oluruq. Ümumi mənzərə ondan ibarətdir ki, şirkətlər ciddi formada neyromarketinqə diqqət ayırırlar, elmi tədqiqatlar edirlər, istehlakçı davranışını anlamağa çalışırlar. Qısaca, hazırda istehlakçı beyni üzərində ciddi tədqiqatlar gedir.

- Qarşıdan 2018-ci il gəlir. Şirkətlərə, marketinq mütəxəssislərinə nə demək istəyirsiniz?

- Məncə, yeni trendləri yaratmağın, milli markalarda dəyər yaratmağın, “Made in Azerbaijan” haqqında təşəbbüslər ortaya çıxarmağın, Araşdırma və təkmilləşməyə (R&D) daha çox vaxt sərf etməyin zamanıdır. Marketoloqlar arasında keys paylaşımı platformasına ciddi ehtiyac vardır.

Müsahibəni hazırladı: Ülviyyə Əlizadə

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün